Çağdaş
gəncliyimizin sıralarında İslam dinin ilahi prinsiplərini düzgün
anlamayan və təkfirçi mərəzinə düçar olmuş bir sıra şəxslər hakimiyyət,
din və icma başçılarını kafir adlandırmağı, terror hadisələri
törətməyi, qiyam etməyi və s. bu kimi təhlükəli söz və əməlləri, guya,
Allah yolunda aparılan cihad sayırlar. Onlara nəsihət etməyi özümüzə
borc bilərək tanınmış İslam alimlərinin mövzu ilə əlaqədar söylədikləri
dəyərli fikirləri bu kiçik risaləyə topladıq. Allahdan, onları alim və
əməlisaleh möminlərin yoluna yönəltməsini diləyirik!
Hənbəl b.
İshaq rəvayət etmişdir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh
alimləri Əbu Abdullahın (imam Əhmədin) yanına gələrək: "Ey Əbu
Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq
həddini aşmış və camaat arasında yayılmışdır" - dedilər. O: "Nə etmək
istəyirsiniz?" - deyə soruşdu. Həmin adamlar: Biz, öz başçımızın
rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə
gəlmişik - deyə cavab verdilər. İmam Əhməd onlarla bir saata yaxın
söhbət etdikdən sonra: "Sizə qəlbinizlə etiraz etmənizi tövsiyə edirəm.
Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (imam
Əhməd başçını əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya
ehtiyacı olan taqətsiz bir insana oxşadır - tər.). Bu işin nə ilə
nəticələnəcəyini nəzərə alaraq, özünüzün və müsəlmanların qanını
axıtmayın. Yaxşı biri gələnə və ya pis gedənə kimi səbr edin" - dedi.
Onlar getdikdən sonra mən atamla birgə Əbu Abdullahın yanına gəldim.
Atam ona dedi: Allahdan özümüzə və Məhəmməd ümmətinə əmin-amanlıq
diləyirik. Belə bir iş heç kimin xoşuna gəlməzdi. Ey Əbu Abdullah, sən
bunu (yəni, itaətsizliyi - tər.) düzgün hesab edirsənmi? O: "Xeyr, belə
bir iş bizə səbr etməyi əmr edən rəvayətlərə ziddir" - dedi".
Əbu
əl-Həris əs-Saiğ demişdir: Mən Əbu Abdullahdan Bağdadda baş vermiş
hadisə haqqında, yəni, bir dəstə insanın qiyama qalxmaq istəməsi barədə
soruşaraq dedim: Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə
sən nə deyirsən? O, qiyamçıların bu işinə öz etirazını bildirərək dedi:
Sübhənallah...! (Nahaq yerə axıdılan - tər.) qanlar, qanlar. Mən bunu
nə dəstəkləyir, nə də əmr edirəm. Bizim hal-hazırda səbr etməmizi,
nahaq qanlar axıdılmasından, mal-dövlətin talan edilərək halal
sayılmasından və haramların baş alıb getməsi ilə nəticələnən bir fitnə
törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən ki, insanların
fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib? Mən ona dedim: Ey Əbu
Abdullah, bu gün insanlar fitnə içində deyillərmi? O: "Olsalar da belə,
bu fərdi fitnədir. Əgər qılınc qaldırılsa, o ümumi bir fitnəyə
çevriləcək və bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini
qorumuş olarsan ki, bu da sənin xeyrinədir". Mən onu rəhbərlərə qarşı
çıxmağı inkar edən gördüm. O deyirdi: (Nahaq yerə axıdılan - tər.)
qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə edirəm".
