Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9945 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2011 » Aprel » 28 » SƏQƏLEYN HƏDİSİ
    SƏQƏLEYN HƏDİSİ
    00:43


     Rəhmli və Mərhəmətli Allahın adı ilə.

    Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəldəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edirəm ki, Muhəmməd Allahın qulu və son elçisidir.

    Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: "Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.” (Tirmizi: 3786)

    Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu səbəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək "Cəfəri” adlandırırlar.

    Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.

    Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdirlər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: "Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (saləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizinin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn  Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir: "Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız.” (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (saləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.

    İkincisi: Tirmizinin rəvayət etdiyi hədisi Şeyx Əlbani (rahiməhullah) səhih saymışdır. Bu hədisin səhihliyi barədə olan ixtilafı bir kənara qoyaraq deyirəm: "Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamilə uzaq və onların leyhlərinə yox, əleyhlərinə dəlildir. İstər Müslimin nəql etdiyi hədisdə "haqlarının qorunması” əmr edilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə "tabe olunmaları” əmr edilən əhli-beytdən məqsəd, şiələrin iddia etdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övlad-ları deyil. Əvvəla, əhli-beyt dedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu, həm Quran, həm Sünnət baxımından və həm də dilçilik və adət baxımından bu cürdür. 

    Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. Uca Allah buyurur:

    { وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَ تَبَرَّجْنَ تَبَرُّجَ الجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ البَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِن ءَايَاتِ اللهِ وَالحِكْمَةِ إِنَّ اللهَ كَانَ لَطِيفًا خَبِيرًا }.

     "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.” (əl-Əhzab/32-34). Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələrin iddia etdikləri kimi Peyğəmbər (saləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində məlum olan bir qaydadır. Necə ki, mələklər İbrahimin (aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində xitab etmişdirlər. Uca Allah buyurur:

                                              {قالوا أتعجبين من أمر الله رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد}

    "Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!..” (Hud/73). Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) zövcəsini əhli-beyt adlandırır. 

    Sünnətdən dəlil isə Peyğəmbərin namazlarında oxuduğu salavat duasının belə bir formasıdır: "Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!” (Buxari və Müslim 1/306) Həmçinin sədəqə almaq da Peyğəmbərin zövcələrinə haram idi. Bu da, onların Muhəmmədin (saləllahu aleyhi və səlləm) əhli-beytindən olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının çirki sayılır və bu, Peyğəmbərin əhlinə haram idi. İbn Əbi Müleykə nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: "Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.” (İbn Əbi Şeybə "Musənnəf” 3/214 səhihdir.) 

    Ərəb dilçiliyi baxımından da bu belədir. Məhşur ərəb dilçiləri və ən möhtəşəm ərəb-dili izahlı lüğətlərinin müəllifləri demişdirlər: Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. Əhlur-rəcul (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar nəzərdə tutulur. Peyğəmbərin əhli-beyti dedikdə, onun zövcələri, qızları və yaxın qohumları nəzərdə tutulur. (Bax! İbn Mənzur "Lisanul-arab” 11/28, "əl-Qamusul-muhit” səh.1245 ləm hərfi bölümü, "əs-Sihah” 4/1628, "Mucəm Məqayis əl-lüğə” 1/161) 

    Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissəlam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:

    { إذ رأى نارا فقال لأهله امكثوا إني آنست نارا لعلي آتيكم منها بقبس أو أجد على النار هدى}

                "O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” (Taha/10). Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərindən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil edilmişdir ki,  bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabın-dan birinin müəllifi olan Məclisi[1] "Biharul-ənvər” (c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur. Hətta şiə məzhəbinin mötəbər və məhşur kitablarında da Peyğəmbər zövcələrinin əhli-beytdən olmasına dair rəvayətlər mövcuddur. Məsələn, Ümmü Sələmə soruşur ki: "Ey Allahın Elçisi! Mən də sənin əhli-beytindənəmmi?” Peyğəmbər (saləllahu aleyhi və səlləm) isə cavabında: "Bəli” - deyir. ("Biharul-ənvər”35/221 və 45/198, "Təfsirul-burhan” 3/321, Tusi "əl-Əmali” səh.136 və.s.)

