Son dövrlərin ümumi mənzərəsi budur ki, ümmət təqlidçilik içərisində itib-batmış, şanlı keçmişin xoş arzularını yadına salaraq məst olmuşdur. İdarəçilərlə dinin mənbələri arasında uçurum yarandıqdan, kütlələr keyləşib nəfsi istəklərin əlində oyuncağa çevrildikdən, ümmətin alimləri başlarını lazımsız məşğuliyyətlərlə qatdıqdan sonra hamı öz işindədir və hər kəs məhz özünü haqlı sayır.
Müsəlmanların tarixi irsinə bələd olanlar heyrətlərini gizlədə bilmirdilər: bu donuq və daş qafalı insanlar o fəal, ziyalı, bilikli əcdadların xələfləri idilər. Bəli, Avropada İntibah başlandıqda ümmət bu halda idi. Avropalıların qarşısında həqiqi kimliyindən barmaqla göstəriləcək heç nəyi qalmamış, zəif, xəstə və ölgün bir ümmət dayanmışdı; əqidə unudulmuş, çoxlarının imanı sarsılmış, yəqin yəqinliyini itirmiş, davranışlar korlanmış, düzgünlük yox olmuş, düşüncələr donuqlaşmış, ictihad “iflic keçirmiş”, fiqh həyatda ikən ölmüş, bidətlər vüsət kəsb etmiş, Sünnə “yatmış”, şüurlar kütləşmişdi. Ümmət əvvəlki ümmət deyildi! Müsəlmanların bu vəziyyəti fürsətbazların karına gəldi; himdə durub imkan gözləyənlər iş başına keçdilər. Fürsəti fövtə verməyən qərblilər Müsəlman dünyasını işğal edib, daha da böhranlı vəziyyət yaratdılar; müsəlman şəxsiyyətinin olan-qalan keyfiyyətlərinin də axırına çıxıb bizi indiki – biabırçı, kölə vəziyyətə gətirdilər. Problemlərimizin açarı düşmənlərimizin əlində qaldı; taleyimizi onlar müəyyənləşdirdilər. Öz əlimizlə başımıza iş açıb, səbəbkarı özümüz olan problemlərin həlli yollarını onlardan dilənməyə başladıq.
Bu vaxt ərzində ümmət həyat eşqi ilə xəstə döşəyindən qalxıb, boğazını arıtlayaraq dərindən nəfəs almağa cəhd göstərdi. Amma heyhat! Bütün cəhdlər boşa getdi. Çünki o, müvəffəqiyyətə aparan yolu səhv salmışdı, Allahın qoyduğu qanunauyğunluğa əks getmişdi; xilas olmaq cəhdlərində yadları təqlid etmiş, işğalçıların göstərişlərindən yapışmışdı, odur ki vəziyyəti daha da ağırlaşmışdı. Amma yeni nəsillər sağlam həll yollarını arayıb, şəfaverici əlac axtarışına çıxdılar. Ümmətin bəzi övladları başa düşdülər ki, onu başlanğıcda nə sağlamlaşdırıbsa indi də o sağlam edə bilər! Bu səbəbdən islama yönəlib, onun şirin çeşməsi ilə susuzluqlarını söndürməyə başladılar. Beləliklə, “İslam Oyanışı” deyilən şey meydana çıxdı. Amma islamın düşmənləri bu hərəkatı sakit buraxmaq fikrində deyildilər. Əleyhimizə ən çox istifadə edilən silah sapıözümüzünkülər oldu. Bu sapıözümüzünkülər müsəlman ümmətinin düşmənləri əlində yıxıb-dağıtma külüngünə çevrilməkdə heç bir qəbahət görmədilər. Belələri əsasən xüsusi qurumlarda təmsil olunurdular. Onlar inanclı qruplara qarşı tədbir töküb, müxtəlif vasitələrlə yeni islam həyat tərzinin qurulmasına əngəl törətməyə çalışdılar, İslam Oyanışına hədə-qorxu gəldilər. Düşmənlər fikir ayrılığı (“ixtilaf”) anlayışından məharətlə istifadə etdilər. Belə olduğu halda İslam Oyanışını daha böyük təhlükələr gözləyirdi. Onsuz da adi təhlükələr səmimi insanların əməyini zay edirdi, o ki qaldı “ixtilaf” olsun! Bu məhvedici “daş” çəkilən zəhmətin xeyli hissəsini zay etdi. Nəticədə, özlərini sələfi, əhli-hədis, məzhəbçi, məzhəbsiz adlandıran gənclər meydana çıxdı. Bu qruplar bir-birini küfrdə, fasiqlikdə, bidət və sapqınlıqda, casusluq və çuğulluqda (satqınlıqda) ittiham etməyə başladılar. Halbuki müsəlmana digər müsəlmanı bu cür şeylərdə təqsirləndirmək yaraşmır, o ki qaldı onun adını cəmiyyətdə nə yolla olursa-olsun qara çıxarsın. İndiki dövrdə müsəlmanın işi budur ki, insanlara islamın başına gətirilmiş oyunlar, ona üz vermiş təhlükələr haqda xəbər versin. Bəli, ümmətin problemləri haqda maarifləndirmə aparmaq mübahisəli mövzuları gündəmə gətirməkdən daha yaxşıdır.
