Məscid ətrafında həyəcan İnformasiya
redaksiyamıza daxil olan kimi dərhal məscidə yollandıq. Məscidə gedən
yolda post patrul xidmətinə aid avtomobillər dayanmışdı. Məscidin
qabağında isə 3 polis nəfəri gələnləri geri qaytarırdı. “Əjdər Bəy”in
qarşısındakı polislərdən əlavə ətrafda 10-dək başqa polislər də var
idi. Mülki geyimli bir neçə şəxs də ərazidə dərin müşahidələr
aparırdılar. Dindarları məscidə “yer yoxdur” izahı ilə ərazidən
kənarlaşdırırdılar. Əldə etdiyimiz məlumata görə “Əbu Bəkr” icmasına
aid insanların əsas ibadət yerləri olan “Şəhidlər” və “İlahiyyat”
məscidlərində belə bir hal yaranmayıb.
Terror təhlükəsi hardadır?
Təxminən, 12:35-də məsciddən dindarlar çıxmağa başladı. Onların
sözlərinə görə polis saat 11-dən məscidin qabağına post qoyub; məscidin
içində kifayət qədər yer qalsa da insanları cümə namazına buraxmayıb. Ən
maraqlı məqam odur ki, cümə namazı bitdikdən sonra polislər heç nə
olmayıbmış kimi bir nəfərədək ərazini tərk etdilər. Onlar gedəndən
sonra çöldə dayanan insanlar məscidə daxil olub zöhr namazlarını
qılmağa başladılar. Məntiqi olaraq, anormallıq yaranır; bəyəm terror
təhlükəsi təkcə cümə namazı ilə bağlıdırmı? Tutaq ki, kimsə həqiqətən
“Əbu Bəkr” dini icmasına qarşı terror həyata keçirməkdə maraqlıdır;
belə çıxır ki, bu terror ancaq cümə namazı vaxtı törədilməlidir? Yeri
gəlmişkən, xatırladaq ki, 17 avqustda məscidə bomba atılan gün də cümə
namazı qılınan gün yox, bazar günü idi.
Məscidin imamı çaşqınlıq içindədir
Yaranan vəziyyətlə bağlı biz məscidin imamı Rauf Abbasquliyevlə
söhbətləşdik. Onun sözlərinə görə axırıncı dəfə polisin məscid
qarşısında post qurması sentyabrın 15-də olub; o vaxt da məscidə
dindarları məhdud sayda buraxmışdılar. Məscidin imamı deyir ki,
sonradan problem qismən də olsa yoluna qoyulub, məscidin içərisi tutan
qədər insanın ibadət etməsinə heç bir müdaxilə olunmayıb. Bu gün (dünən
) isə polisin səyi nəticəsində məscidin üçdə ikisi boş qalıb: - Ola bilərmi polis sizin xütbənizi daha az adam dinləsin deyə özəlliklə cümə namazına belə müdaxilə edir? - Xeyr, düşünmürəm ki, belə olsun. Axı xütbə onsuz da məscidin içində səslənir. - Bəlkə xütbə üçün seçdiyiniz mövzular arzu edilən deyil. Məsələn bu gün nə haqda xütbə etməyi planlaşdırmışdınız? - İslam qardaşlığı haqqında”. Cənab
Abbasquliyev gücləndirilmiş polis rejiminin səbəbləri haqqında heç nə
bilmədiklərini də dedi: “Hər halda bizə bu haqda heç bir xəbərdarlıq
filan edilməyib. Qabaqkı həftələrdə burda bir nəfər mülk mühafizə
olardı. Daha bu qədər polisə nə ehtiyac var biz anlamırıq”.
Qiyaməti gözləyənlər Söhbət etdiyimiz sıravı
dindarlar son aylarda onlara yaradılmış maneələri əsl səbəbini tapmaqda
çətinlik çəkdiklərini bildirirlər. Onlardan biri şikayətlənir ki,
ölkədə hətta satanistlərin öz inanclarını rahat həyata keçirməyə şərait
olduğu halda sələfilərə qarşı ayrı-seçkilik aparılır: “Cümə namazını
Allah (s.T) Quranda bizim üçün əmr edib. Əlhəmdulillah rəhbərlərimiz də
müsəlmandır, bəs niyə bizə cümə namazlarımızı qılmağa imkan vermirlər.
Bu ölkədə sinaqoqa, kilsəyə sərbəst girib çıxıb ibadət edirlər,
məscidin qabağına isə polis qoyurlar. Qiyamət günü bunun sorğu sualı
çox ağır olacaq”.
Natiq
|