ƏL-QAHİR - ƏL-QAHHAR(1) – «O, hər şeyə Qahhar olan tək bir Tanrıdır». (ər-Rəd 16). «O, öz qulları üzərində Qahir olandır». (əl-Ənam 18). «…Hər şeyə Qadir və Qahhar olan bir Allah?». (Yusuf 39). Halimi –rahmətullahi aleyhi – deyir ki: «Qahir –qullarının işlərini dilədiyi şəkildə düzüb-qoşan, idarə edən, onların üzərində hakimi mütləq olandır. Qahhar –isə heç bir şəkildə məğlub edilməyən və üstün gəlinməyəndir». Xattabi –rahmətullahi aleyhi – deyir ki: «Qahir – canlılar arasında həddini aşanları əzab ilə digər bütün məxluqatı isə ölümlə yox edəndir». Mülkün, güc və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey məğlub və acizdir. Bütün hər şeyin ziddi, ortağı vardır. Yalnız Onun ziddi və ortağı yoxdur. Allah göy və yer əhlini özünə boyun əydirmişdir. Göy əhlini özünə xidmət etməklə, yer əhlini də Ona ibadət və itaət etməklə boyun əydirmişdir. Zalım və zorbaların belini qıran, üsyankar və həddi aşanların boyunlarını bükən, dünyadakı əməllərinə qovuşmağlarına mane olan Allahdır. Uşaq sahibi olmaq istədiyi halda olmayan, qocalmaq istəmədiyi halda qocalan, güclü və üstün olmaq istədiyi halda zillətdən qurtarmayan, zəngin olmaq istədiyi halda miskinləşən kimsələrin istəklərini Allahın diləməsi ilə həyata keçməmək-dədir. Onların iradəsi heç bir zaman Allahın iradəsinin önünə keçməz və onu aşmaz. Allahın istək və iradəsi daima onların istəklərinin üstündədir. Bütün varlılıqlar Allahın diləməsi və hökmü altındadırlar. Onun izzəti altında əzilməyən, sonsuz gücünə boyun əyməyən heç bir şey yoxdur. Varlılıqların dilək və istəkləri Onun diləməsi altındadır. «Allah istəmədikcə siz istəyə bilməzsiniz». (İnsan 30).
ƏL-QALİB – «Allah öz işində (əmrində) Qalib olandır (istədiyini edəndir)». (Yusif 21). Qalib – Allahın feli sifətlərindəndir. Allahın qalib gəlməsi dilədiyi kimsəyə qadir olması, gücü çatması və onu dilədiyi şəkildə yaxalaması deməkdir. Heç şübhə yox ki, Allahı məğlub etmək istəyən kəsinliklə yeniləcəkdir. Hər müsəlman Allahın mütləq qalib olduğunu bilməli və hər işində yalnız Ona arxalanmalıdır. Səmimiyyətlə Qalib olana arxayın olan kimsəyə qarşı bütün yer üzündəkilər belə əleyhinə olsalar sonunda o, qalib gələcəkdir. «And olsun ki, Mən və Peyğəmbəri qalib gələcəyik…». (əl-Mucadələ 21). Allahdan üz çevirərək başqalarına arxayın olanlar mütləq məğlub olacaqlar. «Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!». (ən-Nisa 76). Allahın Qalib ismini Qahir və Qahhar ismi ilə birlikdə zikr etdik. Çünki məna axımından bir-birinə yaxındırlar.
(1)Şeyx Useymin bu İsimləri «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir.