Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19931 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17092 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14167 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9951 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9365 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 24 » “Səhabələr söyülürsə, necə qardaş ola bilərik?”
    “Səhabələr söyülürsə, necə qardaş ola bilərik?”
    11:58
    İslam alimləri birliyinin sədri, böyük alim Yusif əl-Qərdavi və İran İslam Respublikası Dövlət Quruluşunun münasibliyini müəyyənləşdirmə təşkilatının sədri, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani əl-Cəzirə kanalında efirə verilən xüsusi verilişdə bir araya gəldilər. Yusif əl-Qərdavinin Qətərin paytaxtı Dohadan, Haşimi Rəfsəncaninin isə Tehrandan canlı yayım olaraq birbaşa qoşulduğu bu verilişdə İslam dünyasının bu günki vəziyyəti, vəziyyətdən çıxış yolları və sünni-şiə münasibətləri bu iki alimin müzakirə obyekti olub. Verilişin əvvəlində aparıcı Əhməd əş-Şeyx bu verilişin mübahisə xarakterli olmadığını bildirərək suallara keçmədən öncə Rəfsəncani və Qərdaviyə söz verdi.

    Rəfsəncani birləşməyə çağırır.

    Rəfsəncani verilişin əvvəlindəki çıxışında “Allahın ipinə möhkəm sarılın və təfriqəyə düşməyin” ayəsini oxuyaraq əl-Cəzirə kanalına və Yusuf əl-Qərdaviyə təşəkkürlərini bildirdi. İslam alimləri birliyinin İslam ümmətinin vəhdəti üçün əhəmiyyətli addımlar atdığını bildirən Rəfsəncani bu dinin inkişafı üçün əsas prinsiplərdən birinin də vəhdət, birləşmə olduğunu söylədi. “İslam inqilabından sonra səfləri yaxınlaşdırmaq, İslam ümmətinin bütün övladlarını birləşdirmək üçün çox çalışdıq” deyə bildirən Rəfsəncani bunun Ayətullah Burucərdi və Məhəmməd Abduhun yolu olduğunu, onların “Dər ət-təqrib” (Məzhəblərarası yaxınlaşma evi) adlı təşkilat yaratdıqlarını, özlərinin yəni, iranlıların isə inqilabdan sonra İslam birliyi məsələsini gündəmə gətirdiklərini və bu məsələdə xeyli işlər gördüyünü də qeyd etdi.

    Son günlərdə İraqda baş verənlərə toxunan, Əfqanıstan, Livan və bəzi bölgələrdə bir ixtilaf dalğasının yarandığı söyləyən Rəfsəncani düşmənlərin müsəlmanların arasını vurmaq üçün dəridən qabıqdan çıxdıqlarını da bildirdi.

    “Düşmənin ümid yeri müsəlmanlar arasındakı ixtilafdır”

    ABŞ-ın Böyük Orta Şərq Layihəsinin müvəffəqiyyətsizliyə uğradığını, İraqı işğal etməklə çatmaq istədiyi məqsədini həyata keçirə bilmədiyini və bu səbəbdən dolayı amerikalıların İslam dünyasında təfriqələrə səbəb olaraq öz istəyinə nail olacağını düşündüklərini deyən Rəfsəncani Fələstindəki müqavimət hərəkatının seçkilərdə qalib gəlməsindən və düşmənin Livanda və dünyadakı bütün müqavimət hərəkatları qarşısındakı məğlubiyyətindən dolayı onun müsəlmanlar arasında ixtilaf yaratmağa yönəldiyini də bildirdi. Müsəlmanların bir-biri ilə çəkişməsinin Qurani Kərimdə qadağan edildiyini bildirən Rəfsəncani İraq, Əfqanıstan və digər yerlərdəki mövcud problemlərin birlik və birləşmə sayəsində həll edilə biləcəyini və bu məsələdə İslam alimlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü də nəzərə çatdırdı. Sünni-şiə ixtilafı deyilən şeyin “şeytani” təhriklər olduğunu deyən Rəfsəncani əlavə etdi ki, “Biz İran xalqı olaraq müsəlmanların birliyinə inanırıq. Mən əminəm ki, sünni alimlər də bizim bu görüşümüzə şərikdirlər”.

