Dövrünün məşhur Misir alimi, görkəmli fəqih İmam Leysin İmam Malikə yazdığı möhtəşəm məktub, bəlkə də, fikir ayrılıqları ədəb-ərkanına dair ən gözəl nümunəni təmsil edir.
İmam Leys bu məktubda öz nöqteyi-nəzərini yüksək ədəb-ərkanla İmam Malikə bildirmiş, sonuncunun bəzi görüşləri ilə razılaşmadığını əxlaqi üslubla onun diqqətinə çatdırmışdır.
Məktub uzun olduğundan ondan həmin ədəb-ərkanın ifadə olunduğu bəzi parçaları aşağıda dərc edirik:
“... Sənə salam olsun! Mən özündən başqa ilah olmayan Allaha həmd edirəm. Allah həm bizə, həm də sənə sağlıq versin! Dünyada və axirətdə aqibətimiz xoş etsin!
Məktubunuzu almışam. Orada işlərinizin yaxşı olduğunu yazırsınız ki, bu da məni sevindirir. Allah bunu sizlər üçün davamlı qılsın! Sizi Ona daim şükür edən bəndələrdən etsin, lütfünü sizə daha çox xas qılsın! ...
Sənə çatmışdır ki, mən sizdəki insanların görüşlərinin əksinə fitva verirəm. Və mən özümdən daha çox qorxmağa layiqəm. Çünki verdiyim fitvalara insanlar təsdiqləyərək əməl edirlər. İnsanlar Mədinə alimlərinə tabedirlər. O Mədinə ki, hicrət yurdu idi; Quran oraya da nazil edilmişdi. Bu haqda yazdıqlarımda, inşallah ki, yanılmıram. Sevdiyin elm mənim də xoşuma gəlir. Fitvaları fərqlidir deyə elm əhlinə nifrət etmərəm. Mən ki keçib-getmiş Mədinə alimlərinə üstünlük verirəm, həmrəy olduqları fitvalardan bərk-bərk yapışıram. Aləmlərin rəbbi olan Allaha şükür olsun! Onun heç bir şəriki yoxdur...”.
Sonra İmam Leys məktubunda Mədinə alimlərinin görüşlərinin dəlil olub-olmadığı ətrafında İmam Maliklə razılaşmadığı məqamlardan söz açır. Bildirir ki, peyğəmbərlik məktəbinin məzunu sayılan bir çox səhabə Allahın kitabından, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) sünnəsindən öyrəndiklərini yer üzünün məşriq və məğribinə daşımaq üçün cihada atılmışdılar. O izah edirdi ki, tabein mənsubları, onlardan sonra gələnlər, məsələn, Rəbiə ibn əbu Əbdürrəhman bir sıra məsələlərdə ixtilafa düşmüşlər. İmam Leys məktubunda yazırdı:
“Buna baxmayaraq, Allaha şükür ki, Rəbiənin xeyri çox, düşüncəsi möhkəm, danışığı bəlağətli, fəziləti aşkar, islamdakı üslubu da yaxşıdır. O öz dostlarına, xüsusən də bizə qarşı çox sadiqdir, mehribandır. Allah ona lütf göstərsin, günahlarını bağışlasın, etdiklərinə görə onu xeyirlə mükafatlandırsın”.
Bunları yazdıqdan sonra İmam Leys İmam Maliklə arasında olan bəzi fikir ayrılıqlarına da toxunur. Yağış yağan gecə namazları birləşdirmə, bir şahid və and əsasında hökm çıxarma, başlıq pulunu gecikdirənin ancaq arvadından ayrıldıqda həbs edilməsi, yağış duası zamanı xütbədən qabaq namaz qılmaq və sair məsələlərdə onların arasında fikir ayrılığı vardı.
İmam Leys məktubun sonunda yazırdı:
“Buna oxşar bir çox məsələləri bir kənara atdım. İstəyirəm ki, Allahın uğuru sənə olsun! Allah ömrünü uzun etsin! Çünki bunda insanlara fayda vardır. Sənin kimi birisi gedərsə, (yaranacaq) boşluqdan qorxuram. Oralara gəlsək, sənə bağlanarıq. Bu sənin qəlbimizdəki yerindir, barəndə düşündüklərimizdir, bundan əmin ola bilərsən. Xəbərlərin, vəziyyətin, ailən, uşaqların, ehtiyacların – əgər varsa, – sənə bağlı hər kəs barədə mənə yazmağı əsla yaddan çıxarma. Mən buna çox şad olacağam. Sənə bu məktubu yazdım, Allaha şükür, yaxşıyıq. Allahdan diləyirəm ki, bizi və sizi verdiyi nemətlərinə şükür edənlərdən qılsın, bizlərə verdiyi nemətini tamamlasın. Sizə salam və Allahın lütfü yetişsin!”[1]
Tərcümeyi-hal (təracim) kitablarında, tarixə, müxtəlif növ diskussiyalara dair ədəbiyyatda fikir ayrılıqları ədəb-ərkanının gözlənildiyi elmi müzakirə və mübahisələr haqda məlumat vardır.
