Allahın birliyinə və Ondan başqa ilah olmadığına, Allahın mələklərinə, peyğəmbərlərinə, Həzrəti Muhəmmədin (s) Allahın qulu və peyğəmbəri olduğuna ,peyğəmbərlərə kitab göndərildiyinə, axirət gününə, öldükdən sonra dirilməyə, xeyrin və şərrin Allahdan olmasına şübhə etmədən inanar və dili ilə də bunları təsdiq edər.Allahın əmr etdiyi Hz. Muhəmmədin (s) göstərdiyi şəkildə namaz qılar, oruc tutar, zəkatını verər, bundan başqa yetimlərə, yoxsullara möhtaclara qohum və əqrəbaya yolda qalmışlara malı itə sevərək yardım edər.
Allahın və Rəsulunun əmrlərinə itaət edər və əxlaqi vəzifələrini tam olaraq yerinə yetirər. Fəlakətləri mətanətlə qarşılayar. Bu imtahanları müvəffəqiyyətlə keçmək üçün bütün qüvvəsini səfərbər edər, səbr və dözüm göstərər, Allahdan ümidini kəsməz. Ana ataya itaət edər, onların qəlblərini qıracaq ən kiçicik bir söz və əmələ yol verməz. Sözündə durar, əhdinə vafalı olar, əmanətə xəyanət etməz. Üzərinə götürdüyü hər cür vəzifəni ən gözəl şəkildə yerinə yetirməyə çalışar. Əyin-başını, oturub-durduğu yeri, sahib olduğu əşyalarını çirkdən, beynini lazımsız fikirlərdən, qəlbini pis duyğulardan, dilini çirkin və kobud sözlərdən təmiz saxlayar. Bədən və ruh təmizliyi ilə hər kəsə nümunə olmağa çalışar. İnsanlar arasında ixtilaf çıxarmaqdan, insanları bir-birinə vuracaq sözlərdən və işlərdən uzaq durar. Kimsənin ayıblarım və gizli hallarını araşdırmaz və ortaya çıxarmaz, Bilmədiyi bir şey haqqında hökm verməz. Başqalarına qarşı təkəbbürlü və özündən razı olmaz, Öz şəxsiyyətini içki, qumar kimi pis vərdişlərdən qoruyar, hiyləgərlik, riyakarlıq, yaltaqlıq kimi keyfiyyətlərlə alçalmaz. Pisliyin həyasızlığın hər növündən - gizlisindən, açığından, böyüyündən, kiçiyindən özünü qoruyar, insanların yaxşılığı üçün çalışar. Özü sözünə, içi üzünə uyğun, doğru-dürüst adam olub, hər harada olursa olsun öz əleyhinə belə olsa haqq və doğruluqdan ayrılmaz. Düşmənlərinə qarşı belə ədalətli və insaflı olar. Onlara olan düşmənliyi səbəbi ilə ədaləti heç zaman ayaqlar altına atmaz. Yalan danışmaz, yalandan and içməz, yalandan şahidlik etməz. Haqsızlığa qarşı həmişə nifrət duyar. İsrafdan və xəsislikdən uzaq durar. Nə əli ilə nə dili ilə heç kimsəni incitməz. Qonşularına hörmət edər, onlarda narazılıq yaratmaz. Varlı vaxtlarında da kasıb vaxtlarında da başqalarına əlindən gəldiyi qədər yardım edər. Qəzəbini yenərək, başqalarının qəbahət və xətalarını bağışlayar, intiqam almaq üçün kin bəsləməz. Xəta edib pislik və haqsızlıq etsə tez Allahı xatırlayaraq Ondan əfv və məğfirət diləyər, etdiyinə peşman olub tövbə edər. Harada yaxşı bir iş görsə ona dəstək verər, maddi və mənəvi köməklik göstərər, insanlara haqqı və xeyri tövsiyə edər, pisliyə və zülmə heç zaman yardımçı olmaz, zalımları heç zaman müdafiə etməz, insanları pis haqsız əməldən daşındırmağa çatışar. Küsülüləri barışdırmağı özünün bir vəzifəsi bilər. Kin saxlamaz, kimsəyə həsəd aparmaz, cəmiyyətə faydalı bir insan olmağa çalışar. Başqa millətlərin necə tərəqqi etdiklərini, necə gerilədiklərini. necə süquta uğradıqlarını tədqiq edərək onlardan ibrət alar, bu yolla başqalarının etdikləri xətalardan ibrət alar. Kimdən eşidirsə eşitsin əgər haqdırsa qəbul edər, elm və biliyi, hikmət və həqiqəti harada kimdə görsə götürər bu yöndə təəssübkeşlik etməz. Müsəlman tənbəl deyildir. Dünya üçün heç ölməyəcəkmiş kimi çatışar, sabah öləcəkmiş kimi axirət üçün hazırlıq görər. Bu hər iki vəzifəsini tam, mükəmməl yerinə yetirər. Allah yolunda xalqı və vətəni üçün hər cür fədakarlığa qatlanar, yeri gəlsə canını belə əsirgəməz. Görəcəyi hər işin əvvəlini axırını düşünmədən tələsik yerinə yetirməz. İbadətlərində tələsər onları qüsursuz yerinə yetirər. Xeyirli əməllərdə geri qalmayıb həmişə irəli yürüyər. Dünyanın harasında olursa olsun müsəlmanların dərdini öz dərdi bilər. Onların yaxşılığı üçün çalışar. Xəstələri ziyarət edər, ehtiyaclarını qarşılamağa çalışar, cənazələrdə iştirak edər. Özündən böyük olanlara əsasən də qocalara hörmət göstərər, kiçiklərdən mərhəmətini əsirgəməz. Ümumiyyətlə hər canlıya qarşı şəfqətli olar. Möminləri qardaş bilər, başqalarının həyat və haqlarını özününkü kimi möhtərəm bilər. Kimsə ilə yersiz zarafat etməz, həddindən artıq, yersiz rəsmiyyətə də yol verməz, səmimi olar, üç gündən çox küsülü qalmaz. Sevdiyini Allah üçün yəni bir qarşılıq gözləmədən sevər; sevmədiyini də yenə Allah üçün sevməz. İşlərində qətiyyətsiz, qərarsız və vəhmli (çəkingən və qorxaq) olmaz. Bir işin nəticəsi üçün bütün səbəbləri yerinə yetirdikdən sonra Allaha təvəkkül edər. Allah və Peyğəmbər sevgisini hər şeydən üstün tutar. Allah sevgisi və Allah qorxusu onun bütün aləmini içinə alar. Bütün hallarda şübhəli şeylərdən uzaq durar. Bir müsəlman üçün ən böyük qayə həqiqi bir iman əhli olmağa çalışmaq, imanın təlim və təlqin etdiyi fəzilətləri yaşamaq və yaşatmaq və bu yolla bütün insanlığa nümunə olmaqdır.