(əl-Məsəilul-mərviyyə ən imam Əhməd, 2/4)
Şeyxülislam ibn
Teymiyə demişdir: "Əhli Sünnənin məhşur nəzər nöqtəsinə əsasən onlar
başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün
hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna
dəlil Peyğəmbərdən (s.ə.s.) nəql edilən çoxsaylı hədislərdir. Çünki
döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş
zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan
kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə
əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç
yoxdur". (Minhəcus-sünnə, 3/390)
Başqa bir yerdə o demişdir:
"Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər bir şəxsin bu
əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir... Bütün bu
deyilənlər, Peyğəmbərin (s.ə.s.) başçıların haqsızlıqlarına səbr
etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı nə
üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir
işdir. Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa,
onun tutacağı işdə xeyirdən daha çox dağıdıcılıq halları baş
verəcəkdir". (Mənhəcus-sünnə, 4/527-532)
Fitnələr baş verən
zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı
açmamalıdır. Peyğəmbər (s.ə.s.) Məkkədə olarkən ən böyük pisliklərə
şahid olurdu. Lakin onları dəyişdirə bilmirdi. Uca Allah Məkkəni fəth
etdirdikdən sonra ora İslam diyarına çevrildi. Bundan sonra Peyğəmbər
(s.ə.s.) Kəbəni dəyişdirərək İbrahimin qurduğu bir qaydada yenidən
tikmək istədi. Amma O (s.ə.s.), bu işi bacara bilməsi ilə yanaşı daha
böyük bir fəsadın əmələ gəlməsindən çəkindi. Çünki İslamı yenicə qəbul
edərək küfrdən ayrılmış Qureyş əhli bunu düzgün başa düşməyəcəkdi.
Həmçinin
Peyğəmbər (s.ə.s.), Cəhənnəmin dibində yanacaq münafiqləri nəinki qətlə
yetirməyə əmr vermir, hətta onların adlarını belə bildirmirdi.
Münafiqlər müsəlman və möminlərlə ticarət, ailə və s. əlaqələr
qururdular. Buna səbəb isə daha böyük bir fəsadın, yəni, insanların
"Məhəmməd (s.ə.s.) öz əshabələrini öldürür" deməsinin qarşısını almaq
idi.
Möhtərəm alim Abduləziz b. Bəzə: Rəhbərləri minbərlərdən
tənqid etmək sələf prinsiplərinəmi (minhəcinə) əsaslanır? - deyə sual
verdikdə, o dermişdir: Rəhbərlərin eyiblərini ifşa etmək və bu barədə
minbərlərdən bəyanat vermək sələf əqidəsinə uyğun deyildir. Çünki bu,
nəticə etibarı ilə özbaşınalığın yaranmasına, yaxşı işlərdə başçıya
itaət edilməməsinə və heç bir faydası olmayan, əksinə zərər vuran,
dağıdıcı çəkişmələrə gətirib çıxarır. Sələflərin davam etdirdiyi
prinsiplərə əsasən, xeyrə yetişmək üçün baş verən hadisələrdə
rəhbərliyə nəsihət edilməli, yazılı şəkildə müraciət olunmalı, yaxud da
həmin müraciətlərlə əlaqəli ziyalılara üz tutulmalıdır. Günah olan işə,
onun icraçısının adı bildirilmədən etiraz edilir. Məsələn, zinaya,
içkiyə və ya faizə, onu icra etmiş şəxsin adını demədən etiraz edilir.
İstər hakim yaxud da qeyrisi tərəfindən icra edilən hər hansı bir
günahkar əmələ ad çəkmədən etiraz etmək və ya çəkindirmək kifayətdir.
Osmanın
(A.o.r.) xəlifəliyi dövründə fitnə düşdükdə bəzi adamlar Usamə b. Zeydə
(A.o.r.): Bəlkə Osmanla söhbət edəsən? - dedilər. O: Elə bilirsiniz ki,
mən onunla sizin qarşınızda danışacağam. Xeyr, mən onunla qapısını
birinci açan olmaq istəmədiyim bir işdən çəkinərək təklikdə söhbət
edəcəm - deyə cavab verdi. (Səhiheyn).
Lakin xəvariclər
Osmanın zamanında şərin qapısını açdıqdan sonra ona açıq şəkildə öz
etirazlarını bildirdilər. Bu, insanların (azacıq da olsa, kiçik bir
qisminin - tər.) günümüzə kimi təsiri altına düşdükləri bir
fitnə-fəsada və döyüşlərə səbəb oldu. Hətta Əli (A.o.r.) ilə Müaviyyə
(A.o.r.) arasına belə bir fitnə düşdü. Osman isə, məhz bu səbəbdən
öldürüldü. Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz
edildiyinə və eyiblər car çəkildiyinə görə qətlə yetrildi. İnsanlar bu
hadisələrdən sonra öz başçılarına nifrət edərək onları öldürdülər.