Vaxtı ilə müctəhid imamların arasındakı fikir ayrılıqlarının üzrlü səbəbləri vardı ki, bu da həmin fikir ayrılıqlarının müəyyən qaydalar əsasında tənzimlənməsinə imkan verirdi. İndiki dövrdə isə fikir ayrılığına düşənlərin öz əməllərinə bəraət qazandırmaq üçün göstərə biləcəkləri bir dənə də olsun ağıllı-başlı sübut yoxdur. Onlar müctəhid də deyillər, əksinə, hamılıqda təqlidçidirlər. Onlar, bir tərəfdən, təqlidçidirlər, digər tərəfdən isə təqlidə “yox” deyirlər. Bu insanlar hökmləri birbaşa Quran və hədislərdən çıxardıqlarını iddia edirlər. Əslində onlar müəyyən hədis kitablarına və müəlliflərinə kortəbii şəkildə bağlıdırlar. Onlara görə, həmin müəlliflərin hədis, raviləri, səhihlik dərəcəsi barədə dedikləri səhv ola bilməz. Bu kitablarda göstərilmiş fiqhi qaydalar da onlar üçün qanundur.
Elə insanlar da vardır ki, özlərini “rical”, “cərh və tədil”, “rical” tarixi” sahələrinin dərin bilicisi sanırlar. Halbuki onlar bu sahələrə dair bir dənə də olsun ciddi kitab oxumayıblar, amma minbərə qalxıb müctəhid kimi danışmağı özlərinə rəva bilirlər.
Alqış tutulacaq hərəkət budur ki, elm öyrənən kəs özünü əllamə saymasın, başqalarını xoşagəlməz adlarla çağırmasın, ittiham da etməsin. O, başa düşməlidir ki, ümmət daha təhlükəli problemlərlə qarşı-qarşıyadır. Odur ki həmin problemlərin həllinə çalışmalı, qəlbləri birləşdirməyə cəhd göstərməlidir, – budur həqiqi iş!
Madam ki, hamı təqlidçidir və hər kəs məzhəb imamlarının dedikləri ilə oturub-durur, elə isə sələf alimlərində olduğu kimi, fikir ayrılıqları ədəb-ərkanına riayət etməlidir.
Səmimi möminlər inanırlar ki, bu xeyirli oyanış ateist və materialist ideyaların doğurduğu abı-havanı, sapqın fikirləri yox edəcək, şeytanın korladığı qəlbləri və ağılları saflaşdıracaq, həqiqi islam inancını bərpa edəcəkdir. Nəticədə, Allahın risaləti dünyaya daşınacaq, islamın mövqeyi möhkəmlənəcəkdir. Amma qəlblərdəki mərəz bəzi müsəlmanları sövq edir ki, yeni islam oyanışının “qanad”larını qırsınlar, yersiz çəkişmələri körükləsinlər. Bununla da, müsəlmanların başı özlərinə qarışır, enerjiləri tükənir və onlar əcaib məsələlərlə məşğul olmağa başlayırlar. Müdriklik və uzaqgörənliyini itirmiş zehinlər nəyin asan, nəyin qəliz, nəyin cılız, nəyin mühüm, nəyin vacib, nəyin lüzumsuz, nəyin də prioritet olduğunu müəyyənləşdirməyi bacarmır. Vəziyyəti bu cür olan bir xalq öz problemlərini həll edə bilərmi, yeni islam həyat tərzinə başlasın deyə işləri sahmana salmağı bacararmı?!
Müsəlmanlar arasında çəkişmələri qızışdırıb, ixtilaf amillərini inkişaf etdirmək islamın məqsədlərinə xəyanətdir, indiki dövrdə qəlblərə ümid işığı saçmış sözügedən oyanışı yerindəcə boğmaqdır, bu dinin üzünə ağ olmaqdır, səmimi insanların zəhmətini hədər etməkdir.
Dövrümüzdə ümumiyyətlə müsəlmanların, xüsusilə də “dəvətçi”lərin ən mühüm vəzifəsi – təbii ki, Allaha imandan sonra – islama inananların qruplarını birləşdirməyə kömək etməkdir, aralarındakı ixtilaf səbəblərini aradan qaldırmaqdır. Bunu etməyi bacarmırıqsa, heç olmazsa, əməlisaleh nəsillərimizdə olduğu kimi, fikir ayrılıqları ədəb-ərkanına riayət edək. Fikirlərin müxtəlifliyi qəlblərdə ayrılıq yaratmamalıdır. Fikirlərimiz fərqli olsa da, qəlblərimizi birləşdirib, tərifəlayiq müsəlman həyat tərzini bina edə bilərik. Yetər ki, niyyətlər saf olsun, Allahın razılığı əsas götürülsün! Allah belə niyyəti olan insanları darda qoymaz və onlara uğur bəxş edər.