    Qərdavi: “Açıq danışmalı, həqiqətlərdən qorxmamalıyıq”

    Yusuf əl-Qərdavi Rəfsəncanidən sonra etdiyi çıxışında İslam alimləri birliyinin xahişini yerə salmayaraq bu verilişi yayımlayan əl-Cəzirəyə və səkkiz il əvvəl İrana səfəri zamanı onunla görüşən Rəfsəncaniyə öz təşəkkürlərini çatdırdı. “Rəfsəncaninin Tehrana səfər edən İslam Alimləri Birliyinin bir qrup aliminin irəli sürdüyü səkkiz məsələ haqqında danışmasını istərdim” -deyən Yusuf əl-Qərdavi bu səkkiz məsələ barəsində açıq danışılmasının vacib olduğunu və əsl ağrılı problemin üzə çıxarılmadığını, həqiqətləri görməkdən qaçıldığı üçün məzhəblərarası yaxınlaşmaya həsr edilən konfranslarının heç bir nəticə vermədiyini və faktiki olaraq heç bir şeyə nail olunmadığını söylədi.

    “Hər iki tərəfdə də təkfirçilər var”

    “Bu səbəbdən bu görüşdə həm sünnilərin, həm də şiələrin şikayət etdikləri nöqtələri açıqca danışmaq üçün bir araya gəldik” -deyən Yusuf əl-Qərdavi “Təkfirçilik bir reallıqdır, həm sünniləri, həm də şiələri təkfir edənlər mövcuddur. Biz İslamın birləşdirici ünsür olmasını istəyirik. Sünnilər arasında şiələri təkfir edənlər varsa da, şiələr arasında da sünniləri təkfir edənlər var. Hətta, şiələrdəki təkfir sünnilərdə olduğundan daha şiddətlidir. “Biz sünnilərlə nə ilahda, nə peyğəmbərdə, nə də imamda bərabərik” deyənlər də tapılır” deyə Qərdavi bildirdi.

    “Təkfiri rədd edirik. Hamımızın Allahdan başqa ilahı olmadığına və Məhəmmədin Onun elçisi olduğuna şəhadət etməsi kifayətdir. Eyni zamanda hamımızın tək bir qibləyə yönələrək namaz qılması da yetərlidir”- deyən Yusuf əl-Qərdavi digər bir məsələ kimi sünni-şiə anlaşmazlığı barədə məsələlərin sadə xalq kütlələri arasında deyil, bu kimi məsələlərin elm adamları və mütəxəssislər tərəfindən qərəzsiz bir şəkildə araşdırılmasının vacibliyini də diqqətə çatdırdı.

    “Səhabələr söyülürsə, necə qardaş ola bilərik?”

    Əhli-Beyti sevməyən bir sünninin belə olmadığını bildirən Qərdavi: “Sünnilərdən kimsə birisi varmı ki, Rəsulullahın əmisi oğlu Hz. Əlini, onun oğulları Hz. Həsən və ya Hz. Hüseyni sevməsin?” dedi. Qərdavi daha sonra bunları söylədi: “Ancaq, şiə qardaşlarımızın səhabə problemi mövcuddur. Səkkiz il əvvəl Tehranda iştirak etdiyim bir konfransda da bunu demişdim. Bu nöqtə çox həssas və əhəmiyyətlidir. Mən Əbu Bəkr “Allah ondan razı olsun!”, Ömər “Allah ondan razı olsun!”, Aişə “Allah ondan razı olsun!” dediyim zaman sən də “Allah onlara lənət etsin!”- desən, mən necə əlimi sənin əlinin üstünə qoyub səninlə qardaş ola bilərəm?! Buna görə də bu məsələdə anlaşmağımız lazımdır. Onlar səhabədirlər. Onlar Allah rəsulunun tələbələri və onun tərbiyəsini görmüş insanlardır. Onlara söyməklə müəllimlərinin onlara yaxşı tərbiyə vermədiyini ifadə etmiş oluruq. Vallahi, o, onlara ən yaxşı tərbiyəni vermişdir. Onlar dünyanın şahid olduğu ən üstün nəsil idi. Quran bir neçə yerdə buna şahidlik edir. Bütün səhabələrə – İslamı ən əvvəl qəbul edənlər və sonra qəbul edənlərə qədər hamısına, və hətta onlardan sonra gəlib xeyirlə onların yolu ilə gedənlərə də Allah altından çaylar axan cənnətlər vəd edir. Onlar Quranı bizə çatdırdılar, sünnəti qorudular, ölkələri fəth etdilər və İslamı yaydılar. Misirə,, İrana İslamı kim gətirdi?! Atəşə ibadət etməkdən xilas edib Allaha ibadətə kim yönəltdi?! Rəsulullah (s) və səhabələrinə yönəldilmiş hər bir alçaldıcı sözdən uzaq durmaq lazımdır.”