Allahdan bağışlanma diləyirik". (Ələqatu beynəl-hakim vəl-məhkum,
səh.23)
Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Kim bir başçıya
nəsihət etmək istəyirsə, bu işini açıq şəkildə (yəni, aləmə car çəkərək
- tər.) etməsin. Əksinə onun əlindən tutaraq xəlvətə çəkilsin. Əgər
başçı qəbul edərsə, bu (xeyırdir -tər.), yox əgər qəbul etməzsə,
nəsihətçi öz vəzifəsini yerinə yetirmiş sayılır". (İbn Əbi Asim, 2/521;
Əlbani səhih demişdir)
Dahi alim Əlbani demişdir:
Deyilənlərdən məqsəd budur ki, xəvariclər İslamda bədnam bir yol
qoyaraq, müsəlmanların başçılarına qarşı itaətsizlik göstərməyi əsrlər
boyu özlərinin "dini" məqsədinə çevirmişlər. Baxmayaraq ki, Peyğəmbər
(s.ə.s.) çoxsaylı hədislərdə onlara qarşı ehtiyatlı davranmağı
tapşırmışdır. Belə rəvayətlərdən biri də: "Xəvariclər cəhənnəmin
itləridir" - hədisidir. Əslində, onlar öz başçılarını, açıq-aşkar
(yəni, insanı İslam dinindən çıxaran - tər.) küfr etdiklərinə görə
deyil, zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər.
Bu gün, İslamın müqəddəs ilahi prinsipləri ilə səthi tanış
olmuş bir dəstə müsəlman gənc, bir çox hakimlərin Allahın endirdiyi ilə
hökm etmədiyini görərək, elm, fiqh və hikmət sahibləri ilə
məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlır. Onların bu məsələni
özbaşına həll etməsi, Misirdə, Suriyada və Əlcəzairdə nahaq qanların
tökülməsi ilə nəticələnən ümumi bir fitnəyə səbəb olmuşdur. Bu
yerlərdən də öncə Məkkədə (son dərəcə ağır nəticələr vermiş - tər.)
fitnə-fəsad törədilmişdir. Onlar belə əməlləri ilə xəvariclər istisna
olmaqla, sələf və xələflərdən ibarət müsəlmanların riayət etdiyi bu
səhih hədisə (işarə edir: "Allah yanında sübutunuz olacaq açıq-aşkar
bir küfr görməyincə" rəvayətinə - tər.) müxalif olmuşlar. (Səhih
Hədislər silsiləsi)
Şeyx Əlbani demişdir: "Yazı və
mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim
tənqidi baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər.
Çünki Peyğəmbərdən (s.ə.s.), asiliklər istisna olmaqla rəhbərə itaət
barədə çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhihə, 179). Başqa
hədislərdə isə, açıq-aşkar küfr görməyincə sənə zülm etsələr və ya
döysələr belə onlara itaət etməyin vacibliyi bildirilmişdir. "Fiqh
üsulu" elminə görə, əgər müsəlman və ya müsəlmanlar hər ikisi fəsadlı,
lakin təhlükə baxımından biri digərindən daha qorxulu bir işlə
üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa sözlə
desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha
böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil
etdiyim "fiqh üsulu" qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki
hakimlərə qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir
hakimin zülm və ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə
əhəmiyyət verməməsi işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən
bunu öz düşüncəmlə, lakin irəlidə qeyd etdiyim şəriət dəlillərinə
əsaslanaraq deyirəm: Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli
olduğunu fərz etsək belə bunun icrası yolverilməzdir.
Çünki
təəsüflər olsun ki, biz bu gün kafir müşriklərin müsəlman ölkələrinə
qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu qiyamçılar bəzi müsəlman
hakimlərə qarçı çıxmaq istəyirlərsə, elə qoy kafir müşriklərə qarşı
çıxsınlar. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər.
Bu səbəbdən mən, iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların
həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman
cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində
müsəlman olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər
olmasıdır. Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə
yolverilməzdir. Buna görə də biz, qiyamçıları və ya qiyama qalxmağa
çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da Allahın
Məhəmməd (s.ə.s.) peyğəmbərin qəlbinə endirdiyi İslamdan xəbəri olmayan
və nadanlığın (cəhalətin) kökündə dayanan müsəlmanlar olması
fikrindəyik". (Fətəva əl-uləmə əl-əkəbir, səh. 91)
Günümüzdə
bəzi insanlar, mən bu sözlərin icraçısı deyiləm, sadəcə
təbliğatçısıyam, deyərək camaat arasında şər yayırlar. Dahi alim İbn
Həcər xəvariclərin parçalandığı firqələrini sadalayaraq demişdir:
"əl-Qaədiyyə, başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama
qoşulmayan firqəyə deyilir". (Hədyus-səri, 483; Ğarrasul-əsəsi, 373)
Möhtərəm
alim Saleh əl-Useymin demişdir: İnsanı təəccübləndirən Peyğəmbərə
(s.ə.s.) tənə etmə şəklidir. Belə ki, Ona: Ədalətli ol! Sən bu bölgünü
Allah xatirinə etmədin - deyilmişdir. Peyğəmbər (s.ə.s.) isə
buyurmuşdur: Bu kişiyə oxşayanlar peyda olacaq ki, sizin (müraciət
əshabələrədir - tər.) namazınız onların namazları ilə müqayisədə
dəyərsiz sayılacaq. (Səhiheyn). Bu, hakimlərə qarşı çıxmanın qılınc və
sözlə ola bilməsinə ən böyük sübutdur. Çünki bu kişi, Peyğəmbərə
(s.ə.s.) qarşı əlinə qılınc götürməmişdi. Lakin Ona (s.ə.s.) öz
etirazını bildirdi. Əhli Sünnənin bəzi kitablarında itaətsizliyin
qılıncla olmasına gəlincə bu, Peyğəmbərin (s.ə.s.) bildirdiyi kimi, ən
son mərhələdəki üsyandır. Məsələn zina gözlə, qulaqla, əllə və ya
ayaqla olur. Lakin bunların ən böyüyü və əsil zina sayılanı, övrət yeri
ilə edilənidir. Buna görə də Peyğəmbər (s.ə.s.)buyumuşdur: "Övrət bu
işi ya təsdiqləyəcək ya da yalanlayacaq". (Səhiheyn).
Bu, belə
bir ifadə işlətmiş alimlərin güddükləri məqsəddir. Biz hadisələrin
cərəyan etməsini müşahidə edərək tam yəqinliklə bilirik ki, qılıncla
qiyama qalxmaq üçün ilk öncə təbliğat aparmaq lazımdır. İnsanların
səbəbsiz yerə qılınc götürüb başçıya qarşı çıxması qeyri mümkündür.
Təbii ki, onlar arasında söhbət aparılmalıdır. Deməli, sözlə hakimə
qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut irəlidəkı hədislər və baş
verən hadisələrdir. Hədislərə gəlincə, artıq onları bildiniz. Baş
verənlərə gəlincə biz tam yəqinliklə bildiririk ki, qılıncla qiyam
sözlə qiyamın bir hissəsidir. Çünki insanlar "Ya Allah, get qılıncı
götür" deməklə başçıya qarşı çıxmırlar. İlkin olaraq başçının
pislənməsi və yaxşı işlərinin ört-basdır edilməsi kimi bir başlıq
olmalıdır ki, insanların qəlbi nifrətlə dolsun. Məhz bu zaman insanlar
bəlaya düçar olurlar". (Bu sözlər şeyx Useyminin, imam Şəvkaninin
"Raful-əsətin fi hukmil-ittisal bisələtın" kitabına verdiyi
açıqlamalardan götürülmüşdür. Həmçinin Fətəva əl-uləmə əl-əkəbir,
səh.95-ə bax!).
Uca Allahdan bu şəxslərin islahını, alim və
əməlisaleh insanlardan ibarət möminlərin yolunu davam etdirmələrini
diləyirik. Həqiqətən Allah duaları eşidən və qəbul edəndir.
|