                Həmçinin əhli-beyt dedikdə Əlinin, Cəfər ibn  Əbu Talibin, Əqil ibn Əbu Talibin və Abbas ibn  Əbdülmüttəlibin ailələri nəzərdə tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu barədə dəlil Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir. (Müslim 2408). Ümumiyətlə Haşim övladlarının hamısı  əhli-beytdən sayılır və onlara sədəqə malından pay almaq haram edilmişdir. Buna dəlalət edən hədisi Müslim (1072) Rabiə ibn əl-Harisdən rəvayət etmişdir. Hətta bunu isbat edən şiə rəvayətləri də mövcuddur. Belə rəvayətlərin birində deyilir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) dedi: "Mən sizə iki şeyi: Quranı və əhli-beytimi qoyub gedirəm...”. Ondan soruşdular ki, bəs əhli-beytin kimlərdir? O (saləllahu aleyhi və səlləm) isə cavabında belə dedi: "Əlinin, Cəfərin, Əqilin və Abbasın ailələri.” ("Biharul-ənvər” 23/115, "Kəşful-ğummə” 1/44).

                Xülasə, əhli-beyt məfhumu geniş bir məfhumdur. Şiələrin iddia etdikləri kimi on dörd nəfərdən[2] ibarət deyil. İndi mən sual verirəm. Kimdir əhli-beyti qəbul etməyənlər? Əhli-beytə mənsub olan hər kəsi əhli-beytdən sayan və onları sevən Əhli-sünnət, yoxsa Haşim oğullarını və  Peyğəmbərin zövcələrini əhli-beytdən saymayan və onları söyən şiələr?

                Onlar (yəni şiələr) əhli-beytdən olan Abbasa və onun oğlu Abdullaha, həmçinin İmam Həsənin övladlarına rişxənd edirlər (Kuleyni "əl-Kəfi” 2/155 və 8/191, Kəşşi "Rical” səh.52). Onlar Abdullah ibn Abbası ağıldankəm, İmam Hüseynin nəvəsi Zeyd ibn  Əlini şərabxor adlandırırlar. Həsən əl-Əskərinin qardaşı Cəfəri isə fasiq sayırlar. ("əl-Kəfi” 1/247 və 1/405, "Biharul-ənvər” 46/194)

                Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?

    Üçüncüsü: İmam Məlik "əl-Muvatta”da və Hakim də "əl-Müstədrək”də Peyğəm-bərin (saləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdirlər: "Mən sizə iki şey buraxdım. Siz bunlara bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və Rəsulunun sünnətidir.” Bu hədis də Müslimin rəvayət etdiyi hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə nə cavab verəcək? Uca Allah buyurur: 

                "Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (ən-Nisə/13-14);

                "Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən.” (ən-Nisə/61);

                "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir...” (ən-Nur/51);

                "Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha və  Onun Elçisinə tabe  olardıq!"” (əl-Əhzab/66);

                "Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! (Muhəmməd/33).

                Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın təfsirində ibn  Abbasdan faydalandığı qədər bəlkə də heç kəsdən faydalanmayıb. Həmçinin Aişə anamız da Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da onun dinə olan xidmətidir. Bu iki səhabə də əhli-beytin ən şərəfli simalarındandır. İbn Abbasın yüzlərlə ayəyə verdiyi şərhlər də, Aişənin rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin nəql etdiyi yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu əhli-beytə tabeçilik deyil də, bəs nədir?

