Bakı Dövlət Universitetinin
(BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) məscidin
fəaliyyəti iki gündən sonra dayandırılacaq.
Bu barədə Lent.az-a məlumat
verən mənbə bildirib ki, məscidin imamı mayın 19-da camaat namazında ibadət
ocağının bağlanması barədə xəbərdarlıq aldığını bildirib.
Daha çox
“İlahiyyət camesi” kimi tanınan məscidin imamı, Türkiyə vətəndaşı İbrahim Memiş
Lent.az-a faktı təsdiqləyib: “Məni mayın 19-da Bakı Şəhər Baş Polis İdarəsinə
dəvət etdilər. Orada bildirildi ki, Bakı Dövlət universitetinin rektoru Abel
Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə idarəyə
şikayət edib. Bildirdilər ki, məscid fəaliyyətini dayandırmalıdır. Biz cümə
namazında məscidin bağlanmasını elan etmək üçün mayın 22-dək vaxt istədik. Mayın
22-də cümə namazından sonra məscid fəaliyyətini dayandıracaq. Bu məscid də
Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” camesi kimi Türkiyə Diyanet
İşləri Vəqfi tərəfindən tikilib”.
Məscidin qanunsuz tikilməsi və
fəaliyyət göstərməsi barədə imamın öz fikirlərinə gəlincə, İ.Memiş bunları
deyib: “Qanunsuz bu boyda tikili ucaltmaqmı olar?”
Azərbaycanın Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva
Lent.az-a bildirib ki, sözügedən məscidin sənədləri qaydasında deyil: “Tövsiyə
olunub ki, sənədləri qaydasına salınsın. Məscidin bağlanması ilə bağlı heç bir
göstəriş verilməyib”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Din
müşavirliyindən Lent.az-a verilən açıqlamada məsələdən xəbərdar olduqlarını
bildiriblər. Lakin məsələyə şərh verilməyib.
Lent.az məsələyə münasibət
öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə də
müraciət edib. Lakin hələlik münasibət öyrənmək mümkün olmayıb. Səfirlik
münasibət açıqlayarsa, oxucuların diqqətinə çatdıracağıq.
Pərvin
ABBASOV
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 920 | Tarix: 21.11.2024