    “İraqın parçalanmasına qarşı çıxırıq”

    İraqlı din xadimlərinin imzaladıqları Məkkə Bəyannaməsindən də bəhs edən Yusuf əl-Qərdavi bu sənədin “meyvə verə bilməsi” üçün onda qeyd olunanların yerli-yerində yerinə yetirilməsinin vacibliyini vurğuladı.

    İraqda baş verən kütləvi qırğınların və tökülən qanların, ölüm briqadaları və məzhəbçi milislər məsələsinin ən mühüm problemlərdən olduğunu bildirən Qərdavi insanların öz ev-eşiyindən, yurdlarından zorla didərgin salındığını da dedi. Sonda İraqın parçalanmasının qəti əleyhinə olduğunu bildirən Qərdavi İslam düşmənlərinin müsəlman ölkələrini parçalama planlarının olduğunu, İraq, Suriya və Misirin hər birini bir neçə kiçik parçalara ayırmaq istədiklərini də söyləyərək əlavə etdi ki, “İraq vahid İraq , İraq xalqı da vahid bir xalq olaraq qalmalıdır. İraqın və İraq xalqının bütövlüyünü mütləq şəkildə qorumalıyıq və bunun ziddinə olan hər bir planı rədd etməliyik”.

    Yusuf əl-Qərdavinin çıxışından sonra verilişin sual-cavab hissənə keçildi. Aparıcı Əhməd əş-Şeyx Rəfsəncanidən başlayaraq qonaqlara müxtəlif suallar verdi.

    “Ən böyük təhlükə İsrail və imperialistlərdir”

    “Verəcəyiniz cavablar İranın digər din alimlərinin də görüşlərini əks etdirirmi?” sualına cavab verən Rəfsəncani öz görüşlərini bildirəcəyini və eyni zamanda İrandakı din alimlərinin əksəriyyətinin bu fikirlərə şərik olduqlarını bildirdi. “Yusuf əl-Qərdavinin açdığı mövzular haqqında nə demək istəyirsiniz?” sualına Rəfsəncani sünni və şiə sadə xalq kütləsinin etdiyinin İslam dünyasında ixtilafa səbəb olmamasının vacibliyini bildirdi. “Biz Quranın əmr etdiyi kimi olmalıyıq və biri-birimizlə sıx birləşməliyik” -deyən Rəfsəncani ən böyük təhlükənin İsrail, sionizm və imperialistlərin olduğunu, imperialistlərin hərc-mərclik salmağa və bölgəni ələ keçirib buradakı sərvətlərə yiyələnməyə çalışdığını qeyd etdi. Dünyada bir milyard yarım müsəlman və altmış İslam ölkəsinin olduğunu, bunların əhəmiyyətli mövqelərdə yerləşdiyini, Allahın bəxş etdiyi enerji ehtiyyatlarına sahib olduğunu və bu səbəbdən İslam dünyasının birləşərək özünü müdafiə etmə haqqı olduğunu bildirən Rəfsəncani məsələnin təfərrüatəna varmağın , detalları incələməyin düzgün olmadığını vurğulayaraq belə dedi: “Biz İrandakı xütbələrimizə Peyğəmbərə, ailəsinə və səhabələrə salat və salamla başlayırıq. Bu gün biri-birimizi ittiham etməyin deyil, çiyin-çiyinə verməyin vaxtıdır.” Şiə alimlərinin səhabələrə söyməyin caiz olmadığını bildirən açıq fətvalar verməmələrinin səbəbi haqqında verilən suala Rəfsəncani: “Hər iki tərəf ixtilaf törədən məsələləri gündəmə gətirməməlidir!” kimi cavab verdi.