                Dördüncüsü: Peyğəmbər (saləllahu aleyhi və səlləm) demişdir: "Mənim sünnətimdən və məndən sonra gələcək, hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə yapışın!..” (Əhməd "Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi "Sünən” 1/57, Hakim "Müstədrək”də hədisi səhih saymış və Zəhəbi də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi səhihləmişdir: "Mişkətul-məsabih” 1/58).

                Həmçinin o (saləllahu aleyhi və səlləm): "Məndən sonra iki şəxsə Əbu Bəkrə və Ömərə tabe olun!” – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin "Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233)

                Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu hədislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin[3] icması (yəni bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikinci hədisə əsasən: "Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu mənim üçün hüccət sayılar” – demişdir. Əbu Yalə də: "Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladlarının (yəni əhli-beytin) icması hüccətdir” – demişdir  (Bax! "Minhəcus-sunnə” 4/85).

     

     

     

     

     

     

     

     

     

     

     

    BİRİNCİ ƏMANƏT: "QURAN”

                Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət, Allahın kitabı Qurandır. Bu hədisi əhli-sünnətə qarşı dəlil olaraq irəli sürən və bütün nəzərləri ikinci əmanətə – Əhli-beytə yönəltmək istəyən şiələr birinci əmanəti; Quranı unutmuşdurlar. Bu əmanəti qoruyan, bu əmanətə – Qurana sadiq qalan və onunla əməl edən, ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət yoxsa şiələr?

                Birincisi: Elə Peyğəmbərin (saləllahu aleyhi və səlləm) sağlığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşırılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. Çünki hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Osman (radiyallahu anh)-dan belə dediyi nəql olunmuşdur: "Peyğəmbərə bir ayə nazil olduğu zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr, Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaviyə ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın katibliyini etmiş səhabələrdəndir.

                İkincisi: Əbu Bəkrin xilafəti zamanı Quranın yazılması. Bütün bunlarla birlikdə, Peyğəmbər (saləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin xilafəti zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a) təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb, Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir. Ömər (radiyallahu anh) camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı varsa, gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: "Mən də Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım.” Onun  Quranı toplayarkən qoyduğu şərtlər belə idi: 

    a. Gətirilən ayələrin əzbərlənmiş olması.

    b. Peyğəmbərin hüzurunda yazılmış olması.

    c. Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat edilməsi.

    Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda, ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı. Daha sonra Zeyd, Quranın müshəfini Əbu Bəkrə təhvil verdi. Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin yanında qaldı. Daha sonra həyatı boyunca Ömərin yanında, sonra da Ömərin qızı Həfsənin yanında qaldı.

    Üçüncüsü: Osmanın xilafəti zamanı Quranın yazılması. Bu hadisə h.25-ci ildə baş vermişdir. Beləki, müsəlmanlar Hüzeyfə ibn Yəmənin başçılığı ilə Ermənistana və Azərbaycana cihada çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. Həmin vaxt Hüzeyfə (r.a) görür ki, bu iki bölgənin əhalisi Quranın bəzi kəlmələrinin oxunuşu barəsində ixtilafa düşür. Çünki Küfə xalqı Abdullah ibn Məsudun qiraəti ilə, Şam əhalisi isə Ubey ibn Kəbin qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni qorxutdu və o, Mədinəyə, İmam Osmanın yanına gələrək bu ixtilafı həll etməsini istədi. Osman (r.a) da Ömərin qızı Həfzəyə xəbər göndərərək: "Əlindəki müshəfi bizə göndər ki, biz də onu çoxaldıb sənə qaytaraq” dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu müshəfi çoxaltmaq üçün Zeyd ibn Sabiti, Abdullah bin.Zubeyri, Səid ibn  əl-Ası və Abdurrəhman ibn  əl-Haris ibn  Hişamı seçdi. Bu şərəfli iş tamamlanandan sonra Osman, müshəfi Həfzəyə qaytardı və bu Quranın xaricində nə qədər nüsxə var idisə, onları yandırmağı əmr etdi. (Buxari 4987, Fəthul-Bəri 9/11). Osman bu işi səhabələr ilə məsləhətləşəndən sonra etmişdir. Bu barədə Əli (r.a) belə deyir: "Allaha and olsun ki,  müshəflərə etdiyini bizimlə məsləhətləşəndən sonra etmişdi. Osman belə dedi: "Mən insanları bir müshəf ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: "Sənin bu fikrin çox doğru bir fikirdi, dedik.” (İbn Əbid-Dünya "Kitabul-Məsahif” 22, Xətib "əl-Fəslu li vusulil-Mudrək” 2/954). Musab ibn Sad isə belə demişdir: "Osman digər (səhabələrin əlində olan və özlərinin yazdığı) müshəfləri yandırmaq istəyəndə, hər kəs bu işi bəyəndi və heç kəs etiraz etmədi.”  (İbn Əbid-Dünya "Kitabul-Məsahif” səh.16)

    Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: Allah Quranı kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nifrət etdikləri kişilərin?! Bax, "Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər.

    Dördüncüsü: Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlərdən 7-si əsas, 3-ü köməkçi və 4-də şəzz qiraətlərdir.[4] Bu gün yer üzərində olan milyonlarla müsəlman (məzhəbindən aslı olmayaraq) Quranı bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10 qiraət mütəvatir (çoxsaylı) sənədlə Peyğəmbərin (saləllahu aleyhi və səlləm) səhabələrindən nəql olunmuşdur. Bu səhabələr də, bu qiraət formalarını Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) öyrənmişdirlər. Şübhəsiz ki, Quran, bu on qarinin (Quran bilicilərinin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da əhli- sünnətdəndir. Yəni Quranın oxunuş qaydalarını Peyğəmbərin əshabından nəql edən ravilərin hamısı əhli-sünnətin raviləridir. Deməli, Quran bizə əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana olan xidmətləriniz? Axı o, Peyğəmbərin (saləllahu aleyhi və səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı "Səqəleyn” hədisinə tabeçilik? Haradadır əhli-beyt imamlarından nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql etməyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari Həmzə əz-Zəyyatdır. Bu qari də əhli-sünnətdəndir. (İbn əl-Cəzəri "ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi "Siyəru Əlamin-nubəla” 7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin Quran üçün nə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), nə də onun əhli-beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində yaşayan bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar. Deməli, onlar dinin əsas təməllərindən biri olan Quran barəsində əhli-sünnətə möhtacdırlar. Quranı bizə nəql edən on qari isə bunlardır: 

                1. Mədinəli qari İmam Nafi ibn Abdirrəhman. (vəfatı hicri:169)

                2. Məkkəli qari İmam Abdullah ibn Kəsir. (v.h.120)

                3. Bəsrəli qari İmam Əbu Amr ibn Ala. (v.h.154)

                4. Şamlı qari İmam Abdullah ibnşAmir. (v.h.118)

                5. Küfəli qari İmam Asim ibn Əbin-Nəcud. (v.h.128)

                6. Küfəli qari İmam Həmzə ibn Həbib əz-Zəyyat. (v.h.156)

                7. Küfəli qari İmam Əli ibn Həmzə əl-Kisai. (v.h.189)

                8. Mədinəli qari İmam Əbu Cəfər Yezid ibn əl-Qaqa. (v.h.128)

                9. Bəsrəli qari İmam Yaqub ibn İshaq. (v.h.205)

                10. Bağdadlı qari İmam Xələf ibn  Hişam. (v.h.229) [5]

                Bu on qiraət forması 13 səhabədən: Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Əyyaş, Abdullah ibn əs-Saib, Əbu Musa əl-Əşari, Əbu Dərda, Əbu Hureyrə və Hüseyn ibn Əlidən nəql olunmuşdur. Quranın qiraətini əhli-beytdən: Əli, İbn Abbas və Hüseyndən rəvayət edən məhz əhli-sünnətin raviləridir. Biz, bu ravilərin içərisində bir dənə də olsa şiə ravisi görə bilmirik. Şiələrdən bəziləri iddia etmişdir ki, İmam Asim və onun tələbəsi Həfs şiə olmuşdur. Bu iddiaya qarşı bir neçə yöndən cavab vermək olar.