Təqlid və təəssübkeşlik yayılıb, alimanə davranışlara “büdrəmə” hakim kəsildikdən sonra alimlər arasında “ixtilaf” ədəb-ərkanı da yox oldu. Bu prosesi, xüsusən, böyük alimlərin tarix səhnəsindən getməsi də sürətləndirdi. O alimlərin ki, İmam Qəzali onlar haqda yazırdı:
“Tabein dövrü alimlərindən o kəslər qalmışdı ki, ilk nəslin yolu ilə gedir, dinin saflığını qoruyur, sələfləri sayılan alimlərin keyfiyyətlərini özlərində əks etdirirdilər. Onları (xəlifələr) çağırdığında boyun qaçırır, üz döndərirdilər. Xəlifələr də məcbur olurdular ki, onları zorla qazılığa və (digər) dövlət işlərinə təhkim etsinlər. Sonralar bu mübarək nəsli dünyalarını din yolu ilə qazanan kəslər əvəz etdilər. Xeyirli (üstün) məqamları alçaq insanlar tutdular...
Həmin dövrün insanları alimlərin böyüklüyünün, imam və valilərin onlara olan ehtiyacının, onların da bu vəzifələrdən üz çevirmələrinin şahidi oldular. Bu alimlər elmlə məşğul olmaqla böyüklük məqamına yüksəldilər. Sonra elələri meydana çıxdı ki, valilərdən cah-calal əldə etdilər, fitva elmi üzərində çalışdılar, özlərini valilərə təqdim etdilər, onlarla tanış oldular, onlardan valilik istədilər. Onlardan bu işdə uğur qazananlar da oldu. Onlar istəmə zəlilliyindən, alçaldıcı bayağılıqdan uzaq deyildilər. (Vəzifə üçün) tələb olunan fəqihlər sonralar özləri bunu tələb etməyə başladılar. Sultanlardan üz çevirməklə böyüklük qazananlar sonralar onlara ağız açıb zəlil oldular. Təbii ki, Allah Təalanın hər bir əsrdə müvəffəq qıldığı din alimləri istisnadır”[2].
İmam Qəzali (Allah rəhmət etsin!) o dövrün alimlərini real şəkildə təsvir edərək göstərmişdir ki, valilərin qapılarını döymək üçün din yeganə vasitəyə çevrilmişdi; onların sevgisini qazanmaq istəyi alim donunu geyinmiş şəxsləri elm öyrənməyə sövq etmişdi.
İmam Malik (Allah rəhmət etsin!) deyirdi:
“Bu elm (din) dörd şəxsdən öyrənilməz: a) səfehdən; b) öz bidətlərinə çağıran nəfsinə qul olmuş şəxsdən; v) Peyğəmbərin hədislərini yalan qatmaqda ittiham olunmasa da, insanlarla danışdıqda yalan söyləyəndən; q) Fəzilətə, xeyirxahlığa, ibadətə sahib olsa da, nəyə sahib olduğunu və nəyi danışdığını bilməyəndən”[3]...
“Doğrudan da, bu elm – dindir. Dininizi kimdən öyrəndiyinizə diqqət edin. Bu sütunların yanında (Peyğəmbər məscidinə işarə edirdi:) “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) belə söyləmişdir”, – deyən yetmiş şəxs görsəm də, onlardan heç nə öyrənmədim. Onlara var-dövlətlə dolu ev əmanət edilsəydi, onu qoruyardılar, amma bu işin (din öyrətmənin) əhli deyildilər. Lakin İbn Şihab gəldiyində, qapısının ağzında basa-bas salardıq”[4].
Bu cür keyfiyyətlərə sahib şəxslər arasında nadir hallarda fikir ayrılığı yaranırdı. Yaransa da, haqqı aşkara çıxarmaq üçün yaranırdı. Nəfsi istəklər onların gözünü bağlamazdı; onlar yalnız haqqa çağırardılar.
Biz alimlərimizin riayət etdiyi ədəb-ərkan qaydalarını öyrənməli, onları özümüzə nümunə götürməliyik. Onların dostluğu bizə nümunə olmalıdır.
Məqalə T.C. Ülvaninin “İslamda fikir ayrılıqları və ədəb-ərkanı” kitabından götürülmüşdür. [1] Məktubun tam mətni üçün bax: E`lam əl-müvəqqəin, cild III, səh. 83-88; əl-Fikir əs-Sami, cild I, səh. 370-376.
[2] Əbu Hamid əl-Qəzali. Ehya ülum əd-din, cild I, səh. 41.