    “Tarixə “ilişib” qalmamalıyıq”

    Verilişın aparıcısı daha sonra Yusuf əl-Qərdaviyə sünnilərin də bəzi davranışlarının ixtilafa səbəb olduğunu, şiə ayparasından bəhs edildiyini, bəzi alimlərin şiələri, ümumən kafir elan etdiyini, şiələr kimi sünnilərin də tarixə “ilişib” qaldığını, Bağdadın işğalı ilə əlaqədar İbn əl-Əlqəm və Tusidən bəhs etdiklərini xatırlatdı. Buna cavab olaraq Yusuf əl-Qərdavi: “Sünnilərin adından bunu deyə bilərəm ki, biz tarixdən dərs alırıq. Ancaq tarixin əsirinə çevrilmirik. Keçmişdə bir şiə bir xəta və hətta xəyanət etmiş olsa belə, onun bu hərəkətindən doğan məsuliyyəti bu günkü şiələrin hamısına yükləmərik”- dedi. Təkfir məsələsinə gəldikdə isə, bunun hər iki tərəf arasında qarşılıqlı olduğunu söyləyən Qərdavi sünnilər arasında şiələri təkfir eədnlərin olduqca az olduğunu və əksəriyyətin isə şiələri kafir saymadığını bildirdi. İsrailin Livana hücumu zamanı ümmətin böyük əksəriyyətinin Hizbullahla bərabər olduğunu xatırladan Qərdavi ümmətin əsas yönünün bu olduğunu bildirərək ümməti tək-tək fərdlərin söylədikləri ilə deyil, ümumi münasibəti ilə dəyərləndirməyin vacib olduğunu, insanların hər iki tərəfdən ifratçılar tərəfindən deyil, mötədillər tərəfindən ixtilafa son veriləcəyini gözlədiklərini diqqətə çatdırdı.

    “Təqiyyə və şiəliyi yayma anlaşılmazlığı”

    Verilişin aparıcısının şiə alimlərinin müsəlmanlara qarşı təqiyyə etmə məəsləsinə necə baxdıqları barəsində verdiyi suala Rəfsəncani bu məsələnin də İslam düşmənləri tərəfindən ortaya atıldığını, dövlətlərin də gizli qanunlarının olduğunu bildirməklə cavab verərək şiələrin inandığı təqiyyənin Qurandan qaynaqlandığını irəli sürdü. Rəfsəncani ümumən insanlar arasında da hər şeyin hamının yanında söylənilmədiyini və təqiyyənin gizli bir metod olmadığını və bütün ağıllı insanlar tərəfindən tətbiq edildiyini bildirdi. Rəfsəncani İranın şiəliyi yaymaq fəaliyyəti haqqında verilmiş sualı “Saleh əməli yaymaq vacibdir” kimi cavablandırdı.
    Daha sonra aparıcı Yusuf əl-Qərdaviyə sünnilərin vahid dini avtoritetlərinin olmadığını, onların da öz məzhəblərini yayma fəaliyyətinin olduğunu və bəzi şiələrin sünnilərin əksəriyyət təşkil etdiyi ölkələrdə öz hüquqlarından tam istifadə edə bilmədiklərindən şikayət etdiklərini xatırlatdı.

    Qərdavi sualın cavabına keçmədən əvvəl Rəfsəncaninin təqiyyə haqqında söylədiklərinə etiraz edərək Quranda təqiyyənin kafirlərə qarşı istifadə edildiyini, istisna bir hal olduğunu və ümumi bir qayda kimi istifadə edilmədiyini qeyd etdi.

    Rəfsəncaninin şiəliyi yaymağı saleh əməli və xeyri yaymaq kimi izah etməsinə də etiraz edən Qərdavi məqsədin bu olmadığını, əsl niyyətin bir şəxsin məzhəbini dəyişdirməsi olduğunu və bunun da hərc-mərcliyə yol açdığını bildirdi və sözünü belə davam etdirdi: “Bunu daha öncə də dedim: Misir, Sudan, Mərakeş, Əlcəzair və Tunis kimi tamamən sünni olan bir ölkəyə gedib şiəliyi yaymağa çalışsaz, nə qazanarsınız, axı? On, iyirmi, yüz, iki yüz, hətta min, iki min adam daha sonra bütün xalq sizə qarşı dayanacaq və gərginlik yaranacaq. Sünnilər bunu etmirlər. Mənim böyük xeyriyyə təşkilatları ilə əlaqələrim var. Fəaliyyətlərində sünniliyi yayma istəyi qətiyyən hiss olunmur.”

