Ana Səhifə » 2010»Yanvar»23 » ƏLİ HƏSƏNOV “ŞƏHİDLƏR MƏSCİDİ”NİN SÖKÜLƏCƏYİNİN ANONSUNU VERDİ
ƏLİ HƏSƏNOV “ŞƏHİDLƏR MƏSCİDİ”NİN SÖKÜLƏCƏYİNİN ANONSUNU VERDİ
03:29
Prezident Administrasiyasının rəsmisi "Şəhidlər Xiyabanı namaz qılınma yeri ola bilməz” dedi
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov "Şəhidlər məscidi”nin gələcək taleyilə bağlı bu
günlərdə "Nedelya” qəzetinə açıqlama verib. Ə.Həsənov "Şəhidlər
məscidi”ndə təmirin nə zaman bitəcəyilə bağlı sualı cavablandırarkən
oranın yalnız təmir səbəbilə bağlandığını düşünmədiyini deyib. Onun
sözlərinə görə, məscidin sürüşmə zonasında yerləşməsi də bağlanmasında
mühüm amil olub. "Ümumilikdə isə Şəhidlər Xiyabanı Allaha ibadət yeri
ola bilməz”, - deyə Ə.Həsənov mövqeyini bildirib.
Ə.Həsənov
protokol tədbirlərinin keçirildiyi Şəhidlər Xiyabanında yüzlərlə
maşının saxlanılmasını, tıxacların yaranmasını, hamının gözü qarşısında
dəstəmaz alınmasını, namaz qılınmasını yolverilməz adlandırıb. Bütün
bunların nəzərə alınaraq, məscidin fəaliyyətinin müvəqqəti
dayandırıldığını deyən Ə.Həsənov gələcəkdə, bu Allah evinə gələnlər
üçün uyğun şərait yaradıldıqdan sonra, onun fəaliyyətinin tam
dayandırılmalı oduğunu vurğulayıb. "Əlbəttə, mən bunu dövlət
adından demirəm, bu, mənim şəxsi fikrimdir. Bu məscidin yerləşdiyi yer
münasib deyil, əgər o başqa, daha uyğun yerdə inşa edilsəydi, heç bir
problem olmazdı”, - deyə Ə.Həsənov məscidin gələcək taleyinə qismən
aydınlıq gətirib. Türkiyənin Azərbaycan səfirliyinin dini attaşesi
Müzəffər Şahin "Turan”ın müxbirilə söhbətində "Şəhidlər məscidi”nin
taleyilə bağlı rəsmi şəxslərin açıqlamalarını eşitdiklərini, amma
bununla bağlı hər-hansı bir şərh və ya məsləhət vermək fikrində
olmadıqlarını vurğulayıb. "Amma bunu nəzərə çatdırıram ki, bu məscid
1996-cı ildən fəaliyyətə başlayıb, Azərbaycanın mərhum dövlət başçısı
Heydər Əliyev və Türkiyə cümhur başqanı Süleyman Dəmirəlin xeyir-duası
ilə tikilib”, - deyə M.Şahin xatırladıb. Ə.Həsənovun məscidin
bağlanmasına sürüşmə zonasında yerləşməsinin də təsir etməsi fikrinə
münasibət ifadə edən M.Şahin məscidin təmir adı ilə bağlanmasını yada
salıb. "Bəlkə sonradan geoloqlar burada ölçmə işləri apararaq, sürüşmə
aşkar ediblər, bilmirəm. Amma gözlə baxanda belə bir sürüşmənin olduğu
görünmür”, deyə M.Şahin qeyd edib. Məscidin gələcək taleyi barədə
danışan dini attaşe Azərbaycanın müstəqil dövlət olduğunu, rəsmi
mövqeyinə uyğun hərəkət edəcəklərini söyləyib. Bir neçə il əvvəl
hakimiyyət "Şəhidlər məscidi” yanındakı bulağı sökmüşdü. Bu, Bakı və
Ankara arasında qalmaqala səbəb olmuşdu. Ötən il məscidin yaxınlığında
Türkiyə əsgərlərinin xatirəsinə ucaldılmış abidədən türk bayraqları
yığışdırılıb ki, bu da qalmaqala səbəb olub. 2009-ci ilin yanvarında
Bakı islam mədəniyyəti paytaxtı elan edilmişdi. Elə həmin ilin
aprelində "Şəhidlər məscidi” təmir adı ilə bağlanıb, "Muhəmməd
peyğəmbər məscidi”, Neft Daşlarında bir məscid sökülüb, "İlahiyyat
məscidi”nin fəaliyyətinə problem yaradılıb, "Fatimeyi-Zəhra məscidi”nin
sökülməsi haqda məhkəmə qərarı verilib, azana qadağa qoyulub.
Xəbər xidməti
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 1048 | Tarix: 22.11.2024
Bura Azərbaycandır demokratiyanın adı var gör bir dənə kilsə ya da ki seneqoq sökürlər.Onların işi ancaq müsəlmanlarla olar.Əlbəttə bu düşünülmüş və uzaqdan idarə olunan siyasətdir.Allah özü bizə kömək olsun.Amin.