"Türkiyə Deyanet İşləri Vaqfi” tərəfindən 1993-cü
ildən tikilən "Şəhidlər məscidi” yaxın günlərdə açılacaq. Bu barədə şad
xəbər bu gün redaksiyamıza etibarlı mənbədən daxil olub. Beləcə, bir
müddət öncə Bakıda ibadət evlərinin üzərində dolaşan "qara buludlar”
deyəsən tədricən çəkilməyə başlayıb. Lakin
mənbə məscidin müəyyən məhdudiyyətlər çərçivəsində fəaliyyət
göstərəcəyini deyib. Qaynağın dediyinə görə, bundan sonra məscidə cümə
namazları izdihamı şəkildə qılınmayacaq. Bu da o deməkdir ki, cümə
namazlarına daha az dindar iştirak edəcək.
Bu gün, məlumat dəqiqləşdirmək üçün "Şəhidlər məscidi”nə üz tutduq.
Əfsus ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə
müşaviri Müzəffər Şahini tapa bilmədik. İdarədə köməkçi vəzifəsində
çalışan xanım M.Şahinin Türkiyədə olduğunu söylədi: "Onun konkret nə
vaxta gələcəyi də məlum deyil”. M.Şahinin müavini Bayram Altıntaşla
əlaqə saxlamaq isə mümkün olmadı.
Köməkçi məscidin fəaliyyətə başlayacağı ilə bağlı xəbərdən məlumatsız
olduğunu söylədi: "Bizə bu barədə heç bir söz deməyiblər. Ümid edirəm
ki, xəbəriniz doğru olacaq. Ancaq gördüyünüz kimi məscid işləmir”.
Həqiqətən də, "Şəhidlər məscidi”nin qapısı bağlı idi. Ərazidə
təmir-tikinti işlərinin görülməsinin də şahidi olmadıq.
Xatırladaq ki, ötən ilin aprelindən məscid günorta namazından sonra
təmir adı ilə bağlanıb. Ümumiyyətlə, ötən ildən qapadılan məscidlər hələ
də fəaliyyətsizdir. Onların bir neçəsi təmir-tikinti, bəziləri isə
qanunsuz tikili adı altında kilidlənib. Analoji proses bölgələrdə həyata
keçirilib. Hazırda "Şəhidlər camesi”, "Peyğəmbər” (s), "Əbu-Bəkr”, Yeni
Günəşlidəki "Fatimeyi-Zəhra” (s.ə.) məscidlərinin qapıları bağlıdır.
Əlavə edək ki, məsələyə Qafqaz Müsəlmanları İdarəsinin rəisi
Şeyxülislam Hacı Allahşükür Paşazadənin müdaxiləsi də fayda verməyib.
Hazırda Azərbaycanda 1750 məscid var ki, onun 100-ə yaxını fəaliyyət
göstərir.
Emil SALAMOĞLU
|