    “Hər bir məzhəbə mənsub azlıqlar bütün hüquqlarının sahibi olmalıdır”

    Tərəflər arasında həqiqi yaxınlaşmanın ola bilməsi üçün hər iki tərəfdən olan azlıqların hüquqlarına hörmət edilməyin vacibliyini bildirən Yusuf əl-Qərdavi: “İndoneziyaya getdim. Küveyt səfirləri şiə idi. Körfəz ölkələirndə şiə olan bir çox nazir var. İranda 15 milyon sünni var. Onların sayının daha çox olduğunu da dedilər. Bir nazirləri belə, yoxdur. Misir qiptilərinin sayının bundan az olmasına baxmayaraq, bu ölkədə qibti olan üç nazir var. Sünnilər Tehranda məscid açmaq üçün müraciət edirlər, ancaq indiyə qədər bu müraciət qəbul edilmir. Əgər ixtilafın qarşısını almaq istəyiriksə, müştərək addımlar atılmalıdır. Hər iki tərəfdən olan azlıqlar özlərinin bütün hüquqlarına sahib olmalıdırlar” -dedi. Bundan sonra verilişin aparıcısı Rəfsəncaniyə İranın İraqa müdaxiləsini və bu məsələyə onun mövqeyi barəsində sual verdi. Sualın cavabına keçmədən əvvəl Yusuf əl-Qərdavinin də dediklərinə etirazını bildirən Rəfsəncani Qərdavinin ortaya qoyduqlarına uyğun olaraq onun da bu tip şeyləri ortaya qoyması ilə Amerikanın qurduğu tələyə düşəcəklərini bildirdi.

    İraqın birlik və bütövlüyünün müdafiə edilməsinin vacib olduğunu və İraq xalqının vahid konstitusiya və ortaq bir hüquq altında yaşamasının vacibliyini bildirən Rəfsəncani: “Şiələr keçmişdə sünnilərin ölkəni idarə etdiyi və indi isə əllərinə intiqam fürsətinin düşdüyünü fikirləşməməlidirlər. İraqda işğal var və işğala qarşı səflər birləşməlidir. Bizlər də qonşu ölkələr olaraq İraqın birliyinə dəstək olmalıyıq.” dedi.

    İranın İraqa müdaxiləsi

    İranın xüsusi xidmət orqanları ilə İraqa müdaxilə etdiyi, işğala qarşı olmasına baxmayaraq, mövcud vəziyyətdən razı olduğu və bunun da bir ziddiyət olub-olmadığı barədə verilən suala Rəfsəncani bu tip danışanların amerikalıların üslubu ilə danışdıqlarını, İranın İraqın daxili işlərinə qarışmadığını və bunu inkar edən heç bir dəlilin olmadığını dedi. İraqda müsəlmanların probleminin olduğunu və onlara kömək etdiklərini bildirən Rəfsəncani Bosniya və Fələstini xatırladaraq: “Bosniya və Fələstin xalqı şiə deyil. İraqı müdafiə edərkən biz işğal edilmiş bir İslam ölkəsini müdafiə edirik. Biz onların qətiyyən daxili işlərinə qarışmırıq. Onlar öz işlərini necə idarə edəcəklərini yaxşı bilirlər.”

    “Müqavimət göstərmək İraq xalqının haqqıdır”

    Bundan sonra aparıcının Yusuf əl-Qərdaviyə yönələrək İraqda sünni partiyalarının da işğalın kölgəsində keçirilən parlament seçkilərində iştirak etdiyini, bəzi sünni qrupların hərc-mərcliyə səbəb olan addımlar atdımını xatırlatmasına cavab olaraq Qərdavi bəzi partiyaların siyasi proseslərdə iştirak etməsi ilə bir o qədər maraqlanmadığını, bunun siyasi ictihad olduğunu və xəta etmiş, bəlkə də bu proseslərdə iştirakdan peşman olmuş ola biləcəklərini bildiridi.

