Piramida və şəbəkə marketinq sxemləri Sual: Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyətə "Biznes” və "Hibbət-əl-Cəzira”kimi piramida marketinq sistemini tətbiq edən şirkətlər barədə çoxsaylı suallar daxil olur. Onların iş prinsipini qısaca olaraq belə ifadə etmək olar: Malı alması üçün bir kəsi buna inandırmaq cəhdləri, belə ki, həmi...n şəxs isə digər birini buna inandırır və beləliklə şəbəkəyə qoşulan nəfərlər də öz növbəsində digərlərini inandırılar və beləcə silsilə şəklində davam edir. Şəbəkəyə qoşulan nəfərlərin sayı nə qədər çox olarsa, birinci şəxs bir o qədər çox mükafat çeki qazanır, bunların məbləği minlərlə riyala (və yaxud digər pul vahidinə, məs. dollar) çatır. Şəbəkəyə qoşulan hər iştirakçı, öz dəstəsinin siyahısına yeni üzvlər qoşmaqda müvəffəq olursa və iri məbləğdə mükafat çekləri qazanacağı qarşılığında, digər insanları bu məqsədlə bu şəbəkəyə qoşulmağa inandırmağa çalışır. Bu fəaliyyət növü "piramida marketinq”və yaxud "şəbəkə marketinq”adlanır. Cavab: Həmd Allaha məxsusdur. Daimi Heyət bu suala belə cavab verir: Bu cür sövdələşmə haramdır. Çünki bu sövdələşmədən məqsəd həqiqətdə malı almaq deyil, mükafat çeki (pul) qazanmaqdır. Bu mükafat çekinin məbləği on minlərə çata bilər, bununla yanaşı malın qiyməti isə bir neçə yüz pul vahidindən çox deyil. Bu ikisi (mal ilə pul) arasında seçim etməsi istənilən ağıllı kəs əlbəttə ki, mükafat çekinə üstünlük verər. Odur ki, bu şirkətlər öz məhsulunun marketinqinə və reklamına güvənirlər. Reklam və marketinqdə isə bu işə qoşulacaq şəxsin qazana biləcəyi mükafat çekinin nəhəng məbləğini vurğulayır, ön plana çıxarır və kiçik məbləğ qarşılığında, yəni malın qiymətini ödəməkə, böyük miqdarda gəlir əldə etməyə təşviq edir, maraq oyadırlar. Bu şirkətlərin bazarlıq etdiyi mal sadəcə bir "pərdədir” və yaxud bu mükafat çekləri və gəlirləri qazanmaq üçün bundan vasitə kimi istifadə edilir. Çünki burada elə əsas məsələ əslində "mükafat çeki” ətrafında dövr edir və bir neçə səbəbdən bu cür sövdə şəriətdə haramdır: 1. Bu cür sövdələşmə növündə ribanın iki növü var: riba əl-fadl (eyni cins, növdən, lakin müxtəlif miqdarda olan malların dəyişdirilməsi) və riba ən-nasiəh (dərhal ödənilən məbləğdən fərqli olaraq, böyük miqdarda məbləğin möhlətlə ödənişi). Şəbəkəyə qoşulan kəs çoxlu pul qazanmaq üçün cüzi miqdarda pul ödəyir, digər sözlə müxtəlif məbləğ və möhlətli ödəniş ilə pul alış-verişi edir. Bu ribanın bir növüdür, şəriət mətnləri və elm əhlinin yekdil rəyinə görə haramdır. Şirkətin vasitəçiyə (komissionerə) satdığı mal bu sövdələşmə üçün sadəcə bir pərdə rolunu oynayır: şəbəkəyə qoşulanın istədiyi, tələb etdiyi bu deyil və hökmdə heç bir dəyişiklik etmir. 2. Bu cür sövdələşmə bir növ ğarardır (qeyri-məlum, aydın olmayan bir sövdələşmə). Bu da şəriətdə qadağandır. Çünki qoşulan nəfər hələ tələb olunan sayda alıcılar tapmağa müvəffəq olub-olmayacağını da bilmir. Piramida və yaxud şəbəkə marketinqinin nə qədər davam etməsindən asılı olmayaraq, əlbəttə ki, bunun bir sonu var və kimsə piramida şəbəkəsinə qoşulduqda hələ o bilmir ki, rəhbər səviyyəyə yüksəlməyə nail olub beləcə gəlir qazanacaq, yoxsa aşağı səviyyədə qalıb zərər edəcəkdir. Məsələnin həqiqəti budur ki, piramida şəbəkəsinin üzvlərinin əksəriyyəti ziyana uğrayırlar, yalnız (maliyyə piramidasının ən üstündə duran insanlar) rəhbər işçilərin bir neçəsi bundan qazanc əldə edir. Deməli əsas etibarilə ziyan olur ki, bu da bütün qeyri-məlum sövdələr üçün səciyyəvi xarakter daşıyır. İki şeydən biri baş verə bilər və adətən ən çox qorxulan da bunlardan biridir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qeyri-məlum sövdələri qadağan etmişdir. Bu barədə Müslimin "Səhih”ində rəvayət olunur. 3. Bu cür sövdələrdə insanların malları haram, fırıldaq yolla yeyilir. Çünki bu cür müqavilələr yalnız şirkətlərə və digər insanları şəbəkəyə qoşulmaqda aldatmaq üçün bu məqsədlə cəlb olunan şirkətin təşviq etdiyi bəzi iştirakçılarına fayda verir. Məhz Quranda qadağan olunan da budur. Allah təala buyurur: "…bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin”[4:29] 4. Bu cür sövdədə yalan, aldatma və insanlara kələk gəlmək, sövdədən məqsədin sanki məhsul olduğu kimi təsəvvür yaratmaq üçün məhsulu göstərməklə (gözdən pərdə salmaq) var, halbuki əslində bu sövdədən məqsəd məhsulun satışı deyil, qazanc əldə etməkdir və insanların adi halda qazana bilmədikləri nəhəng məbləğdə mükafat çeki əldə edəcəkləri ideyasını qəbul etməyə onları tamahlandırmaq, bu cür etməklə onları buna cəlb etmək məsələsi var. Bu şəriətdə qadağan olunan aldatmanın bir növüdür. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Bizi aldadan bizdən deyil.” Müslim bu hədisi özünün "Səhih” əsərində rəvayət edir. Həmçinin Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Alış-veriş edən iki tərəf bir-birindən ayrılmadıqca ixtiyar sahibidirlər. Əgər onlar alış-verişlərində səmimi və açıq olsalar, onların alış verişi bərəkətli olar, lakin yalan danışıb hər hansı bir şeyi gizli saxlasalar, onların alış-verişinin bərəkəti gedər”. Hədis barədə ittifaq edilib. Bu növ sövdənin brokerlik (dəllallıq, vasitəçilik) olduğu rəyinə gəldikdə, bu doğru deyil. Brokerlik elə bir sövdə növüdür ki, burada broker satdığı malın əvəzində ödəniş alır, halbuki şəbəkə marketinqində iştirakçı malın bazarılığını (marketinqini) etmək, satmaq üçün pul ödəyir. Brokerlik malın həqiqi mənada marketinqi deməkdir, şəbəkə marketinqi isə bundan fərqlidir, burada əsas məqsəd sövdənin, əqdin marketinqidir, malın marketinqi deyil. Odur ki, iştirakçılar digərlərinə malı təklif edir (satır), onlar da öz növbəsində digərlərinə təklif edir və bu minvalla zəncirvari davam edir. Brokerlik bundan fərqlidir, burada broker malı həqiqətən də bu malı istəyən kəslərə satır. Bu ikisi arasında fərq olduqca aydındır. Bu cür sövdənin bir növ hədiyyə olması yanaşmasına gəldikdə, bu da yanlışdır. Hətta biz bunun doğru olduğunu qəbul etsək belə, şəriətə görə heç də hər bir hədiyyə halal sayılmır. Borc qarşılığında verilən hədiyyə ribadır. Elə buna görədir ki, Abdullah ibn Salam, Əbu Burdaya (Allah ondan razı olsun) demişdir: "Sən elə bir diyarda yaşayırsan ki, onların (camaatı) arasında riba geniş yayılmışdır. Əgər sənin kiminsə üzərində bir haqqın varsa və o sənə bir yük ot və yaxud bir yük arpa və ya yem verirsə bu ribadır. Buxari bu hədisi özünün "Səhih” əsərində rəvayət edir. Hədiyyələr verildiyi səbəblərə görə hökmə tabe tutulur. Ona görə də, Peyğəmbərin yanına gəlib (Ona Allahın salavatı və salamı olsun) "Bu sənin payın, bu da mənə verilən hədiyyə” söyləyən zəkat toplayan barədə demişdir: "Yaxşı, əgər sən ata və ananın evində otursaydın, görək sənə hədyyə verəcəkdilərmi? Hədis barədə ittifaq edilib. Bu mükafat çekləri yalnız ona görə ödənilir ki, şəbəkə marketinq sxeminə qoşulsunlar. Fərqi yoxdur onlar bunu necə adlandırır. İstər hədiyyə adlandırsınlar, istəsə də digər bir ad versinlər. Bu adlar onun xarakterini, mahiyyətini və yaxud onlar barədə hökmü azca da olsa dəyişmir. Qeyd etmək yerinə düşər ki, bazarda ortaya çıxan bəzi şirkətlər var ki, onlar şəbəkə marketinqi və yaxud piramida marketinqinin iş prinsipləri əsasında fəaliyyət göstərirlər. Bu şirkətlərə misal olaraq: "Smartest Way”, "Gold Quest”və "Seven Diamonds” qeyd etmək olar. Bu şirkətlər barədə hökm yuxarıda adı çəkilən şirkətlər barədəki hökmdən, onların təklilf etdikləri mallar müxtəlif olsa belə, fərqli deyil. Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun. Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyət, Fətva N22935, 14/03/1425 Hicri Təqvimi. Qeyd: Riba al-nasiah-kəliməsinin mənası təxirə salmaq, gecikdirmək və yaxud gözləmk deməkdir. Bu zaman borc götürənə vaxt verilir ki, borcunu təkrar ödəsin, lakin qarşılığında əlavə versin. Bu ribadır və haramdır.