Əhməd ibn Əbdüləhəd əl-Uməri əs-Sərhəndi (İmam Rəbbani) qibtə olunan bir alim, mücahid və rəhbər kimi yetişmişdi. Onun elmi sarayda etibar sahibi olan, dünya mənfəəti üçün kafir hökmdara baş əyən, yaltaq “alim”lərlə müqayisədə daha tutarlı və zəngin idi.
İstəsəydi o da sarayda hörmət-izzət qazanar, mal-dövlət toplayardı. Ancaq o bambaşqa bir dünyanın adamı, Allahın rəsulunun (Ona Allahın salamı və xeyir-duası olsun!) varisi, bir İslam fədaisi idi. İmam Rəbbanin yeganə amalı - gecə-gündüz düşündüyü, uğrunda yanıb-yaxıldığı, göz yaşlarının sel olub axdığı dərdi ölkəsinin və xalqın həyatında daim yaşaması idi.
Alim fars dilində qələmə aldığı və ərəb dilinə də tərcümə edilən “Məktubat” adlı əsərində belə deyirdi:
“Bu nə müsibət, bu nə faciədir. Vay bizim halımıza! Yanıb-yaxılaq ki, bu ölkədə aləmlərin rəbbinin sevgilisi Məhəmmədin (Ona Allahın salamı və xeyir-duası olsun!) ümməti belə rəzil və pərişan haldadır. Kafirlər və bütpərəstlər isə əl-qolunu sallayaraq dolaşır, sərbəst şəkildə ölkədə istədiklərini edirlər. Üstəgəl, bu vəziyyət müsəlman olduğunu deyən bir hökmdarın iqtidarı altında baş verir!”
İmam Rəbbani saray həyatına meyl göstərmədi, heç onun həndəvərinə belə yaxınlaşmadı. Bununla belə o, saray əyanları, ölkənin yüksək vəzifəli şəxsləri ilə də münasibətini kəsməmişdi. Alim onlara mütəmadi şəkildə məktublar yazırdı. Həm xoş, həm də alovlu sözlərdən ibarət olan və dəvət ədəbiyyatının ən parlaq nümunələrini təşkil edən bu məktublar sayəsində müraciət etdiyi insanların qəlblərində üstünü kül basmış iman atəşi yenidən parıldamışdır. İmam Rəbbani belə məktublarından birində yazırdı:
“… Sən müsəlmansan. Həyat ötüb-keçəridir. Hökmdar və hökmranlıq əbədi deyildir. Bu səbəbdən özün, mənsubu olduğun ümmət və yaşadığın ölkən xüsusunda Allahdan qorx, Ona ehtiramla yanaş, hamının haqqına riayət et…”
İmam Rəbbani müsəlmanların zəifləməsindən istifadə edərək, ölkədə hakimiyyəti ələ keçirmək və İslamı bu torpaqlardan sıxışdırıb çıxarmaq üçün fürsət gözləyən hinduların planlarının qarşısını ala bilmək, bunun üçün müsəlmanlar hərbi və iqtisadi baxımdan geriləməsinlər deyə insanları ətrafına toplayıb silahlı müqavimətə baş vurmamışdır. Bunun əvəzinə, o, irşad və dəvət işini davam etdirməyi münasib bilmişdir…
Hökmdar Əkbər ölüb yerinə oğlu Nurəddin Cahangir hakimiyyətə gəlmişdi. Nurəddin Cahangir atası ilə müqayisədə ölkəni daha yaxşı idarə edirdi. İmam Rəbbani onu da ölkəni ədalətlə idarə etməyə dəvət etmişdir.
Hökmdar Cahangir nüfuzlu alimlərdən ibarət heyəti saraya daxil edərək, müxtəlif problemlərin həllində onlarla məşvərət etmək istədiyi zaman İmam Rəbbani buna etiraz etmişdi. O öz fikrini belə əsaslandırırdı:
“Əgər alimlər bir araya gəlib saraya daxil olsalar, aralarında rəqabət və toqquşma meydana gələcək ki, bu da son nəticədə ölkəyə zərər verəcək. Saraya bir çox alim dəvət etmək əvəzinə dünya mənfəətindən üz döndərib özünü dinə həsr edən, tutarlı elmə sahib bir alim kifayətdir”.
