(Əhli-sünnətin Əhli-beytə tabeçiliyi) Əhli-sünnət öz dinini, etiqadını Quran və Sünnətdən, Peyğəmbərin əshabından və əhli-beytindən almışdır. Əhli-sünnətə görə əhli-beyti sevmək və onların fəzilətlərini dilə gətirmək imandandır. Belə ki, əhli-sünnətin demək olar bütün hədis kitablarında əhli-beytin fəzilətinə dair xüsusi bölümlər var. Hətta İmam Nəsai məhz Əlinin (radiyallahu anh) fəzilətlərinə dair "əl-Xəsais” adlı bir əsər qələmə almışdır. Bu, h.215-ci ilində dünyaya gəlmiş bir əhli-sünnət alimidir. Kim hicri üçüncü əsirdə İ.Nəsainin bu kitabı kimi bir kitab yazan şiə müəllifini göstərə bilər? Bu yerdə belə bir sual ortaya çıxa bilər: "Nə üçün əhli-sünnət Əbu Hənifənin, Şafinin, Məlikin və Əhmədin məzhəbinə (yəni fikirlərinə, fətvalarına) tabe olduğu kimi, Cəfərə və onun atasına tabe olmurlar?” Cavab: Şübhəsiz ki, İmam Zeynulabidin, İmam Həsən əl-Bəsri, Abdurrəhman Auzai, Muhəmməd əl-Bəqir, Sufyan əs-Souri, Sufyan ibn Uyeynə, İbn Mübarək, Zeyd ibn Əli ibn Hüseyn, İ.Məlik, Əhməd ibn Hənbəl, Cəfər əs-Sadiq və qeyriləri əhli-sünnətin imamları, hədis raviləri və hidayət rəhbərləridir. Ancaq burada başqa bir məsələ var. İmam Əhmədin, Əbu Hənifənin, Şafinin və İmam Məlikin əshabı öz ustadlarının fiqhini (fətvalarını) qələmə aldıqları halda, Sourinin, Auzainin, Cəfərin, Muhəmməd əl-Bəqirin və qeyrilərinin tələbələri onların fiqhini qələmə almamışdır. Bu səbəbdən də, onların fiqhi tam olaraq bizə çatmamışdır. Onların fətvalarının bir qismi yalnız ravilər vasitəsi ilə bizə çatmışdır. Məsələn, Həsən əl-Bəsrinin fiqhinin (fətvalarının) 80%-i, Sourinin fiqhinin 90%-i, İbn Mübarəkin fiqfinin 10%-i, Cəfərin fiqhinin 40%-i əhli-sünnətin kitab-larında mövcuddur. (Bu faizlərin rəqəmi nisbidir) Amma Əbu Hənifənin bir neçə risaləsi bu günəcən bizə gəlib çatmışdır. "əl-Fiqhul-əkbər”, "Müsnəd” və "əl-Vasiyyə” bunlardandır. Onun tələbələri olan Əbu Yusuf, Muhəmməd ibn Həsən əş-Şeybani və İmam Zufər onun fiqhini qələmə almışdılar. İmam Məlikin "əl-Muvatta” əsəri mövcuddur. İ.Şafi "əl-Müsnəd”, "ər-Risalə” və "əl-Umm” əsərlərini qələmə almışdır. Əhməd ibn Hənbəl içərisində 30 mindən artıq hədis olan "əl-Müsnəd”in sahibidir. Onun tələbələri isə onun fətvalarını qələmə almışdır. İndi mən, bütün şiələrə belə bir sual ünvanlayıram: "Sizin əlinizdə məhz İ.Zeynulabidinin, əl-Bəqirin və ya Cəfər əs-Sadiqin özlərinin qələmə aldıqları bir fiqh və ya hədis kitabı varmı? Onların öz tələbələri tərəfindən onların fiqhinə dair qələmə aldıqları bir dənə də olsa, kitabı bizə göstərə bilərsinizmi?” Siz belə bir kitabı ortaya çıxartmaqdan acizsiniz. O zaman, nə üçün özünüzü İmam Cəfərə nisbət edərək "Cəfəri” adlandırırsınız? Axı siz onu yox, "Cəfəri” adı