    Üzərində dayanılması vacib olan məsələnin İraq xalqının müqavimət haqqı olduğunu vurğulayan Qərdavi: “Müqavimət İraq xalqının haqqı, yoxsa qəbul edilməz bir hərəkatırmı?” - deyə sual etdi və Fələstinlilər, Əfqanlar və torpaqları işğal edilmiş digər xalqlar kimi İraq xalqının da işğala müqavimət göstərmək haqqının olduğunu nəzərə çatdıran Qərdavi bunun İslami bir hökm olduğunu, torpaqları işğal edilmiş bir xalqa cihadın fərzi-ayn olduğunu və eyni zamanda ətrafdakıların da onlara yardım etmələrinin fərzi-ayn olduğunu qeyd etdi.

    İraqdakı əsl problemin hər gün yüzlərlə insanın ölməsinə səbəb olan qırğınlar olduğunu bildirən Qərdavi: “Əgər sünnilər arasında belə qanlı aksiyaları törədən varsa, mən bunu pisləyirəm.”- dedi.

    Xütbələrində və əl-Cəzirədə televiziyasında yayımlanan “Şəriət və həyat” verilişında İraq və İrandakı ayətullahların müsəlmanın müsəlman qanı tökməsini pisləyən bəyanatlar verməsini arzuladığını deyən Qərdavi İranın üzərində məsuliyyət olduğunu, Rəfsəncaninin isə bunu qəbul etmək istəmədiyini, İraqda ancaq İranın əli olduğunu və bu probelmin açarlarının bir çoxunun sonuncu ölkənin əlində olduğunu hər kəsin qəbul etdiyini də diqqətə çatdırdı.

    “Hücuma məruz qalarsa, İranla bərabərik”

    Aparıcının İranın Amerikanın hədələri ilə üzləşdiyi, İranlıların sünni ölkələrdən bəzilərinin İranı dəstəkləmədiyindən və bununla yanaşı, Amerikanın İran əleyhinə siyasətini də yan çıxmalarından şikayət etdikləri barəsində verdiyi suala cavab olaraq Yusuf əl-Qərdavi belə dedi: “Mən ərəb ölkələri və digər ölkələrdəki rejimlərin vəkili deyiləm. Məni maraqlandıran iqtidar yox, müsəlman xalqıdır. İranla İraq barəsində, şiələrlə səhabə və şiəliyi yayma məsələsində görüş ayrılığımız ola bilər. Ancaq İran Amerika və ya hər hansı bir dövlət tərəfindən hücuma məruz qalarsa, biz buna qarşı çıxacağıq. Nə İrana, nə də başqa bir müsəlman ölkəsinə edilən hücuma razı olmarıq. Ümumiyyətlə, heç bir ölkəyə hücum edilməsinə razı deyilik. Çünki biz təcavüzün əleyhinəyik. Doha şəhərində keçirilən konfransda da bunu elan etmişdim. İrana hər hansı bir təcavüz olarsa, biz İranla bərabər olub təcavüzə qarşı dayanacağıq. Biz haqqın tərəfindəyik. İran nə etdi ki, hücuma məruz qalsın? Nüvə enerjisi əldə etmək istəyimi? Bu onun haqqıdır və buna heç kim mane ola bilməz. Bizim münasibətimiz açıq və qətidir.

    “İşğala müqavimət göstərmək zəruri və fərzdir”

    Daha sonra verilişin aparıcısı Əhməd əş-Şeyx Rəfsəncaniyə yönələrək “Nə üçün şiə din alimləri işğala müqavimətin İraqın bütün ərazisində fərz olduğunu bildirən aydın və konkret fitvalar vermirlər?” - deyə soruşdu. Rəfsəncani bu suala verdiyi cavabda müqavimətin zəruri və fərz olduğunu dəfələrlə vurğuladıqlarını bildirərək belə dedi: “Qəbul etmədiyimiz məsələ İraq xalqının öz arasında müharibə etməsidir. Bunu kim başladı? Mən xırdalıqlara varmaq istəmirəm. Şeyx əl-Qərdavidən də Amerikalıları məmnun edəcək şeylər söyləməməsini xahiş edirəm. Müqavimət bütün İraqlıların haqqıdır. İraqda bir iranlının belə, terror törədərkən ələ keçdiyini deyə bilməzsiniz. Ancaq ərəb ölkələrindən gələn və terror hadisələri törətməklə günahlandırılan bir çox şəxs həbs edilmişdir. Şeyx əl-Qərdavi də onların haradan gəldiyini yaxşı bilir.”