Hökmdar Nurəddin Cahangir atasının ölkəyə vurduğu ziyanın bir qismini aradan qaldırdı və dünyadan köçdü. Hakimiyyətə isə oğlu Şahicahan gəldi.
Hökmdar Şahicahan ölkəni atasından daha yaxşı idarə edirdi. İmam Rəbbani əvvəlki hökmdarları olduğu kimi onu da doğru yola, insanlara qarşı ədalətli olmağa dəvət edirdi. Şahicahanın “ip”i, sanki, alimin əlində idi. İmam vəziyyətə görə, bəzən “ip”i dartır, bəzən də buraxırdı. Şahicahandan sonra taxta yiyələnən Əvrəngzib yalnız Hindistanın deyil, İslam tarixində də ən böyük hökmdarlardan biri sayılır. Belə ki, onun təlim-təhsilində İmam Rəbbaninin oğlu və xəlifəsi Məhəmməd Məsumun böyük rolu olmuşdur.
Hökmdar Əvrəngzib həm də alim idi. O, Quranı başdan-sonadək əzbərləmiş, islam peyğəmbərinin hədislərindən qırxını toplayaraq, şərh etmişdi. O, dövrünün fəqihlərindən bəhrələnərək, “əl-Fətava əl-Hindiyyə” adlı böyük kitabı qələmə almış və onu ölkənin başlıca qanun toplusu elan etmişdi. Onun həyata keçirdiyi islahatlar Hindistanda İslamın yox olması təhlükəsini tamamilə aradan qaldırmışdı.
İmam Rəbbani bir tərəfdən padşah sarayını islah etməklə məşğul olarkən digər tərəfdən bölgədə sapqın fəlsəfi düşüncələrin, inanc və adətlərin, xurafat və bidətlərin müsəlman cəmiyyətinə sızması ilə amansız mübarizə aparmışdır. Alimin mübarizə apardığı başlıca problemlərdən biri “vəhdəti-vücud” inancı idi. Çünki bu cür inanc sahibi olan bir çox insan İslamda iman və əməlin mahiyyətini düzgün başa düşmür, doğru yoldan azırdı. İmam Rəbbani Mühyiddin ibn Ərəbi kimi görkəmli müsəlman alimlərin irəli sürdükləri vəhdəti-vücudun kamilliyin sonuncu pilləsi olmadığını, bir növ kəşf xətası olduğunu, kamilliyin bu halı geridə qoymaq olduğunu ifadə etmişdir.
Bir dəfə tələbələrindən biri ona məktub yazaraq, Şeyx Əbdülkərim Yəməni adlı bir şəxsin Allahın küllü bildiyini, ancaq “cüz”dən agah olmadığını iddia etdiyini bildirdi. Bu, yunan fəlsəfəsindən islam dünyasına sızmış bir düşüncə idi. İmam Rəbbani bu məktuba aşağıdakı kəskin cavabı yazdı:
“Ey qardaşım, mən bu qəbildən xurafatlara qulaq asa, dözə bilmirəm. Bu cür şeyləri eşitdikdə Həzrəti Ömərdən gələn qanımın nəbzi yüksəlir, damarlarda dolaşan Faruqi qanı sanki fışqırır. Belə iddialar irəli sürən istər yəmənli Əbdülkərim olsun, istərsə də teyli ibn Ərəbi olsun, heç bir fərqi yoxdur. “Fütuhatı Mədəniyyə” (Peyğəmbərimizdən aldığımız elm və feyz) bizi “Fütuhatı Məkkiyyə”yə (İbn Ərəbinin kitablarından biri) möhtac olmaqdan xilas etdi. Biz İbn Ərəbini deyil, Məhəmməd əl-Ərəbini istəyirik. Biz “Füsus”un (İbn Ərəbinin başqa bir əsəri) deyil, nüsusun (Quran ayələri və hədislərin) arxasınca gedirik!”