İman insanı yaxşılıqlara yönəldən və dünyaya aldanmaqdan qoruyan bir qüvvədir. Buna görədir ki, qullarını yaxşı əməllərə çağırıb, pis əməllərdən çəkindirən Allah bunu onların qəlblərində qərar tapmış imanın zəruri şərti kimi təqdim edir:
"Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!” (ət-Tövbə, 119).
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) bildirmişdir ki, güclü iman gözəl əxlaq doğurur. Əxlaqi çöküş imanın zəifliyindən, yaxud yoxluğundan irəli gəlir.
Allahın rəsulu (Ona Allahın xeyir-duası və salamı olsun!) arsız, əyri yolda olan, heç kəsə əhəmiyyət vermədən alçaqlıq edən şəxslər haqda buyurur:
"İman və həya bir-birinə bağlıdır. Biri gedərsə, digəri də gedər”[1].
Qonşularını incidib, onlara pislik edənlər barəsində İslam çox sərt hökmlər çıxarıb. Bu haqda peyğəmbərimiz (Ona Allahın xeyir-duası və salamı olsun!) deyib:
"Allaha and olsun ki, iman etməmişdir, Allaha and olsun ki, iman etməmişdir, Allaha and olsun ki, iman etməmişdir.” Soruşdular: "Kim iman etməyib, ey Allahın rəsulu?” Cavab verdi: "Əlindən qonşularının zar ağladığı şəxs iman etməmişdir”[2].
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ümmətinə boş sözlərdən uzaq durub gəvəzəlikdən çəkinməyi öyrədər və deyərdi:
"Allaha və Axirətə inanan şəxs ya xeyir söyləsin, ya da sussun!”[3]
Bununla da Allahın rəsulu (Ona Allahın xeyir-duası və salamı olsun!) iman kamilliyi və səmimiliyini əsas götürməklə qəlblərə əxlaq aşılayır, bəhrəsini görsünlər deyə müsəlmanları əxlaqlı olmağa çağırırdı.
Bəzi müsəlmanlar ibadətlərin yerinə yetirilməsini asan hesab edib, cəmiyyət arasında dini ayinlərin icrasına hərislik göstərsələr də, eyni zamanda, həqiqi iman və gözəl əxlaqca məqbul sayılmayan hərəkətlərə yol verirlər.
İslam peyğəmbəri (Ona Allahın xeyir-duası və salamı olsun!) belə insanlardan ümmətini xəbərdar edib.
Əslində onlar ibadətlərin ruhuna yiyələnə, səviyyəsini anlaya bilməyən, dini ayinləri formal icra edən təqlidçilərdir. Namaz hərəkətlərini şüursuzca təkrarlayan azyaşlı uşaqlardır onlar! Bəlkə də onlar hərəkətləri təqlid edən aktyorlara oxşayırlar. Ancaq bütün bunlar imanın yəqinliyinə xələl gətirmir.
Təbii ki, üstün davranış və fəzilətli xarakter üçün sarsılmaz bünövrə lazımdır ki, bu da gözəl əxlaqdır!
Rəvayət olunur ki, bir dəfə bir kişi Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) deyir: "Ey Allahın rəsulu, filan qadın çoxlu namaz qılır, oruc tutur və sədəqə verir. Ancaq dili ilə qonşularına əziyyət edir.” Peyğəmbər: "O cəhənnəmlikdir”, – deyə buyurdu. Kişi sözünə davam etdi: "Ey Allahın rəsulu, filan qadın isə az namaz qılıb, oruc tutsa da, pendir parçalarını sədəqə verir, qonşularına da zülm etmir.” Peyğəmbər buyurdu: "O cənnətlikdir”[4].
Bu cavabda gözəl əxlaqın qiymətləndirilməsi vardır. Həmçinin, bizə aydın olur ki, sədəqə başqalarına fayda toxunduran ictimai ibadətdir. Bu səbəbdən onun azlığı namaz və orucun azlığı kimi deyildir. Çünki namaz və oruc görünüşcə fərdi ibadətlərdir.
