Allah - subhənəhu və təalə - hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da birdir. Bu sayılanların heç birində ortağı (şəriki ) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur. «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).