Bu həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov
məlumat verdi ki, yeni bir şura
yaradılır. Bu şura məscidlərin tikintisinə, təmirinə rəy verəcək.
Hidayət Orucovun deməsinə görə, şura təkcə rəy verməklə
kifayətlənməyəcək, məscid tikintisində istifadə ediləcək maliyyənin
mənbəyini də araşdıracaq. Həmin şurada QMİ və Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak edəcək.
Komitənin
mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə AzadlıqRadiosuna deyib ki,
məqsəd bununla sadəcə şəffaflığı təmin etməkdir. Həmin pulun halal
yolla qazanılıb-qazanılmadığını öyrənmək, çirkli pulların yuyulmasında
məscid və kilsə tikintisindən istifadə edilməsinə yol verməməkdir.
«Panorama»
verilişində Müşfiqabad məscidinin imamı Şeyx Mübariz Qaçayev və
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid yeni yaradılmaqda olan
şura ilə bağlı fikirlərini bölüşüblər.
ŞEYX MÜBARİZ
QAÇAYEV: «İslamda məscid tikənlər Allaha inananlar,
ondan qorxanlar, ibadət edənlər olmalıdır. Xəlifə Osman peyğəmbərə
istinadən deyərdi ki, bir kəs məscid tikərsə, Allah da ona cənnətdə bina
inşa edər. Ancaq əməl niyyətə görədir. Bəzi insanlarda riyakarlıq var.
Ola bilər ki, onların məscid tikdirməkdə məqsədi cəmiyyətdə comərd kimi
tanınmaq, irəli getməkdir. Mən indi bilmirəm ki, bu şura hansı məqsədlə
yaradılır və hökumətin məscid tikdirən insanlardan şəffaflıq tələb
etməsi hansı məqsəd daşıyır. Ancaq Allaha inanan, ondan qorxan, ibadət
edən insanların da elə qazancı halaldır. Ancaq biz cəmiyyətə baxanda,
başqa şeylər görürük. Bu qədər şadlıq evləri tikirlər. Onların biri ilə
neçə-neçə məscid tikmək olar. Həmin şadlıq evləri insanların cibini
soyur. Ancaq heç şadlıq evi tikdirənə deyən yoxdur axı, maliyyənin
mənbəyini göstər. Düzdür, Azərbaycanın əksər məscidlərində savadsızlıq
baş alıb gedir. Bəlkə də bunun qarşısını almaq istəyirlər…»
QƏNİMƏT
ZAHİD:
«Məncə, bu məsələ 3 aspektdə
dəyərləndirilməlidir. Birincisi, bu, imza davasıdır. Bəzi məmurlar
hansısa qərarların verilməsində öz imzalarını görmək istəyirlər.
İkincisi, burada qazanc məqsədi güdürlər. Üçüncüsü isə, buna
hakimiyyətin siyasəti kimi baxmaq olar. Hakimiyyət həm məscidləri
hansısa kvotada saxlamaq istəyir, həm də insanların dinə meyl etməsindən
çəkinir. Yaxşı, bunlar şəffaflıq istəyirlərsə, bəs nəzir qutularına
nəzir verənlərdən soruşurlarmı ki, bu pul haradandır? Və yaxud bu nəzir
pulları hara gedir, hansı savab işlərə xərclənir? Yer üzündə 60-a qədər
müsəlman ölkəsi var. Bu ölkələrin yarısından çoxu şeytan fitnələri ilə
idarə edilir. Xalqı məzlum kökünə salmaq, fəqir insanın sonuncu tikəsini
də əlindən almaq…»