İslam peyğəmbəri (Ona Allahın xeyir-duası və salamı olsun!) əxlaqın həqiqi iman və ibadətlə əlaqəsi barədəki suala cavab verməklə kifayətlənməmiş, əksinə, əxlaqı dünya və axirət səadəti üçün əsas bilmişdir.
Əxlaq çox mühüm bir məsələdir. Könüllərdə və düşüncələrdə möhkəmlənməsi üçün davamlı mənəvi təlimatlara və mütəmadi nəsihətlərə ehtiyac vardır. İman, xeyirxahlıq və əxlaq bir-biri ilə sıx bağlıdır. Onları bir-birindən heç kəs ayıra bilməz.
Bir gün Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabələrindən soruşdu:
– Müflis kimdir, bilirsinizmi?
Səhabələr:
– Bizcə, müflis pulu və malı olmayandır, – deyə cavab verdilər
Peyğəmbər dedi:
– Ümmətimdən müflis o kəsdir ki, Qiyamət günü namazla, zəkat və orucla gələr. Gəlməyinə gələr, amma ona-buna söymüş, iftira atmış, başqasının malını qəsb etmiş, kiminsə qanını tökmüş, kiməsə də əl qaldırmışdır. Odur ki, yaxşı əməllərindən ona-buna verilər. Mühakiməsi başa çatmadan yaxşı əməlləri tükənərsə, haqq sahiblərinin günahları ilə yüklənər, sonra da cəhənnəmə vasil edilər[5].
Bəli, həqiqi müflis budur. O, dükanında min manatlıq malı, iki min manat da borcu olan tacirə oxşayır. Beləsinə varlı demək olarmı?!
Bəzi ibadətləri yerinə yetirsə də, şər işləyən, sifət sallayan, ədavət bəsləyən "dindar”ları təqva sahibi hesab etmək mümkündürmü?
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) bu haqda deyib:
"Buz suyu əritdiyi kimi, gözəl əxlaq da günahları "əridər. Pis əxlaq da sirkə balı necə korlayırsa, eləcə yaxşı əməlləri korlayar”[6].
Nəfsi eybəcərliklərin zərər və təhlükəsi artarsa, paltarını soyunan şəxs lüt-üryan qaldığı kimi, insan da dinsiz qalar. Belə insan mömin olduğunu söyləsə də, yalan deyir. Əxlaq olmadan dinin nə dəyəri? Allaha bağlılıq adı altında bu cür çürüklüyün bir mənası varmı?!
İmanın əxlaqla bağlılığına dair açıq-aşkar prinsipləri təsdiqləyən Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) deyirdi:
"Namaz qılan, oruc tutan, həccə və ümrəyə gedən, "mən müsəlmanam” – deyən kəsdə bu üç xasiyyət varsa, deməli, münafiqdir: a) ağzını açdımı, yalan danışar; b) verdiyi sözü tutmaz; v) əmanətə xəyanət edər”[7].
Hədisin başqa versiyasında deyilir:
"Münafiqin üç əlaməti olur: a) yalan danışar; b) vədinə xilaf çıxar; v) əhdə vəfa göstərməz. (Belə insan) namaz qılsa da, oruc tutsa da, "mən müsəlmanam” – desə də, (münafiqdir ki münafiq!)”.
Başqa bir hədisdə də oxuyuruq:
"Bu dörd xislət kimdə varsa, o, həqiqi münafiqdir. Bu xislətlərdən birinə sahib olan kəs isə həmin xisləti tərgitənədək münafiq sayılar. (Həmin dörd xislət aşağıdakılardır:) a) əmanətə xəyanət edər; b) yalan danışar; v) əhdə vəfa göstərməz; q) mübahisə edərsə, kin qusar (ürəyində nə varsa, qarşı tərəfə söyləyər)”[8].
Məqalə Şeyx Məhəmməd Qəzalinin "Müsəlmanın əxlaqı” kitabından tərcümə edilib.