    1.      Şiələr əhli-beyt imamlarından Quran üçün bir dənə də olsa, şiə ravilərindən ibarət sənədin mövcudluğunu isbat etməkdən aciz qaldıqları vaxt, belə bir yalan iddianı irəli sürdülər. 

    2.      Əgər İmam Asimin qiraətinin ravilərinin küfəli şiələr olduğunu iddia edirsinizsə, bu idianızı açıq dəlillər ilə isbatlamalısınız. Siz, Əhli-sünnətin rical kitabları  (yəni ravilərin kimliyindən bəhs edən əsərlər) ilə bunu isbatlaya bilərsinizmi? Əgər bunu, bizim kitablarımızla isbatlamağı bacarmırsınızsa, o zaman onların şiə olduqlarını öz rical kitablarınızla isbat edin!

    3.      Şiələrin ən mötəbər rical kitablarının müəllifləri olan Kəşşi, Hilli, Nəcaşi, İbn Davud, Bərqi və Xəqani öz kitablarında Həfs ibn Süleymanın həyatına (tərcümeyi-halına) yer verməmişdirlər. Yalnız Tusi öz ricalında onun tərcümeyi-halına yer vermiş və Həfsi İmam Cəfərin tələbələrindən saymışdır. ("Rical ət-Tusi” səh.189) Ancaq onun şiə, yaxud etibarlı və ya yalançı ravi olduğunu qeyd etməmişdir. Ayətullah ət-Tustəri də "Qamus ər-rical” (3/582) əsərində Həfsin tərcümeyi-halına yer vermiş, ancaq onun şiə ravisi olduğunu isbat edə bilməmişdir.

    4.      Sual verilsə ki: "Onun, İ.Cəfərin tələbələrindən olması, şiə olmasının isbatı deyilmi?” Cavabım belə olacaq: "Əlbətdəki xeyr”. Çünki şiə alimlərinin özlərinin də dediyi kimi, imamların əshabı (yəni dostları, tələbələri) içərisində nəinki əhli-sünnət raviləri, hətta əhli-beytin düşməni olan nəvasiblər də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn əl-Xasib adlı şəxs İmam əl-Hədinin əshabından sayılır. Ancaq o, nasibi (əhli-beyti söyən) idi. (ət-Tustəri "Qamus ər-rical” 1/180)

    5.      Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. Amma əsas olan iddia etmək yox, o iddianı isbat etməkdir. Şübhəsiz ki, isbatı olmayan iddianı irəli sürməkdən də heç kəs aciz deyil.

    Beşincisi: Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu Bəkr  (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh) çoxaltdığı və onun qiraətini əhli-sünnət qariləri nəql etdiyi halda, necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni  (yəni, səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql olunanı (yəni, Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət edən və beləcə Quranı bizə çatdıran əhli-sünnətin bu imamları (raviləri), o cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və bizə çatdırmışlar. Bu hədislərin hamısı əhli-sünnətin hədis kitablarında mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı qəbul etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti  (hədisləri) qəbul etmirlər?

                Bütün bu sualların cavabında deyirəm: Elə bu səbəblərə görə şiələrin bir çox alimi Quranın qorunmadığına və təhrif edildiyinə etiqad etmişdir. Hətta Quranın dəyişdirildiyini isbat etməkdən ötrü kitablar yazmışlar. 