altında Xomeynini, Lənkəranini, Xoini, Sistanini təqlid edirsiniz. Bunların İ.Cəfər ilə nə əlaqəsi var? Bəli, əhli-sünnət öz kitablarında əhli beytdən nəql olunmuş hədisləri və fətvaları qəbul edir. Əhli-beytin rəisi olan Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş on minlərlə səhih hədis əhli-sünnətin hədis kitablarında mövcuddur. Ancaq şiələrin ən mötəbər hədis kitabların da Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı cəmi 644-dür. Hələ mən, bunların səhih olub-olmadığını demirəm. Əhli-sünnət alimləri əhli-beytdən olan möminlərin anası (münafiqlərin deyil) Aişədən 2210 hədis, İbn Abbasdan 1160 və Əlidən (təkrarları ilə birlikdə) 1583 hədis rəvayət etmişdir. Ancaq şiələrin dörd əsas və mötəbər hədis kitabında[16] Əlidən nəql olunmuş hədislər 690 dənədir. Bunları növbəti səhifədə ətraflı bir şəkildə açıqlayacam. Əhli-sünnətin kitablarında bəzi səhabələrdən az, bəzilərindən çox, bəzi imamlar-dan az, bəzilərindən çox hədis rəvayət olunmasının bir çox səbəbləri vardır. Bu səbəbləri izah etmək buranın yeri deyil. Ancaq bəzi misallar qeyd etmək istəyirəm ki, haqqı axtaran onu tapsın! Məsələn, Əhli-sünnət kitablarında Əbu Bəkr və Osmandan nəql olunmuş hədislərlə yanaşı Zeynulabidin, əl-Bəqir və Cəfərdən nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm: 1. "Səhih əl-Buxari”də: Zeynulabidindən 25, Osamandan da 25 hədis rəvayət edilmişdir; 2. "Səhih əl-Müslim”də: Zeynulabidindən 15, əl-Bəqirdən 19, əs-Sadiqdən 17, Əbu Bəkrdən isə yalnız 9 hədis rəvayət edilmişdir; 3. "Sünən ət-Tirmizi”də: əl-Bəqirdən 23, Cəfərdən 20, Əbu Bəkrdən 22 və Osmandan 19 hədis rəvayət edilmişdir; 4. "Sünən ən-Nəsai”də: əl-Bəqirdən 56, Cəfərdən 44, Əbu Bəkrdən 22, Osmandan isə 27 hədis rəvayət edilmişdir; 5. "Sünən Əbi-Davud”də: Zeynulabidindən 11, əl-Bəqirdən 17, Cəfərdən 11, Əbu Bəkrdən də 11 və Osmandan 15 hədis rəvayət edilmişdir; 6. "Sünən İbni Məcə”də: əl-Bəqirdən 24, Cəfərdən 19, Əbu Bəkrdən 16, Osmandan isə 23 hədis rəvayət edilmişdir. Fikir verin! Əhli-sünnətin ən mötəbər hədis kitablarında[17] Əbu Bəkrdən rəvayət olunan hədislərin sayı cəmi 210, Muhəmməd əl-Bəqirdən rəvayət olunmuş hədislərin sayı isə 229-dur. Məgər, Əbu Bəkrdən az hədis rəvayət olunması, əhli-sünnətin ona qarşı hörmətsizliyini göstərir? Əlbətdə ki, xeyr. Beləcə də digərlərindən az hədis rəvayət olunması onlara qarşı hörmətsizliyin əlaməti deyil. Əksinə, əhli-sünnət hər kəsin haqqını vermiş, təfrit və ifratdan uzaq durmuşdur. Hörmətli oxucu! Sənin üçün Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), Əlidən, Fatimə, Həsən və Hüseyndən nəql olunmuş hədislərin sayını həm əhli-sünnətin və həm də şiələrin ən mötəbər hədis kitablarından təqdim edirəm: 1. Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin ən mötəbər hədis kitablarında nəql olunmuş on minlərlə hədisin 90%-indən artıqı məhz Peyğəmbərimizin hədisləridir. Qalan hədislər isə səhabələrin söz və fellərindən ibarət xəbərlərdir. Şiələrin ən mötəbər dörd hədis kitabında olan hədislərin sayı 44 mindən artıqdır (44244 hədis). Bu hədislərdən yalnız 644 hədis Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət olunmuşdur. Bu dörd kitabın içərisində şiələrin ən dəyərli kitabı əl-Kəfi də 16 mindən artıq (16121) hədis var. Bu hədislərdən yalnız 92-si Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) nəql olunmuşdur. (Şiə alimlərinin öz etirafları ilə) bu 92 hədisin hamısının sənədində də zəiflik var. Çox təəccüblüdür, deyilmi? Şiələrin Peyğəmbərə qədər gedib-çıxan səhih bir dənə də olsa hədisləri yoxdur. 2. Əlidən (radiyallahu anh) nəql olunmuş hədislərin sayı: Əhli-sünnət kitab-larında Əlidən 1583 hədis nəql olunmuşdur. Bunlardan 804-ü İmam Əhmədin "Müsnədin”də mövcuddur. Şiə kitablarında isə Əlidən 690 hədis nəql olunmuş-dur. Bu rəqəmlər arasındakı fərqə fikir ver! Ey şiələr! Harada qaldı "Mən elmin şəhəri və Əli də onun qapısıdır” hədisi? 3. Fatimədən nəql olunmuş hədislərin sayı: Əhli-sünnətin mötəbər kitablarında Fatimədən 11 hədis nəql olunmuşdur. Şiələrin dörd mötəbər kitabında isə ondan bir dənə də olsa, hədis nəql olunmayıb. 4. Həsəndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 35, şiələr isə 21 hədis rəvayət etmişdir. 5. Hüseyndən nəql olunmuş hədislərin sayı: Əhli-sünnət ondan 43 hədis nəql etmişdir. Şiələr isə onun barəsində bu qədər həddi aşmalarına baxmayaraq, ondan cəmi 7 hədis rəvayət etmişdilər. Bütün bunlardan sonra kim deyə bilər ki, əhli-sünnət öz elmini əhli-beytdən almayıb. "Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil kimi irəli sürmək istəyən, bütün bunları heç olmasa ömründə bir dəfə də olsa araşdırıbmı? Biz (əhli-sünnət), İslamın rüknlərindən biri olan həcci əhli-beytin vasitəsi ilə öyrənmişik. Belə ki, İmam Müslim özünün "əs-Səhih” əsərində İmam Cəfərdən, o da atası Muhəmməd əl-Bəqirdən, o da səhabə Cabir ibn Abdullahdan Peyğəmbərin (saləllahu aleyhi və səlləm) necə həcc etdiyini müfəssəl bir şəkildə nəql etmişdir. Əhli-sünnətin bütün alimləri bu səhih hədisə etimad etmiş və onunla əməl etmişdirlər. Əhli-sünnətə mənsub camaat, hər il bu hədis əsasında həccini yerinə yetirir. Məgər bu, əhli beytə tabeçilik deyilmi? Hətta, Şeyx Əlbani məhz bu hədisin şərhi ilə əlaqəli bir əsər qələmə almışdır. Tirmizinin Cabirdən (radiyallahu anh) rəvayət etdiyi "Səqəleyn” hədisinin də sənədi bu cürdür; İmam Tirmizi bu hədisi Abdurrəhman əl-Kufidən, o da Zeyd ibn Həsəndən, o isə Cəfərdən, o da atası Muhəmməddən, o da Cabir ibn Abdullahdan nəql etmişdir. Əhli-sünnət namazda əlləri bağlamağı da Peyğəmbərin (saləllahu aleyhi və səlləm) əshabı və əhli-beytindən öyrənmişdir. Bu barədə əhli-beytdən: Aişə, İbn Abbas və Əlidən hədislər nəql olunmuşdur. Ğəzvən ibn Cərir öz atasından nəql etmişdir ki: "Əli (radiyallahu anh) namaza qalxdığı zaman təkbir gətirər, sağ əlini sol əlinin biləyinin üstünə qoyar və rükuya gedənə qədər əllərini aşağı salmazdı...” (Beyhəqi "Sünən əl-Kubra” 2164, hədis həsəndir). Əhli-sünnət dəstəmazda ayaqların necə yuyulacağını da Peyğəmbərin əshabı və əhli-beytindən öyrənmişdir. Dəraqutni "əs-Sünən” əsərində, "Peyğəmbərin dəstəmazının vəsfi” bölümündə Əlinin nəcə dəstəmaz aldığını nəql etmişdir. Belə ki, Əli (radiyallahu anh) dəstəmaz aldığı vaxt ayaqlarını üç dəfə yumuş[18] və "Mən Peyğəmbərin bu cür dəstəmaz aldığını gördüm” demişdir. (Əbu Davud 116, Nəsai 70, Tirmizi 48, İbn Hibbən 1056) Əhli-sünnət mutənin (siğənin) haram olduğunu da əhli-beytdən öyrənmişdir. Belə ki, İmam Cəfərə mutə barəsində sual veriləndə, o dedi: "Bu zinadır” (Beyhəqi "Sünən əl-Kubra” 7/207). Əli ibn Əbu Talib Peyğəmbərin (saləllahu aleyhi və səlləm) Xeybər günü mütəni haram etdiyini bildirmişdir. (Buxari 5115, Müslim 1407)[19] Bir dəfə mən, Əlinin mutənin haramlığına dair söylədiyi bu sözlərini Qum şəhərində təhsil almış bir şiənin qabağına qoyduqda, onun mənə verdiyi cavabı belə oldu: "Bəli, bu sözü Əli deyib. Çünki bu rəvayət bizim bütün kitablarımızda var. Ancaq Əli bütün bunları yalandan, təqiyyə əsasında söyləyib”. Mən isə ona: "Əgər dünyanın bütün kişiləri bir tərəfdə, haqq isə başqa bir tərəfdə dursaydı, Əli yenə də haqqın yanında olar və haqqı deyərdi” - dedim. Əhli-sünnət Peyğəmbərin (saləllahu aleyhi və səlləm) əshabını sevməyi, onlara hörmət etməyi və onları daima xeyirlə yad etməyi də əhli-beytdən öyrənmişdir. Muhəmməd ibn Əli əl-Hənəfiyyədən belə dediyi nəql edilmişdir: "Atam (Əli ibn Əbu Talib)-dən soruşdum: "Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) sonra insanların ən xeyirlisi kimdir?” "Əbu Bəkr”, dedi. Mən: "Sonra kimdir?” "Ömər”, dedi. Mən "üçüncüsü də Osmandır” deyəcəyindən qorxduğum üçün; "Sonra da sənsən?” deyə soruşdum. O isə belə dedi: "Mən sadəcə müsəlmanlardan biriyəm” (Buxari 3651, Əbu Davud 4629) İbn Abbasdan belə dediyi nəql edilmişdir: "Ömər ibn Xəttab (radiyallahu anh) vəfat etdikdə insanlar onun ətrafına yığışdılar, onu xeyirlə yad edib ona dua etməyə başladılar. Mən də insanların arasında idim. Hiss etdim ki, bir kəs əllərini arxadan çiyinlərimin üzərinə qoydu. Arxaya dönərkən onun Əli olduğunu gördüm. (Əli) Ömər üçün Allahdan rəhmət dilədi