«Neçə gündür özünü halsız hiss edir, dedim bəlkə nədənsə qorxub? Ona görə bura gətirdim». Bakının Maştağa qəsəbəsinin sakini Səkinə xanım «yüngüllük» üçün tez-tez 13 yaşlı qızını çıldağa gətirdiyini deyir.
QEYD: Çıldaq-türkəçarənin bir növüdür. Lap qədimdən qorxuluğu götürmək məqsədilə çıldaqdan istifadə ediblər. Çıldaq zamanı parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqlarına, onurğanın qurtaracaq hissəsinə vururlar. Ənənəvi üsuldan başqa, çıldaqçıların hərəsinin öz üsulları da olur: bəziləri çıldağı etdikdən sonra qurğuşunu əridib baş üzərində bir neçə dəfə hərləyir, eləsi də olur ki, nəzər damarını (kürəyini) möhkəmcə ovxalayırlar.
NAZİRLƏR, DEPUTATLAR, MÜƏLLİMLƏR...
Çıldaqçı Rəfiqə Bağırova artıq 50 ildir çıldaqla məşğul olduğunu deyir:
«1960-cı ildən möcüzəli bir yuxu gördükdən sonra bu işlə məşğul oluram. Bu günə kimi təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də yanıma gələnlər var. Dünən yanıma Sibirdən 1 nəfər gəlmişdi. Gələnlərin arasında nazirlər, deputatlar, müəllimlər, hətta həkimlər də var. Bərk qorxanlar 3 gün ardıcıl gəlməlidir. Həftənin günlərindən asılı olmayaraq gəlirlər. Mən qorxuluğu yalnız çıldaq ilə çıxarıram. Yanan parçanı insanın müəyyən hissələrinə-bəndlərinə vururam».
Rəfiqə xala onu da xatırlayır ki, 2000-ci ildə Azərbaycanda baş verən güclü zəlzələdən sonra evinin qarşısında növbə yaranıb.
«QORXU PİRİ» VƏ YA «SƏKKİZ QAPI»
Çıldaqdan çıxıb Maştağada «Səkkiz qapı», «Qorxu piri» adları ilə tanınan «Aqil Baba» türbəsinə üz tutduq. Buranı da ziyarət edənlər var idi.
40 yaşlı Bakı sakini Nəzakət Salayeva tez-tez bu cür ziyarət yerlərinə gəldiyini söyləyir:
«Atamın ölümündən sonra özümü çox halsız hiss edirdim. Bunun səbəbini qorxuluqla bağladığım üçün bura gəlmişəm. Bu yerin və çıldağın inancları ta qədimlərə söykəndiyi üçün bu günə kimi sınaqdan keçirilmişdir. Biz də inanıb gəlirik. Xeyrini də görürük».
Bu pirdə 8 tağlı türbə var. Bələdçi qadın gələnlərə izah edir ki, hər tağın içindən sağ ayaqla daxil olub sol ayaqla çıxmaq lazımdır. Sonuncudan çıxan zaman qəflətən tağın üstündəki dəmir lövhənin üstünə dəmir parçası vurulur:
«Qorxuluğu qorxuluqla çıxarmaq lazımdır. Mən bura gələndə ilk vaxtlar qorxuluğu götürmək üçün butulka sındırırdılar. Amma görürdüm ki, bu təhlükəlidir. Mən onu dəmir ilə əvəz etdim».
«Aqil Baba» türbəsinin rəisi (şeyxi) Hacı Seyid Məhəmməd deyir ki, «Səkkiz qapı» deyilən yer- Seyid Kamil Ağanın qızı Pəri xanımın qəbridir:
«Ağır xəstələr arasında bura gəlib şəfa tapanlar olub. Elə xəstəliklər var ki, həkimlər onu sağalda bilmir. Elm və təbabət var, elm və əxlaq var. Mən cavan vaxtımda ağır xəstəliyə tutuldum, ayaqlarım keyidi. Həkimlər mənim dərdimə əlac tapa bilmirdilər. Hətta 3-cü qrup əlilliyi də verdilər. Amma mən bura gəldim, burada mənə məsləhət gördülər ki, əvvəlcə «Səkkiz qapıdan» keç, sonra çıldağa get. Mən Rəfiqə xanımın yanına getdim. O, məni çıldaq etdi. Bir gecənin içərisində ayaqlarım açıldı»
İSLAM DİNİNDƏ ÇILDAQ
İlahiyyatçı ekspert Elşad Miri çıldaq və digər bu tip əməlləri Allaha şərik qoşmağa aparan yol hesab edir: