“Həzrət Sultan”nın açılış mərasiminə prezident Nursultan Nazarbayev də qatılıb
Astananın qurulmasının 14-cü ildönümü və prezidentin də 72-ci ad gününə təsadüf edən mərasimdə bildirilib ki, bu məsciddə eyni vaxtda 5 min nəfər namaz qıla biləcək. Həzrət Sultan məscidinin tikintisi 2 il sürüb. Ölkənin ən iri məscidi olan “Həzrət Sultan”ın açılış mərasimində çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu hadisəni bayram adlandırıb.
“Həzrət Sultan” Yesil (İşim) çayının sağ sahilində ucaldılıb. Məscid 11 hektar sahəni əhatə edir, o, sülh və əmin-amanlıq, eləcə də “Qazax Yeli” (Qazaxıstan xalqı) abidəsi olacaq. Allah Evinin adı özündə sufi şeyxi Xoca Əhməd Yassauinin ləqəblərindən birini təcəssüm etdirir. Məscid klassik üslubda və ənənəvi qazax ornamentləri ilə bəzədilib. Binanın tikintisi 2010-cu ildə başlamışdı.
Qeyd edək ki, Qazaxıstan əhalisinin 70 faizə yaxını müsəlmanlardır.