və belə dedi: "Artıq səndən sonra, sənin kimi (saleh) əməl işləyib Allaha qovuşacağımı istədiyim başqa bir şəxs qalmadı. Allaha and olsun, mən bilirdim ki, Allah daima səni iki dostunla (Peyğəmbər və Əbu Bəkr ilə) bir yerdə bərqərar edəcəkdir[20]. Çünki mən Peyğəmbərin (saləllahu aleyhi və səlləm) daima belə dediyini eşidirdim: "Mən, Əbu Bəkr və Ömər gəldik. Mən, Əbu Bəkr və Ömər girdik. Mən, Əbu Bəkr və Ömər çıxdıq.” (Buxari 3677, 3685 və Müslim 2389) Bu hədisin bir bənzərini də İmam Məlik Cəfər əs-Sadiqdən, o da atası əl-Bəqirdən səhih bir sənədlə rəvayət etmişdir. (İbn Həcər əl-Heytəmi "əs-Səvaiq” səh.58)[21] Əhli-sünnət, övladlarına Əbu Bəkr, Ömər, Aişə kimi adları qoymağı da əhli-beytdən öyrənmişdir. Əli (radiyallahu anh) öz övladlarından bəzilərinin adını Əbu Bəkr, Ömər və Osman qoymuşdur. Bunlar, Hüseyn ibn Əli ilə birlikdə Kərbəlada şəhid olanlardandır.[22] Həsən (radiyallahu anh) bəzi övladlarının adını Əbu Bəkr, Ömər və Talha qoymuşdur. Əbu Bəkr ibn Həsən əmisi Hüseyn ilə birlikdə Kərbəlada şəhid olmuşdur. Hüseyn (radiyallahu anh) bir övladının adını Ömər qoymuşdur. Əli ibn Hüseyn Zeynulabidin bir qızının adını Aişə və bir oğlunun adını da Ömər qoymuşdur. Onun nəsli oğlu Ömərdən də davam etmişdir. İmam Zeynulabidinin kunyəsi Əbu Bəkr idi. Musa ibn Cəfər əl-Kazım iki övladına Əbu Bəkr və Ömər, bir qızına da Aişə adını vermişdir. Əli ibn Musa ər-Rza qızının adını Aişə qoymuşdur. Onun kunyəsi də Əbu Bəkr idi.[23] Nə üçün şiələr övladlarına bu cür adlar qoymurlar? Axı onlara görə hər bir məsələdə əhli-beytə tabeçilik vacibdir. İnsan öz düşmənlərinin adını övladına qoyarmı? İnsan öz düşməninə qızını ərə verərmi? Əlbətdə ki, xeyr. Bəs nə üçün Əli, Fatimədən olan qızı Ümmü Gülsümü Ömər ibn Xəttaba ərə verdi?[24] Bütün bunları düşün! Düşün ki, haqq sənə bəlli olsun.[25] Əhli-sünnət şirki inkar etməyi və tövhidə sarılmağı da əhli-beytdən öyrənmişdir. Əli ibn Hüseyn Zeynulabidin daima Peyğəmbərin (saləllahu aleyhi və səlləm) qəbrinin yanına gəlib, orada dua edən adamı bu əməlindən çəkindirmiş və ona belə demişdir: "Sənə atamdan, onun da babam Peyğəmbərdən eşitdiyi bir hədisi danışıram: "Mənim qəbrimi bayram yerinə, evlərinizi də qəbirstanlığa çevirməyin! Mənə dua edin, siz harada olsanız duanız mənə çatacaqdır.” (İbn Əbi Şeybə "əl-Müsənnəf” 2/83, Əbu Yalə 2/32, Diya əl-Məqdisi "əl-Muxtara” 1/54, hədisin sənədi mutəsəlsilən (yəni ard-arda) əhli-beytdəndir.)