                Əli ibn İbrahim əl-Qummi[6] öz təfsirində bu etiqadını belə açıqlayır: "Quranda dəyişilmiş, dəyişdirilmiş və...Allahın nazil etdiklərinin əksinə olan yerlər var.” Daha sonra o, dəyişdirilmiş və Allahın nazil etdiyi əsl Qurana muxalif olduğunu iddia etdiyi çoxlu sayda ayəni və buna dair məsumlardan nəql etdiyi hədisləri misal göstərir  (Təfsirul-Qumminin müqəddiməsinə bax!).

                Muhəmməd ibn Yaqub əl-Kuleyni[7] öz etiqadını bu barədə olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin rəvayətlərdən ikisini qeyd edirəm. Cəfər əs-Sadiq deyir: "Həqiqətən, Cəbrayılın Muhəmmədə gətirdiyi Quran on yeddi min ayə idi.” ( "Usulu-Kəfi”-də "Fədlul-Quran” kitabı 28-ci hədis. C.2 səh.634. Məclisi "Miratul-Uqul”12/536-cı səhifədə bu hədisə "səhihdir” deyir.)

    Cəfər  (rahiməhullah) dedi: "Həqiqətən bizdə Fatimənin müshəfi var. Amma sən bilmirsən ki, Fatimənin  müshəfi nədir?” (Ravi deyir ki,) mən dedim: "Fatimənin müshəfi nə olan şeydir?” O (imam) isə dedi: "Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabərdir. Allaha and olsun ki, onda Qurandan bir hərf belə yoxdur.” ("Usulu-Kəfi”də "əl-Hüccə” kitabı 1/239-240. Məclisi "Miratul-Uqul”3/54-də bu hədisi səhihləşdirir.)

    Əhməd ibn Əbi Talib ət-Təbərsi[8] də bu etiqadın sahibi olmuşdur. Bunu, onun Əl-İhticac kitabında qeyd etdiyi rəvayətlər də isbat edir. Bu rəvayətlərdən birində deyilir ki, "Peyğəmbər (saləllahu aleyhi və səlləm) vəfat edəndən sonra Əli Quranı topladı və  Peyğəmbərin (saləllahu aleyhi və səlləm) vəsiyyət etdiyi kimi onu muhacir və ənsarların yanına gətirib onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Ey Əli! Onu buradan rədd elə! Bizim ona ehtiyacımız yoxdur.” Əli onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan birisi idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi, orada muhacir və ənsarların pis əməlləri yazılmışdır. Biz belə qərara gəldik ki, özümüz bir Quran yazıb ondan muhacir və ənsarları biabır edib hörmətdən salan yerləri (ayələri) çıxardaq.” ("əl-İhticac” 1/155).

    Muhəmməd Bəqir əl-Məclisi[9] yuxarıda qeyd etdiyim "on yeddi min ayə” hədisini şərh edərkən, hədisin "səhih” olduğunu qeyd etdikdən sonra belə demişdir: "Həqiqətən, Quranın naqisliyi və dəyişdirildiyi barəsində olan açıq-aydın, səhih hədislər çoxdur. Bu barədə olan hədislər mənaca mütəvatir dərəcəsindədir. Onların (təhrif barədə olan hədislərin) hamısını rədd etmək bir başa hədislərə olan etimadı aradan qaldırmağı labüd edir. Mənim zənnimcə bu barədə olan hədislər imamət barəsində olan hədislərdən az deyil. Bəs onlar onu (imaməti) hədislər ilə necə isbat edirlər?”[10] ("Miratul-Uqul”12/536 və bəzi nüsxələrdə səh.525).

    Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: "Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdikləri-nin xilafına olan ayələrdə təhrif bölümü).