    İraq xalqını təşkil edən bütün qrupların say etibarilə hökumət və digər dövlət təşkilatlarında yer alması gərəkdiyini bildirən Rəfsəncanı: “Bax, o zaman müsəlmanlar və İslam ölkələri arasında problem qalmayacaqdır” - deyə bildirdi. İraqda insanların ad və məzhəblərinə görə öldürüldüyünə cavab olaraq Rəfsəncani hansı tərəfdən olursa-olsun, belə cinayətlərin böyük günah olduğunu, İraqda heç bir müsəlmanın, hətta qeyri-müsəlmanların qanının axıdılmamasının gərəkdiyini və qanunların tətbiq edilərək hər kəsin təhlükəsiz bir şəraitdə yaşamasının vacibliyini vurğuladı.

    “Ölüm briqadaları əməllərinə görə cəhənnəmlikdir”

    Radikal qrupların İraq xalqının öz gələcəyini özünün təyin etməsinə mane olmaq üçün İraqa gəldiyini və işğal qüvvələrinin də buna razı olduğunu deyən Rəfsəncani sünni və şiə alimlərin vəzifəsinin İraq xalqının öz yolunu özünün seçməsinə yardım etmək olduğunu və iraqlıların bu kamilliyə sahib olduğunu bildirdi.

    “İrandakı alimlər nə üçün ölüm briqadaları tərəfindən törədilən əməllərin haram olması barəsində fitva vermirlər?” sualına cavab olaraq Rəfsəncani: “Cavabımı bir daha təkrarlayıram və biz bunu bir neçə dəfə təkrar etmişik. Bu əməlləri törədənlər cəhənnəmi qazanmışlar. Çünki, müsəlmanlar öz aralarında döyüşməməlidirlər. Eyni zamanda bir şeyə diqqət etməliyik: Bunu əvvəlcə kim başladı? Ayətullah əl-Həkimi İrandan qayıtdıqdan sonra kim öldürdü? Bununla bərabər keçmişə deyil, gələcəyə baxmalıyıq!”- dedi.

    “Müqavimət xarakterli olmayan hücumları qəbul etmirik”

    Aparıcının Yusuf əl-Qərdaviyə yönələrək İraqda müqavimət göstərən qüvvələrin bəziləri tərəfindən edilən hərəkətlər, əl-Qaidə və bu kimi təşkilatların bəyənilməyən mövqe tutmadığı və bu məsələ barəsində sünni alimlərdən də açıqlama verilməsinin vacibliyi xüsusunda verdiyi suala cavab olaraq Qərdavi bu məsələyə keçmədən əvvəl Rəfsəncaninin “Şeyx əl-Qərdavi onların haradan gəldiyini yaxşı bilir” sözlərinə etiraz edərək: “Mən onların haradan gəldiyini bilmirəm. Mənim kəşfiyyat xidmətim yoxdur” dedi. Haqsız yerə qan tökməyi, Ayətullah Baqir əl-Həkimin öldürülməsini, Nəcəfə və əl-Əsgəri türbəsinə hücumları pislədiklərini xatırladan Qərdavi sözlərinə belə davam etdi: “Bizlər buna qarşıyıq və bu məsələyə münasibətimiz açıq-aydındır. Kaş, qardaşlarımız da bizim qədər açıq ola bilsəydilər. Qəbul etdiyimiz İraq müqavimətidir və bu müqaviməti təmsil edənlər də əsasən İraqdakı qardaşlarımızdır. Xaricdən gələnlər müqavimətin hərəkatının 5-10 faizini belə təşkil etmir.”

    “Vətəndaş müharibəsinin qarşısını İran ala bilər”

