Ölkənin ən böyük məscidi Strasburq şəhərində istifadəyə verilib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Fransanın Strasburq şəhərində ölkənin indiyədək inşa edilmiş ən böyük məscidinin açılış mərasimi keçirilib. Məscidin açılış mərasimində Daxili İşlər naziri Manuel Valls da iştirak edib.
Strasburqun Alsak rayonunda tikilən məscidin açılışında çıxış edən nazir Valls məscidin inşasının10 milyon 500 min avroya başa gəldiyini deyib. Habelə nazir sözügedən layihəyə hələ 20 il bundan əvvəl başlanıldığını, ancaq məscidi bugün istifadəyə vermək mümkün olduğunu qeyd edib.
Xarici KİV məscidin inşası üçün vəsaitin əhəmiyyətli hissəsinin Mərakeş, Səudiyyə Ərəbistanı və Küveyt tərəfindən ayrıldığını yazıb. Eyni vaxtda 1500 nəfərin ibadət edəcəyi məscidin diametri 16 metrə çatan qübbəsi saf misdən düzəldilib.
Siyasi səbəblərdən dolayı minarə ucaldılmayan məsciddə xütbə və moizələr fransız dilində veriləcək. Bu arada rəsmi məqamlar Strasburqda əsasən türklərin ibadət etdiyi Əyyub Sultan məscidinin də yaxın vaxtlarda yenidən inşa ediləcəyini açıqlayıblar.