    Əbul-Həsən əl-Amili[11] də Şeyx Məclisi kimi bu barədə olan hədislərin mütəvatir dərəcəsində olduğunu qeyd edərək deyir: "Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsasən, həqiqətən, Peyğəmbərin vəfatından sonra Quranda dəyişiklik-lər baş vermişdir. (Sahabələr) Quranı topladıqdan sonra bir çox kəlməni və ayələri yox etmişlər.” Daha sonra o, təhrif olunmamış, əsil Quranın Mehdidə olduğunu qeyd edir. Sonra bu əqidəyə sahib olan böyük şiə alimlərindən Kuleyninin, onun ustadı Qumminin, Əyyaşinin, Numaninin, Əbu Talib ət-Təbərsinin və Məclisinin adını qeyd edərək sözünü belə tamamlayır: "Demək olar ki, bu əqidə bizim məzhəbin (şiəliyin) zəruriyyətlərin-dəndir.” ("Miratul-Ənvər” səh.36, əlavə olaraq səh.49-51-ə də bax!).

    Adnan əl-Bəhrani[12] "Məşariquş-Şumus əd-Durriyyə” adlı  kitabında (səh.126) qeyd etmişdir ki, Quranın təhrifinə dair olan hədislər mütəvatir dərəcəsindədir. Həmçinin bu məsələ Şiə məzhəbinin zəruriyyətlətindəndir.

    Alləmə mühəddis Yusuf əl-Bəhrani[13] isə "Əd-Durarun-Nəcəfiyyə” adlı kitabında  (səh.298) təhrif barədə olan hədislər haqqında qeyd etmişdir ki, əgər bu hədislərin səhihliyinə tənə edilsə, o zaman Şiə məzhəbinin bütün hədislərinə də tənə etmək asan olacaq.

    Kəmaləddin Meysəm əl-Bəhrani[14] Osmana (radiyallahu anh) tənə edərək demişdir: "Həqiqətən o, insanları Zeyd ibn Sabitin qiraəti ətrafında cəm etmiş və müshəfləri məhv etmişdir. Şübhəsiz ki, o, (peyğəmbərə) nazil olmuş Quranı da məhv etmişdir.” (Şərhu Nəhcul-Bəlağa 11/1)

    Ancaq bəzi şiə alimləri: Şeyx Saduq, Mürtəza, Əbu Cəfər ət-Təbərsi və Əbu Əli ət-Təbərsi bunun əksini bəyan etmişdirlər. Bu barədə böyük şiə alimi Nemətullah əl-Cəzairi demişdir: "...Bizim əshabımız (yəni şiə alimləri) Quranın təhrif olunduğuna dair açıq-aydın sübut olan bu mutəvatir xəbərlərin səhihliyi və bunları təsdiqləmək məsələsində ittifaq halındadırlar. Bəli, artıq buna Mürtəza, Saduq və Şeyx Təbərsi muxalif olmuşdur. Onlar belə hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmədən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır ki, bu söz (yəni təhrifi inkar etmək) çox saylı məsləhətlərdən (yəni təqiyyədən) ötrü onlar tərəfindən deyil-mişdir. Bu məsləhətlərdən biri də, Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki Quranda təhrif caiz olsaydı onun hökm və qaydalarına necə əməl etmək olardı?” (Nemətullah əl-Cəzairi "Əl-Ənvərun-Numaniyyə”2/357-358).

    Nemətullah əl-Cəzairi qeyd etmişdir ki, vaxtı ilə Quranda imamların təriflənməsinə və səhabələrin pislənməsinə dair ayələr olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu dəyişdirmişdirlər ("Əl-Ənvərun-Numaniyyə” 1/97).

    Nemətullah əl-Cəzairi həmin kitabında bir sualı belə cavablandırır: "Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə, onu oxumaq necə mümkün olur?” (Cavabında) mən deyirəm: "Artıq xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə əldə mövcud olan Quranı namazda və başqa  ibadətlərdə oxumağı və onun hökümlərilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki, ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan Quranı səmaya qaldıracaq, əmirul-mumininin  (Əlinin) yazdığı Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl edəcək.” ("Ənvərun-Numaniyyə”2/363).

