Qədər – Allah Təalanın baş verəcək hər bir şeyi bütün incəliklərinə qədər qabaqcadan bilməsi və “təqdir” etməsidir. Qədər Allahın “Əlim” – Bilən atributu ilə əlaqəli anlayış olub, kainatı, ondakı bütün əşya və hadisələri müəyyən bir nizam daxilində tənzimləyən ilahi qanundur:
“Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir” (ər-Rə`d, 8);
“O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir” (əl-Fürqan, 2);
“Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir” (ət-Təlaq, 3);
“O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi” (əl-Əla, 3).
Qədər o deməkdir ki, bu dünya öz-özünə mövcud deyildir, bu kainat “boşu-boşuna” hərəkət etmir. Kainatda hər bir şey müəyyən nizam içərisindədir.
Bu haqda Qurani-Kərimdə açıq-aşkar ayələr vardır:
“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq” (əl-Qəmər, 49);
“Hər şey Onun yanında müəyyən bir ölçü ilədir...” (ər-Rə`d, 8);
“O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir” (əl-Furqan, 2).
Bir sözlə, Allah hər şeyi baş vermədən qabaq bilir və heç nə ona gizli deyildir.
Onu da qeyd edək ki, “alın yazısı”, “tale”, “bəxt” anlayışları daha çox fatalizmi ifadə edir və xalq arasında geniş yayılmışdır. İslam dininin qədər anlayışı bu məfhumlardan fərqlənir. Sözügedən məfhumlar xarici “səbəblər”in diktəsi altında insan oğlunun müti və iradəsiz hərəkətlərini ifadə etdiyi halda islamın “qədər” məfhumu əks mənanı özündə əks etdirir; islama görə qədər icbarilik deyildir, əksinə, insan oğlunun nə edəcəyini Allah qabaqcadan bildiyi üçün baş verəcək hər bir şey Onun dərgahında “qeyd”ə alınır. Allahın bunu qabaqcadan bilməsi insanı bu işə məcbur etməsi mənasına gəlmir. Misal üçün deyək ki, oturub hey gözəl evin planını beynimizdə cızırıq. Planın beyində cızılması onun hələ həyata keçməsi mənasına gəlmir. Və yaxud belə deyə bilərik: astronomik hesablamalara görə Ay 2045-ci ildə tutulacaqdır. Sual yaranır: Görəsən, astronomik cədvəldəki həmin tarixə görəmi Ay tutulur, yoxsa Ay tutulacağı üçün həmin cədvəl tərtib edilir? Təbii ki, Ayın hərəkətinə uyğun olaraq, cədvəllər tərtib olunur və qabaqcadan onun tutulması tarixi müəyyənləşdirilir. İnsan üçün də eyni şeyi söyləyə bilərik. Allah onun əməllərini qabaqcadan bildiyi üçün onun qədər “kitab”ını yazır. Biz “Allah belə yazdı” deyə etmirik, əksinə, Allah iradəmizi necə sərf edəcəyimizi qabaqcadan bildiyi üçün o cür yazır...
Qədər mövzusu Müsəlman fikrində ən çox təhrifə uğrayan, sağlam fəhmdən kənarda qalmış mövzulardan biridir. Müsəlman mütəfəkkirlərindən biri yazır:
“Təəssüf ki, islam ümməti lap qədimdən böyük bir səhvə yol verib. Həmin səhvin bəzi acı nəticələrini hələ də yaşayırıq. Bu, müsəlmanlar arasında yayılmış cəbəriyyət – fatalizm düşüncəsidir. Bu təlim səbəbiyyət (səbəb-nəticə) qanununu müsəlmanlara bütövlükdə unutdurdu. Təbii qanunauyğunluqlarda unutdurdu və biz nəticədə yer üzünü abadlaşdırma işindən geri qaldıq. Psixoloji qanunauyğunluqlarda unutdurdu, bununla da ifrat təvəkkül zehniyyəti bizə hakim kəsildi və biz yaradıcı qabiliyyətdən məhrum olduq. Bu, müsəlman sivilizasiyasının tənəzzülünün səbəblərindən birini təşkil edir...”.
Təbii ki, “Qismət Allahdandır” – deyib əl-qolumuz sallamağımız doğru deyildir və islamın adından bu cür düşünənlər yanılırlar. Bu, insanı fəaliyyətdən saxlayan, yaradıcılığını məhdudlaşdıran bir zehniyyətin səmərəsi olaraq meydana çıxmışdır. Allah insana ağıl vermişdir və o, düşünə bilən, ağı-qaradan seçən, mühakimə qabiliyyəti olan varlıqdır. Quranda bildirilir ki, insan etdiyi və edəcəyi hər bir şeyə görə Allah qarşısında cavab verəcəkdir, deməli, hər bir addımımızı düşünüb atmalıyıq. Bir dəfə Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) uçuq evin yanından keçərkən addımlarını yeyinlədir. Ondan soruşanda ki, “Ey Allahın rəsulu, qədərdənmi qaçırsan?” belə cavab verir: “Allahın bir qədərindən digərinə qaçıram”.
İslamın qazandırdığı güc imkan verəcəkdir ki, doğru və optimal vasitələrlə məqsədimizə çataq, güc-qüvvətimizi sağa-sola xərcləməyək, tale və qədərin bizim əvəzimizə nə isə edəcəyinə aldanmayaq! Elə insanlar vardır ki, Allahın adından istifadə edib uğursuzluqlarını, qüsurlarını ört-basdır edirlər. İslam belə bir davranışı qəti şəkildə rədd edir.