    Aparıcının “İraqdakı qardaş qırğınını hər kəs pisləyir, siz də pisləyirisniz, ancaq nə üçün heç bir irəliləyiş hiss edilmir?” -deyə verdiyi suala cavab olaraq Qərdavi İraq və İrandakı dini avtoritetlərin bu hadisələrin qarşısını almaq üçün yetəri qədər cəhd etmədiklərini və əməli olaraq bu hadisələri dayandıracaq addımların atılmadığını bildirdi. Yusuf əl-Qərdavi daha sonra sözlərinə belə davam etdi: “İranın bu gün İraqda baş verənlər üzərində gücünün, nüfuzunun olduğuna inanıram. İstərsə, oradakı insanlara: “Əlinizi saxlayın!” deyə bilər. Təbii ki, şeyx Rəfsəncani bunu etiraf etmək istəmir. Ancaq, hamı İranın İraqda nüfuz sahibi olduğunu deyir və bunun belə olduğu da aydın görünür. İran “bunu edin, bunu isə etməyin!” deyə bildiyi qüvvələrə “Dayanın!” demədikcə bu məsələ həll edilməyəcəkdir. İran bu hərc-mərcliyi söndürə bilər. İran bizi nə qalibin, nə də məğlubun bəlli olmadığı bu daxili savaşdan qurtara bilər. Çünki, bu müharibədə qalib Amerika, sionistlər və İslam düşmənləri olacaq. Konkret demək istədiyimiz də budur.”

    “Xəbərləri oxusaydı, belə danışmazdı”

    Veriliş aparıcısının son olaraq “Daima xarici qüvvələri, sionistləri, imperialistləri və “böyük şeytanı” günahlandırır, öz daxilimizə isə heç baxmırıq. Əvvəlcə, öz aramızdakı problemləri həll etməyimiz lazım deyilmi?” – deyə soruşaraq bu məsələdə fikrini bildirməsi üçün Rəfsəncaniyə müraciət etdikdə o, bundan qabaq dediklərnə qayıtdığını və İslam birliyinin qorunmasının vacib olduğunu bildirdi. Yusuf əl-Qərdaviyə xəbərləri daha çox oxumasını və İran rəsmlərinin açıqlamalarını oxumasını tövsiyə edən Rəfsəncani: “Əgər xəbərləri və İran rəsmlərinin açıqlamalarını oxusaydı, belə danışmazdı” dedi. İran alimlərinin müqaviməti dəstəkləyən və daxili toqquşmalardan çəkindirən bir çox müraciətlərinin olduğunu söyləyən Rəfsəncani İslam alimlərini İran rəsmlərinin bəyanatlarını daha yaxından araşdırmağa dəvət etdi və: “İslam ümmətinin mənsubları arasında baş verənlər qəlbimizi yandırır.”- deyə bildirdi.

    “Sünni-şiə münasibətləri böyük bir imtahan qarşısındadır.”

    Yusuf əl-Qərdavi də eyni suala verdiyi cavabında “Biz bu ümmətin birliyini qorumağa diqqət etməli və hər növ bölünmə və parçalanma cəhdlərinə qarşı olmalıyıq. İslam məzhəbin fövqündə durmalı, ümmət anlayışı da milliyətçiliyin fövqündə olmalıdır. Yüksək məqsədlər kiçik mənfəətlərdən üstün tutulmalıdır.” dedi. “Müsəlman-xristian dialoqu xoş qarşılandığı halda, müsəlman-müsəlman dialoqu nə üçün bəyənilməməlidir?”- deyən Qərdavi bir milyard yarım müsəlmanın vəhdətdə olduğu, insan və maddi ehtiyatlarından istifadə etdiyi zaman layiq olduğu mövqeyə gələcəyi, gerilik zindanından irəliləmə meydanına çıxacağını vurğuladı. Dünyanın şərqi və qərbindəki müsəlmanların bu dialoqun səmərəsini gözlədiklərini söyləyən Qərdavi sözlərini belə tamamladı: “Sadəcə, dialoq kifayət deyil. Çox sayda dialoq aparılır. Bu, əməlı olaraq tətbiq edilməlidir. Axıdılan qanların dayandırılması vacibdir. Milislərin və ölüm briqadalarının əməlləri dayandırılmalıdır. Zorla yurdlarından didərgin salınanlar evlərinə geri dönməli və qəsb edilən məscidlər sahiblərinə qaytarılmalıdır. Hər kəsin şikayət etdiyi şiəliyin təbliğatı dayandırılmalıdır. Problemi həqiqətən həll etmək istəyiriksə, bunlar yerinə yetirilməldir, bir yerə yığılıb-dağılmaqla bir şey əldə edilməz. Dohadakı konfransda da bunu dedim. Sünni-şiə münasibətləri böyük bir imtahan qarşısındadır. Bu imtahanda müvəffəqiyyət arzulayıram.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 753 | Tarix: 18.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru