Zaqatalalı dindarlar Mustafa Kazımov, Abakır Qazıyev və Allahyar Yusubov 05.10.2010 Kəbiran Dilavərli "Zaqatalada
uzun saqqallı dindarlara qarşı təzyiqlər artıb, polis bizi harada
görürsə, tutub şöbəyə aparır, təzyiqlərə məruz qoyur, saqqalımızı
qırxırlar”.
Bunu AzadlıqRadiosuna Zaqatala rayonunun Yuxarı Tala
kənd sakini Allahyar Yusubov deyir. O bildirir ki, saqqalına görə
sonuncu dəfə onu sentyabrın 28-də rayon polis şöbəsinə aparıb işgəncə
veriblər:
DEYİRLƏR NİYƏ SAQQAL SAXLAYIRSAN?
"Məni
əvvəllər də polisə aparıb döyüb-söyüblər. Sentyabrın 28-də məni yenə
rayon polis şöbəsinə apardılar. Dedim getmirəm, mən cinayətkaram, nəyəm
ki, şöbəyə aparırsız? Zorla maşına basıb apardılar. Paltarımı
cırdılar, döydülər, aşağı tərəflərdən zərbələr, ürək nahiyəmdən
yumruqlar vururdular.
Elə oldu ki, özümü saxlaya bilmədim,
yıxıldım. Polisin müavini gəlib ayaqqabısını üzümə sürtürdü. Deyirlər,
niyə saqqal saxlayırsan? Cavab verirəm ki, bu mənim hüququmdur, rəis
deyir ki, burada olmaz. Su istəyirdim, vermirdilər.
Soruşuram
ki, bütün bunlar nəyə görədir, deyirlər niyə saqqal saxlayırsan? Rəis
deyir Zaqatalada saqqal saxlamaq olmaz. Sonra da məni sürüyə-sürüyə
prokurorluğa apardılar. Prokuror deyəndən sonra buraxdılar...”.
Allahyar Yusubov deyir ki, saqqal məsələsinə görə şəxsiyyət vəsiqəsi də ala bilmir.
Allahyar Yusubov Zaqatalanın
başqa bir sakini Abakır Qazıyev isə deyir ki, sonuncu dəfə saqqal
qırxma əməliyyatından sonra rayonu tərk etməli olub. Üç ildir ki, evinə,
ailəsinin yanına 3 aydan bir, 5 aydan bir gizli
gedir:
SAQQALIMI QIRXANDAN SONRA DEDİLƏR Kİ, GÖRÜRSƏN NƏ QƏŞƏNG OĞLAN OLDUN...
"Məni
də dəfələrlə polis şöbəsində döyüb təhqir eləyib saqqalımı qırxandan
sonra buraxıblar. Saqqalımı qırxandan sonra da deyirlər ki, görürsən nə
qəşəng oğlan oldun. Axırıncı dəfə saqqalımı zorla qırxdılar. Qoymaq
istəmirdim. Üç nəfər qollarımı arxaya burub qandalladılar, ayaqyoluna
aparıb saqqalımı orada qırxdılar. Bizə deyirlər siz dövlətə qarşı
çıxırsız. Biz də deyirik sübutlarınız varsa, göstərin”.
Rayonun başqa bir sakini Mustafa Kazımov təzyiqlərə görə Zaqatalaya az-az getdiyini deyir:
"Bizə
ad qoyurlar, vəhhabi deyirlər. Biz küçəyə çıxa bilmirik. Demokratiya,
müstəqillikdirsə, biz niyə görə qorxa-qorxa gəzməliyik?”.
Zaqataladan olan dindarlar deyirlər ki, başlarına gələnlərlə bağlı ombudsmana, Prezident
Administrasiyasına və başqa dövlət qurumlarına şikayət etsələr də, şikayətlərinə cavab verilmir.
POLİS RƏİSİ VƏ MÜAVİNİ YERİNDƏ YOXDUR
Mustafa Kazımov və Abakır Qazıyev Deyilənlərlə
bağlı Zaqatala rayonun polis rəisi Faiq Şabanovla, onun müavini
Kamandar Həsənovla əlaqə saxlamaq istədik. Hər dəfə növbətçi hissədən
zənglərimizə cavab verəndə dedilər ki, nə polis rəisi, nə də onun
müavini yerində yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə deyir ki, polis istənilən
bölgədə uzun saqqallı, qısa şalvarlı adamları gördükdə ən azından
qanunsuz, radikal dini cərəyanların nümayəndələri olub-olmamasını
aydınlaşdırmaq üçün onları profilaktik söhbətə dəvət edə bilər:
PROFİLAKTİK SÖHBƏT
"Bu
da polisin vəzifə borclarından biridir ki, bu kimdir, uzun saqqal, qısa
şalvarla gəzir. Onların nə işlə məşğul olmaları, şəxsiyyətini
müəyyənləşdirmək, həmin o cərəyanlara mənsub olub-olmamasını
aydınlaşdırmaq üçün şöbəyə dəvət edə bilərlər. Rəis müavini Kamandar
Həsənov həmin şəxslə profilaktik söhbət apardığını etiraf edir.
Saqqalının qırxılması, işgəncə verilməsi haqqında dedikləri isə
həqiqətdən uzaq iddialardır”.
BELƏ DAVRANIŞ DİNDARLARI RADİKALLAŞDIRA BİLƏR
Din
eksperti Elşad Miri isə deyir ki, bu davranış dindarların hüquqlarının,
azadlıqlarının pozulmasıdır. Belə davranış onları radikallaşdıra bilər:
Elşad Miri "Çünki
insanın özünün etiqad elədiyi hər hansı bir məsələyə bu cür yanaşıldığı
zaman həmin adam qarşısındakına adekvat cavab verməyə çalışır. Bu, eyni
zamanda insan haqlarına qarşı təcavüzdür. Çünki bu, qanunlara ziddir.
Azərbaycanda dini etiqad
azadlığı haqqında qanun var. O qanunda belə bir şey göstərilməyib. Belə
bir məsələdə dindarlar bürokratik əngəllər törədən şəxsləri məhkəməyə
versələr, müsbət nəticə ala bilərlər”.
Azərbaycanda dini azadlıqların pozulması beynəlxalq təşkilatların da hesabatlarında yer alır.
ABŞ
Dövlət Departamentinin Azərbaycanda dini azadlıqlar haqda illik
hesabatlarında da göstərilir ki, din azadlığının məhdudlaşması mülkiyyət
mübahisələrində, saqqal və baş örtüyü, bəzi yerlərdə azan səsinə
qoyulan qadağalarda özünü göstərir. Dövlət Departamenti bildirir ki,
hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də,
qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.
|