    Hörmətli oxucu! Nəzərinə çatdırım ki, belə bir əqidəyə sahib olmaq əhli-sünnətə görə küfrdür. Əhli-sünnət alimlərindən olan İbn Qudamə demişdir: "Müsəlmanlar arasın-da ixtilaf yoxdur ki, əgər bir şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə o, ittifaqla kafirdir.” ("Lumatul-Etiqad” səh. 19).

                Qazi İyad "əş-Şifa” adlı kitabında belə deyir: "Bil ki, kim Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun (Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs, bütünlüklə elm əhlinin nəzərində kafir sayılar.”

                Belə bir hökmü Şeyxulislam İbn Teymiyyə də "Sarimul-Məslul” adlı kitabının 586-cı səhifəsində qeyd etmişdir.

                Amma indi baxın-görün, yuxarıda küfrlə dolu olan sözlərini qeyd etdiyim Nemətullah əl-Cəzairi barəsində şiə alimləri nə fikirdədir:

                Hurr Amili onun barəsində belə deyir: "Əs-seyyid Nemətullah ibn Abdullah əl-Huseyni əl-Cəzairi qədir-qəyməti böyük olan fəzilətli, araşdırıcı bir alimdir...” ("Əməlul-Amil”2/336). 

    Abbas əl-Qummi demişdir: "Çoxlu əsərlərin sahibi, qədir-qiyməti uca, fəzilətli və alim olan bir araşdırıcı idi. Təfsirdə, hədis və fiqhdə, ərəb-dili və ədəbiyyatında öz əsrində yeganə bir şəxs idi.” ("Əl-kunə vəl-Əlqab” 3/298). Əlavə olaraq "Ravdatul-Cənnə”8/138-ci səhifəyə müraciət et! 

    Bütün bunlarla yanaşı Hicri 1320-ci ildə vəfat etmiş məhşur şiə alimi Nuri ət-Təbərsi Quranın təhrifini isbat etməkdən ötrü "Fəsl əl-Xitab fi isbat təhrif kitab rabb əl-ərbab” adlı bir kitab qələmə almışdır. O, bu kitabında Quranın təhrifinə dair "məsum imamlar”dan nəql olunmuş və şiənin hədis elmindəki qaydalarına uyğun  yüzlərlə "səhih” hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu hədislərin səhihliyini, bunları inkar edən başqa şiə alimlərindən daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri ət-Təbərsi Şiə məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Şübhəsiz ki, mühəddis,  (hədis elmi onun sahəsi olduğundan) hədislərin səhih-zəifliyini digərlərindən daha yaxşı bilir. Daha sonra o, bu kitabına irad tutanlara qarşı "Li rədd bəd əş-şubuhat ən Fəsl əl-Xitab” adlı bir kitab da yazmışdır. Onu da qeyd etmək lazımdır ki, o, Şiə məzhəbinin səkkiz ən mötəbər kitabından biri olan "Müstədrək əl-Vəsail” kitabının müəllifidir. 

    Çox qəribədir! Bu gün də, bütün bunları bilən şiə alimləri, bu etiqadda olan alimlərinə qarşı üzür axtarır və deyirlər ki: "Bu alimlər ictihad ediblər və xətaya yol veriblər. Biz onları, bu ictihadlarına görə kafir hesab edə bilmərik.” Sübhənallah!!! Məgər siz, Allahın varlığı barəsində münaqişə edəni və ya Muhəmmədin sonuncu rəsul olduğunu inkar edəni də üzürlü hesab edəcək və: "O, ictihad edib, xəta edib” – deyəcəksiniz? Məgər dində etiqad edilməsi zəruri olan məsələlərdə ictihad etməyi caiz bilirsiniz? Məgər siz, ikinci əmanəti – əhli-beyti inkar edəni üzürlü sayırsınız? Bəs nə üçün ondan da böyük olan əmanəti inkar edənə üzür axtarırsınız?[15] 

    (Allahın ağıl nemətinə görə, Ona həmd olsun!!!)

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1079 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Aprel 2011  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru