Ana Səhifə » 2010»May»13 » BAXCP sədri Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb
BAXCP sədri Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb
02:23
"Nədən İran rəhbərlərinə müraciət edərək, onları müsəlman
Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə
çağırmırsınız?”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev
İranın dini xadimi, ayətullah Lütfüllah Safi Qolpayeqaniyə açıq məktub
ünvanlayıb.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qüdrət
Həsənquliyev məktubunda "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Ayətullahın
Azərbaycan Respublikasının prezidentinə müraciətini diqqətlə oxuduğunu
yazıb.
Partiya sədri qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi artıq 20
ildir ki, İran İslam Respublikasının dəstək verdiyi, bir dövlət kimi
mövcudluğunu qoruduğu Ermənistan tərəfindən işğal olunub. Həmin
ərazilərdə onlarla məscid, ömürlərinin sonunadək İslama və onun müqəddəs
dəyərlərinə ləyaqətlə xidmət edən müsəlmanların məzarları darmadağın
edilib: "Sizin Sovet İttifaqının amansız şərtləri çərçivəsində
müsəlmanlığını, şiə kimliyini qoruya bilməsindən heyrətə gəldiyiniz
Azərbaycan xalqının bir milyon nümayəndəsi öz doğma Vətənlərindən,
yurd-yuvalarından didərgin salınıb. 30 min müsəlman Azərbaycanlı öz
torpaqlarının müdafiəsi uğrunda şəhid olub, on minlərlə insan - uşaq,
qadın, qoca soyqırımına məruz qalıb, əsir götürülüb, sağlamlıqlarını
itiriblər. Bütün bunlar İran İslam Respublikasının müharibənin ilk
günlərindən başlayaraq dəstək verdiyi Ermənistanın Azərbaycan xalqına
qarşı həyata keçirdiyi cinayətlərin yalnız bir hissəsidir. Nədən İran
İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman
Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə,
sərhədləri bağlamağa çağırmırsınız? Məgər ermənilərin viran qoyduğu
torpaqlar müsəlmanların torpaqları deyil? Məgər Qarabağda gülləbaran
olunmuş, darmadağın edilmiş məscidlərdə müsəlmanlar ibadət etmirdi?”.
Qüdrət Həsənquliyev vurğulayıb ki, faciəli hal Ayətullahın müraciətində
deyildiyi kimi, təkcə "Fatimeyi-Zəhra" məscidinin sökülməsi deyil, həm
də özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikasının
Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı himayə
etməsidir: "Ermənistanın bu günkü prezident Serj Sarkisyan da, onun
rəqibi, sabiq dövlət başçısı Levon Ter-Petrosyan da Azərbaycan
ərazilərinin işğalı zamanı Meğri sərhəd-keçid məntəqəsini Ermənistan
üçün "həyat yolu” adlandırıb. İran müsəlman Azərbaycanın ərazilərinin
işğalında Ermənistana təcavüz üçün yeni nəfəs, həyat verirdi və bu
proses indi də davam etməkdədir. Bu səbəbdən də İranın müsəlman
təəssübkeşliyi barədə bəyanatları nəinki Azərbaycanda, heç bir müsəlman
ölkəsində səmimi qəbul olunmur. Bütün bunlara baxmayaraq, Sizin
"Fatimeyi-Zəhra” məscidi ilə əlaqədar Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevə müraciətinizə qoşuluruq, eyni zamanda ümid
edirik ki, Siz Azərbaycan torpaqlarını işğal altında saxlayan
Ermənistanla münasibətlərə yenidən baxılması üçün İran İslam
Respublikasının prezidenti Mahmud Əhmədinejada da müraciət
ünvanlayacaqsınız”.