"Salihə qadınlar qəlbən itaət edərlər” (Nisa 34). Tüklərimizi ürpətən bir əmrdir "həyat yoldaşına itaət”... Bu əmrə rast gəldiyimiz vaxt biz qadınlar bəzən narahat oluruq.
Peyğəmbərimiz (s.a.v.) də bir çox hədisi-şəriflərində qadının ərinə itaətinin nə qədər əhəmiyyətli olduğunu bildirmişdir. ”Qadın 5 vaxt namazını qılar, orucunu tutar, özünü naməhrəmlərdən qoruyar və ərinə itaət edərsə Cənnətə girər” buyurur. İtaətlə bağlı bu ayət və hədislərdən qadınlar nəinki qaçmaq istəyir, hətta bu ayəti dəstəkləyən bəzi hədisləri inkar etmə dərəcəsinə gəlib çıxırlar. Misal kimi ”bir insanın başqa insana səcdə etməsini əmr etməli olsaydım qadının ərinə səcdə etməsini əmr edərdim” (Tirmizi; Rada 10, Əbu Davud; Nikah 40, İbn Mace 4) hədisni göstərmək olar. Hədisdə keçən səcdə kəliməsini təbii ki, Allaha səcdə etmək mənasında yox, ailədə xoşbəxtliyin təmin edilməsi üçün qadının ərinə ehtiram göstərməsi mənasında anlamaq lazımdır. İtaət bəzi qadınların nəfsinə ağır gəldiyi üçün "biz ərlərimizə itaət edəcəyik, onlar da bizi ayaqaltı kimi əzəcəklər?” düşüncəsindədirlər. Allaha qarşı necə də pis bir zənndir... Rəbbimiz qadının əzilməsini heç istəyərmi? Yaradanımız qadının ərinə itətini əmr edibsə, demək ki, bunun bir çox hikmətləri vardır. Qadına itaət əmr edilibsə, kişiyə də bundan arxayınlamaq haqqı verilməmişdir. Qarşılıqlı haqlar mövcuddur. Bəqərə surəsi 228-ci ayətdə: "Kişilərin qadınlar üzərində bəlli (məşru olan) haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. Yalnız kişilərin haqqı (ailə baçısı və vəzifələri baxımından) bir dərəcə çoxdur. Allah mütləq qalibdir, hökm və hikmət sahibidir”. Qadına itaət onu əzmək üçün deyil, onu qorumaq üçün əmr edilmişdir. Qadın özündən qüvvətli yaradılmış kişinin qarşısında yalnız onunla yumuşaq davranmaqla özünü qoruya bilər. İtaəti necə anlamalıyıq? Qadın istədiyini şirin dillə də öz ərinə etdirə bilər. Bu şəkildə qadın yenə də itaət etmiş olar. Qadının sözləri əhəmiyətsiz sayılacaq, qadının istədikləri edilməyəcəkdir deyə bir şey yoxdur. Qadının ərinin üstünə səsini qaldırması, onunla inadlaşması, ona hökmünü keçirmək istəməsi, mübahisə etməsi qadağan olunmuşdur. Bu cür davranışlar onların tez yorulmasına və bezməsinə səbəb olur. Çünki qadın fitrətən çox zəif yaradılmışdır. Lakin təəssüflər olsun ki, günümüzün qadınlarının çoxu ərləriylə inadlaşmağı özlərinə məharət hesab edirlər. Ərə itaəti geridəqalmışlıq kimi qəbul edirlər. Bu da ailə təməlinin sağlamlığına ciddi mənfi təsirlər göstərir ki, sonda üzülən qadın olur, soyuyan da ər... Kişilər kobud deyil, sərt təbiətli yaradılmşdırlar. Lakin bu sərtliyi qadınlar özlərinə kobudluq kim qəbul edirlər. Bəzi qadınlar isə "itaət etmirəmsə deməli səbəbləri vardır: ərim mənə keçmişdə filan haqsızlıqları etmişdir. Elm əhli deyil, namazını güclə qılır. Peyğəmbər kimi bir kişi olsun itaət edim” düşüncəsindədirlər. Lakin Allahu Təala "yaxşı qadınlar yaxşı kişilərə itaət etsin” buyurmur. Eləcə də itaət ediləcək olan kişinin vəsfləri də sayılmır. Bir qadın ya ərinə itaət etməli ya da onu özünə ər kimi vəsflərdə görmürsə boşanmalıdır. Bəzi qadınlar da ərlərinin dini vəziyyətlərini bəyənmirlər. Kimisi ərinin nafilə oruc tutmamasından, kimisi televizora çox baxmasından, kimisi musiqi dinləməsindən, kimisi də çox kitab oxumamasından şikayətlənirlər. Bu qadınlar ərlərindən daha çox ibadət etdikləri üçün özlərini çox təqvalı və salihə xanım zənn edərlər. Halbuki Allah (c.c.) "salihə xanımlar ərlərinə qəlbən itaət edərlər” buyurur, "ərlərini özlərindən aşağı görərlər” demir. Elm öyrənmək, məlumatlı olmaq gözəl bir şeydir. Lakin hər gözəl şeyin düşməni vardır. Elmin düşməni də kibirdir. Kibir insanları Allahın rəhmətindən, insanların qəlbindən uzaqlaşdıran, gözdən salan ən təhlükəli xüsusiyyətdir. Kişilərin səhər-axşam işlə məşğul olduqlarını nəzərə almaq lazımdır. Bizim isə evdə oturub elmlə məşğul olmağa daha çox vaxtımız vardır. İşləyən bir qadın iş yerində maaşını ala bilmək üçün müdirinə daha nəzakətli və ehtiramala yanaşır. Lakin evinə gələrkən ərinə itaəti özünə ağır görür. Təəssüflər olsun ki, müdirin maaşı Allahın əmrindən irəli keçir. Halbuki həyat yoldaşı da ailənin maddi-mənəvi məsuliyyətlərini daşıyır. İtaət istənməyərəkdən, könülsüz şəkildə, sadəcə Allahın əmri yerinə gətirilsin deyə edilməməlidir. Ərlərinə belə itaət edən qadınlar ərlərinin yanında bir söz deyə bilməyib, ya mətbəxə keçib deyinər, ya qonşuya, ya da uşaqlarının yanında atalarını onlara düşmən edərlər. Allah bu ayətdə salihə qadınları "qanidat” olaraq vəsfləndirmişdir. ”Qunut” sevərək, istəyərək itaət üzərə olmaq deməkdir. Qadınlardan məcburi, könülsüz, sıxıntı çəkərək hərdənbir edilən itaət deyil, əksinə, qəlbdən itaət edilməsi istənilir. Bu da yalnız nəfsinə uymayan və Allahın rizasını qazanmaq istəyən möminə xanımlar üçün mümkündür. Çünki evin başçısını kişi olaraq Allahu Təala təyin etmişdir. Nəticədə ərə itaət Allaha itaət hesab olunur. Ayəti-kərimə itaət əmrindən sonra belə davam edir: "Həm də Alahın qorunmasını əmr etdiyi şeyləri gizlində də (ərlərinin olmadığı yerdə də iffətlərini və ərlərinin mallarını) qoruyanlardır”. Qadınlar namuslarını və ərlərinin mallarını qorumalı, ərlərinin sirlərini ifşa etməməli və ərləriylə aralarındakı gizli halları başqalarına danışmamalıdır. Allahdan qorxduqları üçün ərləri olmadığı vaxtlarda belə onların haqlarını qorumalıdırlar.