[26] Əbul-Həyyac əl-Əsədidən belə dediyi nəql olunmuşdur: "Əli (radiyallahu anh) xilafəti zamanında bir gün mənə belə dedi: "Ey Əbul-Həyyac! Vaxtiylə Peyğəmbərin məni vəzifələndirdiyi bir iş ilə indi mən səni vəzifələndirmək istəyirəm. Get və yıxmadığın bir timsal (şəkil, büt), yerləbir etmədiyin hündür qəbir buraxma!” (Müslim 1/666 hədis no:969, Əbu Davud 3/548 no:3218, Titmizi hədis: 1049, Nəsai 4/88, Əhməd "Müsnəd” 1/96, Beyhəqi 4/3, İbn Əbi Şeybə; 6548)[27] Süheyl ibn Əbi.Süheyl Peyğəmbərin (saləllahu aleyhi və səlləm) qəbrini görəndə ona sarılmış və əlini ona sürtmüşdür. Bunu görən Həsən ibn Həsən ibn Əli ona doğru bir daş atmış və onu bu əməlindən çəkindirmişdir. (İbn Asakir 4/217, Abdurrəzzaq 3/557 hədis:6694) Muhəmməd ibn Əli əl-Bəqir vəsiyyət edərək demişdir: "Qəbrimi yerdən yüksək etməyin!” (Dulabi 1/134. Bu hədisin bütün raviləri etibarlıdır. Yalnız Səlim adlı ravi məçhuldur. İmam Zəhəbi "əl-Mizan”da və şiə olan Hilli də "Xilasətul-əqval” səh.108-də bu cür demişdir.)[28] İndi baxın, məhşur şiə alimi Məclisi öz kitabında nə yazır: "Qiblə namaz qılanın arxasında qalsa da, qəbrə doğru namaz qılmaq olar...” ("Biharul-ənvər” c.41 səh. 26 və ya c.97 səh.134 "Kitabul-məzar” bölümündə)[29] Xoi "Minhəcus-salihin” kitabının 562-ci məsələsində (səh.147) demişdir: "İmam-ların məşhədlərində (məqbərələrində) namaz qılmaq müstəhəbdir. Hətta, orada qılınan namazlar məscidlərdə qılınanlardan da əfzəldir. Əlinin qəbri yanında qılınan namaz, 200 min namaza bərabərdir.”[30] Ey şiələr! Haradadır sizin əhli-beytə tabeçiliyiniz? Haradadır sizin tövhidə əsaslanan əhli-beyt əqidəniz? Vallahi, şirkin böyük-kiçik, aşkar-gizli elə bir növü yoxdur ki, sizdə olmasın. Budurmu əhli-beytin yolu? Əgər budursa, belə yoldan Allaha sığınırıq. Xülasə, Əhli-sünnətin kitabları Əlinin, Həsən və Hüseynin fəzilətləri, rəvayət etdikləri hədisləri və fətvaları ilə doludur. Ancaq biz, onların məsum olduqlarını, onların qeybi bildiklərini və onların elmdə hər kəsdən üstün olub da xilafətə hər kəsdən daha layiq olduqlarını da söyləmirik. Səid ibn Müseyyəb, Əlqamə, Qatadə, Mücahid, Həsən əl-Bəsri, Məqhul, Muhəmməd ibn Sirin, Səlim ibn Abdullah kimi şəxsiyyətlər dində imam olduqları kimi, Əli ibn Hüseyn və Muhəmməd ibn Əli kimi şəxsiyyətlər də əhli-sünnət üçün dində hidayət rəhbərləridir. əl-Mizzi "Təhzibul-Kəmal”da Sufyan ibn Uyeynənin Zuhridən belə eşitdiyini nəql edir: "Mən Qureyşin içərisində Əli ibn Hüseyndən daha fəzilətli bir şəxsi görmədim.” Ancaq insanlardan bəziləri onlara, xüsusən də Cəfər ibn Muhəmmədə aid olmayan şeyləri ona nisbət etdilər. Hətta əbcəd hesabını, nəsəb və nücum (ulduz) elmini ona nisbət etdilər. Onun kimyagər olduğunu belə söylədilər. Ancaq onun belə mənasız işlərlə heç bir əlaqəsi yoxdur. Cəfər ibn Muhəmməd dövrünün böyük alimlərindən olmuş və atasından, Qasim ibn Muhəmməddən, Urvə ibn Zübeyrdən, Ata ibn Əbi Rəbahdan, Zuhri və Nafidən, Muhəmməd ibn Munkədirdən və başqa bu kimi tanınmış alimlərdən elm almış və hədis rəvayət etmişdir.