Ailə cəmiyyətin kiçik modeli və hissəsidir. Bir qadın və bir kişidən ibarət ailə formalaşdırılmadan cəmiyyətlərin və millətlərin mövcudluqlarını davam etdirməsi demək olar ki, qeyri-mümkündür. Elə bu səbəbdən ümumiyyətlə ailənin, xüsusilə də qadının təlim-tərbiyəsi məsələsi böyük əhəmiyyət kəsb edir.
Uşaqlara tərbiyəni əsasən ana verdiyinə görə, xüsusən yeniyetmə qızların bilik və ailə şüuru baxımından inkişafına diqqətlə yanaşılmalıdır.
Valideynlərin qızlarına həyati təcrübə aşılayarkən aşağıdakı məsələləri nəzərə almaları vacibdir:
Başlıca dəyərləri mənimsəyərək, ona müvafiq davranmaq və yaşadıqları həyatda ifadə etmək;
Allah bəndəsi və bir insan kimi olduğu mövqenin fərqinə varmaq;
Şüurlu davranmaq və həyata bu prizmadan yanaşmaq;
İnsanlarla sağlam münasibət qurmaq və tutarlı hərəkət etmək;
Başqa insanların duyğu və düşüncələrini başa düşmək qabiliyyətinə sahib olmaq;
Bacarıq və qabiliyyətlərini kəşf edib təkmilləşdirmək;
Güclü iradəyə malik olmaq;
Doğruluq meyarlarını unutmamaq və onlara riayət etmək;
Məlumatlı, bilikli, imanlı və inkişafa meylli olmaq.
Cəmiyyətdəki statusu və mövqeyindən asılı olmayaraq, qadının həyatdakı ən dəyərli rolu analıqdır. Başqa sözlə desək, qızların təlim-tərbiyəsi prosesində analıq məsələsi diqqətdən kənarda saxlanılmamalıdır. Onlar bu sahədə aldıqları təlim-təhsili valideynlərinin də təcrübəsi ilə möhkəmləndirərək, öz həyatlarında tətbiq etməlidirlər.
Qadınlar bir ana, həyat yoldaşı və ya işləyən bir insan kimi fitri qabiliyyətlərindən və incə ruhluluqdan fövtə verməməlidirlər. Qadın analıq kimliyinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini dərk etməlidir. Təəssüf ki, dövrümüzdə valideynlər qız övladlarını böyüdərkən sırf maddi xəyallar quraraq övladlarını bu istəklərinə qurban verirlər. Vaxtilə qızların məktəbə gedib-getməyəcəyi məsələsini müzakirə edən ailələr hazırkı dövrdə onların gələcəkdə qazanacaqları pulu indidən sayırlar. Təbii ki, qadınlar da dini meyarlar çərçivəsində işləyə və sosial həyatda öhdələrinə məsuliyyət götürə bilərlər. Ancaq hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, təlim-tərbiyənin bir tərəfi daim dəyərlərə söykənməlidir. Çünki Allahın dinindən uzaq ömür sürən bir çox təhsil almış şəxsin insanlığa zidd hərəkət və davranışlarının şahidi oluruq.
Kişi və qadının bir-birilərinin üzərində haqları vardır. Uca Allah müqəddəs kitabı Qurani-Kərimdə bu barədə belə buyurur:
"(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər” (əl-Bəqərə, 228).
İslam dini tərəflər arasındakı münasibətləri sağlam əsaslar üzərində qurmuşdur. Çünki kişinin qadın üzərində hüquqları olduğu kimi, qadının da kişi üzərində hüquqları vardır.
Dinimiz ailə üzvlərinin Allahın əmrlərinə tabe olmalarını və bir-biriləri ilə mehribanlıqla, mərhəmət və şəfqətlə rəftar etmələrini buyurur. Belə ki, insan ailə qurmaqla həm bu dünyada, həm də axirət yurdunda əsl xoşbəxtliyə çatmanın yollarını açır. Sağlam ailə mühitində böyüyən uşaqlar isə cəmiyyətin məsuliyyətini çiyinlərində daşıyar və gələcəyə ümidlə irəliləyərlər.
Sağlam cəmiyyət sağlam ailələrdən formalaşar. Bu səbəbdən Uca Allah bəndələrinə evlənməyi və sağlam yuva qurmağı tövsiyə edir:
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!” (ən-Nur, 32); "Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər” (əl-Furqan, 74).
Peyğəmbər də (Ona Allahın salamı və xeyir-duası olsun!) evlilik məsələsinə əhəmiyyətlə yanaşmış və ümmətini evlənməyə təşviq etmişdir:
"Maddi imkanı və mənəvi vəziyyəti yerində olub evlənməyən kəs məndən deyildir”.
Habelə Peyğəmbər buyurub:
"Mömin Allahdan qorxub pis əməllərdən çəkindikdən sonra əməlisaleh bir qadından daha xeyirli bir şeydən faydalanmayıb” (İbn Macə).
Ailə qurmağa hazırlaşan insan məsuliyyət sahibi və həyatına yön verəcək qədər bilik və təcrübəyə malik olmalıdır. Belə ki, istər kişi, istərsə də qadın evləndikdən sonra övladlarını həyata hazırlamaqla məsuldurlar. Bu səbəbdən ailə qarşılıqlı sevgi, ehtiram və şəfqət əsasında qurulmalıdır. Əgər qadın ərinə, kişi isə xanımı ilə şəfqətlə davranmırsa, belə ailədə hüzur və xoşbəxtlik axtarmaq əbəsdir. Hüzursuz ailə mühitində böyüyən uşaqlar isə valideynlərin yolunu davam etdirərək, bu cür həyat tərzini öz ailələrində davam etdirəcəklər.