Avqustun 17-də baş verən partlayışdan sonra “Əbu-Bəkr” məscidindən daha
azan səsi gəlmir. Ümumiyyətlə, məscid o vaxtdan bağlıdır. Onun
ətrafında saysız-hesabsız söz-söhbət oldu, ən müxtəlif versiya və
ittihamlar səsləndi, cəmiyyətdə vəhhabilər haqda rəvayətlər yenidən
gündəmə gətirildi.
O vaxtdan 4 aydan çox vaxt keçir. Amma
fəaliyyəti yaydan dayandırılmış “Əbu-Bəkr”in qapıları dindarların üzünə
hələ də bağlıdır. Sözügedən məsciddə namaz qılan dindarlar isə Allah
evinin hələ də bağlı qalması faktı ilə razılaşmır. Məscidlə bağlı bu
günə kimi mətbuatda bir çox məqalələr dərc olunub, məlumatlar yayılıb.
Bizi maraqlandıran məsələ isə hazırda “Əbu-Bəkr”dəki vəziyyət, ətrafda
yaşayan insanların, orada ibadət edən dindarların məscidin hələ də
qapalı qalmasına olan münasibəti idi. Bu səbəbdən də məscidə gedib
onunla bağlı vəziyyəti yerində öyrənmək istədik, ətrafdakı insanlarla,
əvvəllər orada namaz qılan dindarlarla söhbətləşdik. Əvvəllər bu küçədə
namaz vaxtı adam əlindən tərpənmək olmurdu. Həmin vaxt bu küçədən
keçməyə məcbur olanlar “insan tıxacı”na düşməmək üçün başqa yolu
seçirdi. Ancaq “Əbu-Bəkr”dəki partlayışdan sonra məscidin həndəvəri
tamamilə boşalıb. İbadət ocağının qapısından içəri keçmək istəsək də
qapı bağlı olduğundan cəhdimiz baş tutmadı. Məscidin qarşısında polis
maşını dayanmışdı, heç kəsə Allah evinə daxil olmağa icazə verilmirdi.
Maşında iki polis çavuşu var idi. Onlardan biri mürgüləyir, digəri isə
keşik çəkirdi. Məscidə daxil olmaq istəyərkən polis nəfəri tez maşından
düşərək “Ora olmaz” deyə xəbərdarlıq etdi. Qəzetdən gəldiyimizi və
sadəcə olaraq şəkil çəkib gedəcəyimizi bildirsək də polis qəti şəkildə
“olmaz” dedi: “Bizə göstəriş verilib, bu göstərişi yerinə yetiririk”. Dindarlarla
hər hansı problem olub-olmadığını soruşuruq. Polis çavuşu “Dindarlarla
aramızda heç bir insident-filan yoxdur. Əvvəllər belə hallar olurdu.
İndi özləri də başa düşür ki, bu, bizlik deyil. Qanun belədir”- deyə
izahat verir. Əməkdaşımız bayır tərəfdən məscidin şəklini çəkmək istəsə
də polis müdaxilə etdi: “Burada şəkil çəkmək olmaz”.
“Biz dindarlara danışmağa icazə vermirlər”
Az keçmiş məsciddən şalvarının balağı qısa olan saqqallı bir gəncin
çıxdığını görüb ona yaxınlaşırıq. Özünü Xəyal kimi təqdim edən bu şəxs
məscidin mühafizəçisi olduğunu söyləyir: “Mən məsciddə qalıram. Ora
hələ ki heç kimi buraxmırlar. İstəyərdik ki, məscid tez bir zamanda
açılsın. Hamımız rahat şəkildə namazımızı qıla bilək”. Ona başqa
suallar vermək istəyirdik ki, “bağışlayın, mən bundan artıq heç nə
danışa bilmərəm. Bizə danışmağa icazə vermirlər” deyib aralanır. Söhbətləşdiyimiz
Rüstəm adlı dindar da məscidin açılmasını səbirsizliklə gözlədiklərini
dedi: “Deyirlər bu yaxınlarda açılacaq. Amma hələ bir xəbər yoxdur.
Məscidin açılmasını səbirsizliklə gözləyirik”. Bundan sonra yaxınlaşdığımız bütün dindarlar (onların hamısı uzun saqqal saxlayır, balağı qısa şalvarlar geyinir) da heç nə demək istəmədən bizdən uzaqlaşırdı.
İşi aparan hakimin müəmmalı ölümü sakinləri qorxudub
Bir zamanlar məscidin bağlanmasını tələb edən “Əbu-Bəkr”in ətrafında
yaşayan sakinlərin əksər hissəsi “biz burada yaşamırıq” deməklə
kifayətlənirdi. Eldar adlı sakin isə camaatın bu susqunluğunu onların
qorxması ilə izah etdi: “Əvvəllər hamı məscidin bağlanmasını istəyirdi.
Məhkəməni aparan hakimin müəmmalı ölümündən sonra isə hamı qorxdu.
Camaat elə fikirləşir ki, hakimi ya vəhhabilər öldürüb, ya da o,
Allahın qəzəbinə gəlib. Bu səbəbdən də heç kim daha narazılığını
bildirmir. Narazılığın əsas səbəbi cümə günləri burada vəhhabilərin çox
olması ilə bağlı idi. Küçə dolu olurdu, hərə bir tərəfdə canamazını
sərib namaz qılırdı. Heç kəs küçədən keçə bilmirdi”. Adının
çəkilməsini istəməyən digər sakin isə bildirdi ki, vəhhabilər onların
övladlarını təsir altına salır: “Məhəllədə yüzlərlə ananın gözü yaşlı
qalıb. Hamımızın uşaqları saqqal saxlayır, qısa balaqlı şalvar geyinir.
Hər gün bura toplaşırlar. Namaz vaxtı əllərindən tərpənmək olmur. Buna
hansı ana dözər?” Ələkbər Cəfərov adlı digər sakin isə başqa
fikirdədir: “Azan səsi bizi niyə narahat etməlidir ki?! Axı bu səs
Allahın çağırışıdır, insanları namaza, ibadətə çağırır. Bircə dənə cümə
günləri narahatçılıq olurdu. Heç kəs həyətində maşın saxlaya bilmirdi.
Amma buna da dözmək olardı. Bizim məsciddən heç bir narazıçılığımız
olmayıb”. İsmayıl Qurbanov adlı başqa sakin isə məscidin Allah evi
olduğunu və onu bağlamağa heç kimin ixtiyarının çatmadığını bildirdi:
“Burada tək-tük adam taparsınız ki, onlar məscidin bağlanmasına
tərəfdar olsun. Hamı Allah evinin açılmasını istəyir. Həmişə səs-küylü
olan məhəllə indi sükut içindədir. Belə iddialar səslənir ki, azan səsi
biz sakinləri guya narahat edir. Bu sözü deyən adamın özü axmaqdır.
Bəyəm biz kafirik? Azan səsi bizi niyə narahat etməlidir ki?!” Beləcə, məsciddən ayrılıb redaksiyaya gəlirik. Yolboyu bu suala cavab tapmağa çalışırıq: “Azan səsi bəs onda kimi narahat edir?” ZÜLFİYYƏ, ŞƏHRİYAR
|