Ana Səhifə » 2009»May»21 » “İlahiyyət fakültəsi” camesi fəaliyyətini davam etdirəcək
“İlahiyyət fakültəsi” camesi fəaliyyətini davam etdirəcək
00:11
Danışıqlardan sonra bu qərara gəlinib
Bakıdakı “İlahiyyət fakültəsi” camesi ilə bağlı Türkiyənin
Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb.
Danışıqların nəticəsi olaraq “İlahiyyət fakültəsi” camesinin
fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə
Lent.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşaviri
Müzəffər Şahin Lent.az-a açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi ilə danışıq aparıldığını təsdiqləyib. “Biz
məscidin müvəqqəti qapadılması ilə bağlı xəbəri alandan sonra
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsilə danışdıq. Oradan
bildirildi ki, belə bir şey danışıq mövzusu deyil. Bu, bizə verilən
rəsmi açıqlama idi. Biz də eyni şeyi söyləyirik ki, “İlahiyyət
fakültəsi” camesinin fəaliyyəti, orada ibadət davam edir”.
Məscidin sənədlərinin qaydasında olmamasına gəlincə, M.Şahin bunu da
təsdiqləyib: “Hələ 1993-cü ildə “İlahiyyət fakültəsi” camesinin
inşaatına başlanarkən Yasamal rayonu İcra Hakimiyyətinin rəsmiləri
tikinti işlərinin başlanmasına icazə verib. Bununla da məscid tikilib,
tikinti bitdikdən sonra – 1996-cı ildən sonra da fəaliyyət göstərir.
Sənədlərdə çatışmazlıq olması doğrudur. Məsələn, “Şəhidlər məscidi”nin
sərəncamı var, ancaq “İlahiyyət fakültəsi” camesinin sərəncamı yoxdur.
Bundan başqa, bir sıra sənədlər də qaydasında deyil. Ümid edirəm ki,
bütün sənədlər qaydaya salındıqdan sonra “İlahiyyət fakültəsi” camesi
dövlət qeydiyyatından da keçəcək”.
“İlahiyyət fakültəsi” camesinin imamı İbrahim Memiş də Lent.az-a
açıqlamasında mayın 22-də məscidin fəaliyyətinin dayandırılmayacağını
bildirib: “Məscid ibadətə açıq olacaq”.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının
yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) Türkiyə Diyanet İşləri Vəqfi
tərəfindən tikilmiş “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin
dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz
zamanı elan edib. Bu barədə məlumatı ilk olaraq Lent.az yayıb.