Mədinə şəhərindəki Peyğəmbər məscidinin səkkiz sütununun yerləşdiyi ərazi "Rövzeyi-Tahirə” adlanır. Yerləri indiyədək dəyişdirilmədən saxlanılan sütunlarının hər birinin öz hikməti var Gəlin, tarixin səhifələrini vərəqləyək, Peyğəmbər məscidini ziyarət edək.
Peyğəmbər məscidində Allahın rəsulunun (Ona Allahın salamı və xeyir-duası olsun) türbəsi ilə minbəri arasındakı ərazi "Rövzeyi-Tahirə” adlanır. Peyğəmbərimiz sözügedən ərazini şəxsən özü belə adlandırmış və buyurmuşdur: "Evimlə minbərimin arası cənnət bağçalarından biridir”.
"Rövzə” ərəb sözü olub "bağça”, "tahirə” sözü isə "tər-təmiz” mənasına gəlir. Peyğəmbər məscidinin hər tərəfi qırmızı xalçalarla döşəndiyi halda "Rövzeyi-Tahirə”yə yaşıl xalılar sərilib. Buradakı 12 sütun Osmanlı sultanı Sultan III Səlimin əmri ilə mərmərlə örtülmüş və hökmdarın öz qələmindən çıxmış Nəti-Şərif bu sütunlara süls xətti ilə nəqş olunmuşdur.
Bu on iki sütundan xüsusilə səkkizi olduqca dəyərlidir. Belə ki, sözügedən sütunların hər birində peyğəmbərimizin xatirələri gizlidir. Peyğəmbərin dövründə məscidin sütunları xurma ağacından düzəldilmişdi. Sonrakı dövrlərdə ağaclar möhkəm dirəklərlə əvəz edilsə də onların yeri indiyədək dəyişdirilmədən saxlanılıb. Hazırda Peyğəmbər məscidində ümumilikdə 327 sütun vardır ki, bunlardan da iyirmi ikisi "Məqsurə”nin[1] içərisindədir.
Hazırda məsciddə iki növ sütun mövcuddur. Bunlar alt hissəsi düyü ilə örtülmüş Osmanlı dövrü mədəniyyətini əks etdirən qırmızı dirəklər (bu dirəklər sonradan Səud ailəsi dövründə ağ rəngə boyandığı üçün açıq çəhrayı rəngə çalır) və Səud dövrünə aid ağ dirəklərdir.
Səkkiz sütun
1. Yanında Peyğəmbərin daima namaz qıldığı sütun
"Rayihəli sütun” və ya "Müshəf sütunu” da adlandırılan bu dirəyin yanında Peyğəmbər həmişə namaz qılardı. Allahın rəsulunun xütbə verərkən söykəndiyi xurma kötüyü (Xananə əl-Ciz ("ağlayan xurma kötüyü kimi də məşhurdur) bu dirəyə bitişik idi. Səhabələrdən Übeyy ibn Kə`b Peyğəmbər məscidinin genişləndirilməsi əsnasında kötüyü evinə aparmış, bir müddət sonra isə ağac qurdları kötüyü "yemişdi”.
Səhabələr Peyğəmbərin bu sütunun yanında namaz qıldırdığına görə mütəmadi şəkildə ona gözəl qoxuması üçün ətir sürtərdilər. Buna görə də bu sütun "rayihəli sütun” adlandırılmışdır. Peyğəmbərin səhabələri bu sütunun yanında namaz qılmaq üçün bir-biriləri ilə yarışardılar. Təsadüfi deyildir ki, Maliki məzhəbinin qurucusu Malik ibn Ənəs: "Təkbaşına qılınan namazların ən fəzilətlisi "Rayihəli sütun”un yanında qılınan namazdır”, - buyurmuşdur.
2. "Mühacirlər” sütunu
Bu sütun minbər, qiblə və "Məqsurə” tərəfdən üçüncü sütundur. Hz. Aişə məhz bu sütunun yanında təhəccüd namazı qılar, Peyğəmbərin hədislərini insanlara çatdırardı. Allahın rəsulu qiblənin Qüdsdən Kəbəyə doğru dəyişdirilməsindən sonra iki və ya üç həftə bu sütunun yanında namaz qıldırmışdı. Hz. Əbu Bəkir və Hz. Ömər bu sütunun yanında namaz qılmağı vərdiş halına gətirmişdilər. Məkkədən Mədinəyə hicrət edən mühacirlər əsasən bu sütunun yanında toplaşıb söhbət etdiklərindən dolayı sütun Mühacirlər” sütunu adlandırılmışdır.
3. "Tövbə” sütunu
"Tövbə sütunu”nun digər adı "Əbu Lübabə” sütunu olub minbər tərəfdən dördüncü sütundur. Bu sütun Allahın rəsulunun qəbrinin baş hissəsində yerləşir. Səhabələrdən Əbu Lübabə ibn Əbdülmünzirin bu sütuna bağlı ikən tövbəsinin qəbul edilməsindən dolayı sütuna onun adı verilmişdir. "Tövbə” sütunu ilə bağlı hadisə aşağıdakı kimidir:
"Əbu Lübabə Peyğəmbərin elçisi kimi Bəni Qüreyzə yəhudilərinin yanına gedərək, onlardan təslim olmalarını tələb edir. Yəhudilər: "Təslim olacağımız təqdirdə peyğəmbəriniz bizimlə necə davranacaq?” - deyə soruşdular. Əbu Lübabə isə onlara cavabında: "(Peyğəmbər) Hamınızı öldürəcək”, - dedi. Aldıqları cavabdan dolayı olduqca təşvişə düşən və qorxan yəhudilər razılığa gəlməkdən vaz keçdilər. Razılığa gəlinməsinə mane olduğuna görə peşman olan Əbu Lübabə: "Uca Allah məni əfv edib, tövbəmi qəbul edincəyədək burada qalacağam”, - deyərək, özünü sonradan öz adı verilən sütuna bağlayır.
"Ət-Tövbə” surəsinin 102-ci ayəsi nazil olub bu səhabənin tövbəsinin qəbul olunduğu bildirildiyi zaman bu sütun "Tövbə” sütunu adlandırılmışdır. Bu sütun möminlərin anası Ümmü Sələmənin qapısının qarşısında yerləşirdi. Hadisəni eşidən Allahın rəsulu: "O mənim yanıma gəlsəydi, onun üçün Allaha dua edər, onu bağışlamasını diləyərdim. Madam Allaha sığınıb, onda qoy, bağışlanmasını Ondan gözləsin. Mən onun üçün heç bir şey edə bilmərəm”, - buyurmuşdu.
Əbu Lübabə altı gün sütuna bağlı vəziyyətdə qalmışdı. Namaz vaxtı və subaşı ehtiyacını aradan qaldırmaq üçün xanımı onun iplərini açar, sonra yenidən onu sütuna bağlayardı. Sütuna bağlandığı altıncı gün Allahın rəsulu Ümmü Sələmənin evində ikən Əbu Lübabənin tövbəsinin qəbul olunduğunu bildirən ayə (ət-Tövbə, 102) nazil oldu. Əbu Lübabəyə müjdəni möminlərin anası Ümmü Sələmə verdi, ipi Peyğəmbər özü açdı. Allahın rəsulu nafilə namazları bu sütunun yanında qılar, həmçinin, səhər namazını qıldıqdan sonra bu sütunun yanında oturaraq, səhabələrlə söhbət edər, nazil olan son ayələri oxuyar, yuxu görənlərin yuxularını yozardı.
4. "Etikaf – Yataq” sütunu
Bu sütun minbər tərəfindən beşinci sütundur. Etikaf sütunu Allahın rəsulunun qəbrinin qərb divarına bitişikdir. Allahın elçisi hər Ramazan ayında Qədir gecəsini ibadətlə keçirmək üçün məsciddə etikafa çəkilərdi. O, yatağını bu sütunun yanında döşədiyinə görə sütun "Yataq” və ya "Etikaf” sütunu kimi adlandırılmışdır. Peyğəmbərin yatağı içi xurma lifləri ilə doldurulmuş həsirdən ibarət idi. Hz. Ömər də məhz bu sütunun yanında etikafa çəkilərdi.
5. "Keşikçilər” və ya "Hz. Əli” sütunu
Bu sütun Hz. Peyğəmbərin məscidə girib-çıxdığı qapının sağ tərəfindəki sütundur.
Allahın rəsulunu mühafizə edən səhabələr Hz. Aişənin evinin qapısının qarşısındakı bu sütunun yanında daim keşik çəkərdilər. Buna görə də sözügedən sütun "Keşikçilər” sütunu adlandırılmışdır. "Allah səni insanlardan qoruyar” (əl-Maidə, 67) ayəsi nazil olduqdan sonra Peyğəmbər səhabələrin artıq onu mühafizə etməsinə ehtiyac olmadığını bildirmişdi. Ayə nazil olmazdan qabaq isə xüsusilə Hz. Əli bu sütunun yanında namaz qılar, Allahın rəsulunu qarşı törədilə biləcək sui-qəsddən dolayı daim bu sütunun yanında keşik çəkərdi. Məhz bu səbəbdən sözügedən sütun həm də "Hz. Əli” sütunu da adlandırılmışdır.
6. "Qəbul” sütunu
Peyğəmbərin digər şəhər və ölkələrdən gələn heyətləri qarşıladığı zaman yanında oturduğu sütundur. Bu sütun Allahın rəsulunun məscidə girib-çıxdığı qapının sol tərəfində yerləşir. Peyğəmbər vəfat etdikdən sonra islam dövlətini idarə edən səhabələr də bu sütunun ətrafında toplaşmağı adət halına gətirmişdilər.
7. "Cəbrayıl” sütunu və ya "Mərbəə əl-Qəbr”
Bu sütun Peyğəmbərin qəbrini əhatə edən divarın iç tərəfində qaldığına görə, bu gün onu görmək qeyri-mümkündür. "Məqamı-Cəbrayıl” da adlandırılan bu sütun Hz. Fatimənin otağının yanında yerləşirdi. Allahın elçisi hər səhər bu sütuna yaxınlaşar, ayələri ucadan oxuyaraq, qızına və nəvələri Həsən və Hüseynə namaz vaxtının yetişdiyini bildirərdi.
8. Hz. Fatimənin evinin arxa hissəsində yerləşən bu sütunun yanında Allahın rəsulu həmişə təhəccüd namazlarını qılardı.
Tərcümə etdi: Anar Rüstəmov
[1] Məqsurə: Allahın rəsulunun, Hz. Əbubəkrin və Hz. Ömərin qəbirlərinin yerləşdiyi otağa verilən addır – tərcüməçinin qeydi.