Övf ibn Malik rəvayət edir ki, bir dəfə Peyğəmbər iki nəfərin mübahisəsini həll edibmiş. Onlardan ayrılıb getmək istədiyində əleyhinə hökm çıxarılmış şəxs dedi: “Mənə Allah yetər. O nə yaxşı Vəkildir!” Peyğəmbər ona sarı çevrilib buyurdu: “Allah acizliyi sevmir. Bu səbəbdən daha fərasətli, daha gözüaçıq olmalısan. Yox, yenə də bir şeyə nail olmasan, onda bu sözləri – “Mənə Allah yetər. O nə yaxşı Vəkildir!” söylə”[1].
Yəni, insan oğlu problemlərinin həlli üçün bütün imkanlarını səfərbər etməlidir. Əgər problemlərini həll etməyə müvəffəq olarsa, deməli, öhdəsinə düşəni edib. Yox, əgər əlindən gələni etməyinə rəğmən uğursuzluğa düçar olarsa, ümidsizliyə qapılmamaq üçün Allaha sığınmalıdır. O, hər iki vəziyyətdə güclüdür. Çünki birinci vəziyyətdə əlindən gələni edib, ikincidə də ümidsizliyə qapılmayaraq Allaha sığınıb. Deməli, insan oğlu həm zəhməti, həm də təvəkkülü ilə güclüdür.
Belə ki, Ömər ibn əl-Xəttab vəba yayıldığı üçün Şama getməkdən imtina etmiş, “Allahın qədərindənmi qaçırsan?” – deyənlərə “Allahın qədərindən Allahın qədərinə qaçırıq” cavabını vermişdi.
Erkən dövr müsəlmanları qədər anlayışını doğru-düzgün başa düşdüklərindən onu yaşayıb-yaratma və güc-qüvvət mənbəyi olaraq nəzərdən keçirirdilər. Onlar üçün fərqi yox idi, ölümü özləri tapırlar, yoxsa ölüm onları gəzir?! Elə ki qədər anlayışı həqiqi mənasından uzaqlaşdırıldı, zəiflik və geriliyə səbəb oldu, insanlara təslimçilik ruhu hakim kəsildi.
Elə şeylər vardır ki, onun səbəbkarı insanın özüdür və o, bu işdə məsuliyyət daşıyır; nə edəcəyini, edəcəyi şeyin nə ilə nəticələnəcəyini insan müəyyən etməyi bacarır. Bunun üçün ona ağıl və düşüncə qabiliyyəti, mühakimə bacarığı verilmişdir. Bu baxımdan o, gələcəkdə başına nəyin gələcəyini müəyyənləşdirə bilər. Amma bunun dəqiq vaxtını o təyin edə bilmir. Siqaret aludəçiliyinin əksər hallarda ağciyər xərçənginə səbəb olduğunu hamı bilir, amma heç kəs bunun nə vaxt baş verəcəyini dəqiqliklə söyləyə bilməz. Heç təbabət elmi də dəqiq tarix göstərə bilmir. O ki qaldı kənar səbəblərə, təbii ki, əksər hallarda insan həmin səbəblərin doğurduğu nəticəni – qədəri qabaqcadan görməyi bacarmır. Məsələn, yaşıl işıqda yolu keçən piyada yol hərəkəti qaydalarını pozan sürücünün səhv hərəkətinin qurbanı ola bilir. Belə halları insanın qabaqcadan görməsi mümkün deyildir. Bir sözlə, daxili amillərlə əlaqədar olaraq, başa nəyinsə gəlməsini təxmin etmək haradasa mümkündür və bu işdə ağlımız köməyimizə gəlir. Onu da qeyd edək ki, Allah bəzən öz sevimli bəndələrinə, vəli qullarına başına gələ biləcək bəzi məsələləri hiss etdirə bilir və onlara ehtiyatlı davranmaq üçün bəsirət bəxş edir.
Bir sözlə, qədər insana kənardan diktə deyildir, çünki insan qədərini özü yazır, özü müəyyənləşdirir. Avtomobilini sürət həddindən artıq sürətlə sürüb qəza törədən şəxs haqqında “Allah belə qismət etmişdi” – demək doğru deyildir. İnsan öz davranışları ilə qədərini qabaqcadan müəyyənləşdirir. Səhvləri, ehtiyatsız hərəkətləri, düşüncəsizliyi üzündən qapının ağzını kəsdirən “qədər”i dəyişdirmək mümkündür. Bu işdə dua ən yaxşı vasitədir. Hədislərin birində oxuyuruq: “Qədər və dua bir-birini ötüb keçməyə çalışan iki quşa bənzəyir”. Dua etməklə, Allaha yalvarmaqla gələcəkdə səhv işlər görməkdən, təhlükələrlə qarşılaşmaqdan qaçmaq mümkündür.
Əgər Allah insana səhvləri ucbatından başına gələcək müsibəti hiss etdirərsə, bu Allahın mərhəmətindəndir. Belə olduğu halda insan Allaha dua və şükür etməli, ibadətlərini çoxaltmalıdır.
Dediklərimizi belə yekunlaşdıraq:
1. Kainatda ilahi nizam və proqramlaşdırma, insanda da iradə və seçim azadlığı vardır.
2. Allah hər şeyi bildiyindən gələcəkdə baş verəcək hər bir şeydən xəbərdardır.
3. Allah baş verəcək hər şeyin – hadisələr və əşyaların “qeydiyyat”ını aparır.
4. Biz bir şeyi ona görə icra etmirik ki, Allah onu yazmışdır; əksinə, onu qabaqcadan öz sonsuz elmi ilə görmüşdür. Biz nəyi edəcəyiksə Allah da onu yazar.
5. Allah “qədər”imizi yazarkən iradəmizi nəzərə alır, ondan necə istifadə edəcəyimizi də bilir.
6. Mərhəməti sonsuz Allah “iradə” düyməsindən xeyir işlərdə istifadə etməsi üçün sevimli bəndələrinə kömək edir.