[31] Əhli-sünnət heç vaxt Yəhya ibn Səid, Hişam ibn Urvə və Əbuz-Zinadın tabeçilik yönündən Cəfər ibn Muhəmməddən daha layiqli olduğunu söyləməz. Həmçinin onlar (yəni əhli-sünnət), Zuhri, Yəhya ibn Əbu Bəkr və Həmmad ibn Əbi Sələmənin tabeçilik cəhətindən Muhəmməd əl-Bəqirdən daha layiqli olduğunu iddia etməzlər. Yenə əhli-sünnət, Qasim ibn Muhəmməd, Urvə ibn Zübeyrin və Səlim ibn Abdullahın elmdə Əli ibn Hüseyndən daha irəli olduğunu da deməz. Əksinə, əhli-sünnət yuxarıda adlarını zikr etdiyim şəxsiyyətlərdən hər birinin, sadiq (doğru sözlü) bir ravinin özlərindən rəvayət etdikləri hər bir mövzuda müsəlman-ların imamı olduğuna etiqad edir. Musa ibn Cəfər haqqında da Əbu Hatim: "Müsəlman imamlarından bir imamdır” demişdir. İbn Sad isə, Musanın çox rəvayəti olmadığını söyləmişdir. Musa ibn Cəfərdən sonrakı imamlara gəldikdə, iddia edildiyi qədər də onlardan elm alınmamışdır. Fətvaları da yoxdur. Ancaq sahib olduqları bir çox gözəl və yüksək əxlaqi keyfiyyətləri vardır. Əli ibn Musa da dəyəri, qədir-qiyməti uca olan bir insan idi. Zamanında ondan daha alim olan Şafi və digər imamlar var idi. Maruf əl-Kərhi və Əbu Süleyman əd-Darani də onun zamanında yaşamış və ondan daha zahid olan şəxsiyyətlərdir. Əgər müsəlmanlar Məlik, Şafi və Əhmədin əsərlərində gördükləri hədisləri Musa ibn Cəfər, Əli ibn Musa və Muhəmməd ibn Əlinin yanında olan hədislərdən daha çox görməsəydilər, bunları buraxıb da Məlik, Şafi və Əhmədə yönəlməzdilər. Halbuki, Musa ibn Cəfər ilə İmam Məlik eyni dövrdə və eyni şəhərdə yaşamışdılar. Əhli-beytdən olan Haşim oğulları belə Musadan çox, Məlikdən elm alırdılar. Bu gün də əlimizdə İmam Məlikin qələmə aldığı "əl-Muvatta” əsəri olduğu halda, Musa ibn Cəfərdən, onun atasından və oğullarından bir dənə də olsa əsər yoxdur. İmam Şafi də Məlikdən elm almış və Muvattanı əzbərləmişdir. O da Haşimi oğullarından idi. Şafi öz qohumu olan Musa ibn Cəfərin, Əli ibn Musanın elmini və hədis rəvayətlərini Məlikin elmindən çox görsəydi, heç şübhəsiz onların yanına gedər və elmini onlardan alardı. İmam Əhməd də Peyğəmbərə tabeçiliyi, əhli-beytə olan sevgisi və əhli-beyt düşmənlərinə qarşı nifrəti ilə tanınan bir şəxs idi. Onun əsərləri Məlik, Souri, Auzai, Leys ibn Sad, Vəki ibn Cərrah, Yəhya ibn Səid, Abdurrəhman ibn Məhdi və digər imamların rəvayətləri ilə dolu olmasına rəğmən, Əli ibn Musa, Muhəmməd ibn Əli və digərlərinin rəvayətlərindən bir şey yoxdur. Əhməd bunların yanında istədiyi qədər elm görsəydi, başqalarından daha çox bunlara rəğbət göstərərdi. Bütün bunlar, inkarı qeyri-mümkün olan həqiqətlərdir. Bu həqiqətlərə göz yuman isə, haqqa arxa çevirmiş miskindir.
|