Siz bitib-tükənməyən arzu və istəklərinizin əsarəti altında ömrü qəflətdə keçirdiyiniz halda axirət xoşbəxtliyindən məhrum olmamaq üçün, xüsusilə də ölümlə bağlı nəyi tövsiyə edərdiniz?
Ölüm gələcəyin həyatın üzünə tutulan aynasıdır.
Hələ döyündüyü vaxt ölüm işığının düşmədiyi qəlb günəşdən məhrum olan xarabalığa bənzəyir. İslam peyğəmbərinin: "Zövqlərin belini qıran ölümü tez-tez xatırlayın!” - hədisi bizə ən çətin keçid olan qəbir aləmi və qiyamətin baş verəcəyi haqda düşünmək, hərəkət və davranışlarımıza fikir vermək xüsusunda çox ciddi xəbərdarlıqdır.
Kainatdakı hər bir canlının üzərində qiyamət əlamətinin möhürünü nümayiş etdirdiyi halda ən şərəfli varlıq olan insanın: "Eh, onsuz da hələ bir ömür yaşayacağam. Bu günü xoş keçirək…”, - "nəğmə”si ilə ölümü və axirəti uzaqda sayması nə böyük bir qəflətdir. Halbuki ölüm mələyi Əzrayıl insanı gözləmədiyi vaxtda ziyarət edir.
Səhabələrdən olan Bəra ibn Azib Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) ölən bir insanın qəbrinin yanında dayanaraq belə buyurduğunu rəvayət edib: "Qardaşlarım! (Hamımızın dadacağı) ölüm üçün yaxşı hazırlanın”.
Unutmamalıyıq ki, yaşımızdan asılı olmayaraq, qəbirdə ikən biliklərimiz heç bir fayda verməyəcək, mal-mülkün qiyməti sıfıra enəcək. Orada köməyimizə yalnız dünyada ikən etdiyimiz yaxşı əməllər çatacaq. Ötəri əməllər, çılğın arzu və istəklər, boş söhbətlər ölüm küləyinin qarşısında payızda tökülən quru yarpaqlar tək sovrulacaq.
İnsanın əlində olmayan həyat və ölüm qanunlarını dərk edərək, ona həyat verən və öldürən Uca Allaha itaət və ibadət etməmək çox böyük bir qəflət halıdır. Dünyada "müftə” yaşadıqlarını zənn edənlərin hesabını verə bilməyəcəkləri bir gələcəklə qarşılaşacaqları şübhəsizdir.
Bu fani həyatdan əbədi axirət yurduna istənilən kimi gedə bilmək üçün iman və əməl etmək gərəkdir. Axı axirətdə yolumuzu yalnız iman "xəritə”si işıqlandıracaq.
Görəsən, şüurunu qəbiristanlığın divarından o biri tərəfə "hoppandıra” bilməyən, nəticədə beşik və tabut arasındakı qısa ömür yolunun yolunu azmış yolçusu olan bir insandan daha bədbəxt kim ola bilər?!
Burada İmam Qəzalinin xəbərdarlığı necə də ibrətamizdir: "Oğlum! Fərz et ki, ölübsən. Həyatını qəflətdə keçirdiyin üçün nə qədər təəssüflənirsən. Kaş … deyirsən. Ancaq heyhat!”
Xoşbəxt bir ölüm iman və Quranın nuru ilə keçən həyatın mükafatıdır. Dünya həyatından əbədi aləmə keçid qapısı olan qəbir çöldən səssiz bir torpaq yığını kimi görünsə də daxili məhşəri andırır. Onun səadəti və ya fəlakəti isə dünya həyatında etdiyimiz əməl və niyyətlərimizdən asılıdır.
Bir dəfə Peyğəmbərin səhabələrindən olan Əbu Dərda bir qəbrin yanında dayanaraq: "Ey qəbir! Çölün nə qədər səssiz, için necə də dəhşətli qorxularla doludur!” - deyərək, hönkür-hönkür ağlamışdı.
Qəbiristanlıq həqiqi həyata köçən ana, ata, dost-tanış və qohum-əqrəbalarla doludur. Hər nəfs üçün zəruri olan qəbir səfərindən qaçmaq qeyri-mümkündür. Belə olan təqdirdə imtahandan keçə bilmək üçün yaradılan dünyanı rəzillik meydanına çevirmək necə də həzindir.
Bir dəfə ənsardan olan səhabələrdən biri Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yanına gələrək soruşdu: "Ey Allahın elçisi! Ən ağıllı mömin kimdir?” Peyğəmbər buyurdu: "Ölümü ən çox xatırlayan və ölümdən sonrası üçün ən yaxşı şəkildə hazırlaşan kəsdir”.
Ömür təqvimimizdən neçə yarpağın düşdüyü, neçəsinin də qaldığı məlum deyil. Uca Allah bu dünyadakı son nəfəsin necə verilməsi barədə belə buyurur:
"Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran, 102).
Bu barədə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) bir hədisində oxuyuruq: "Yaşadığınız kimi öldürüləcək, öldürüldüyünüz kimi dirildiləcəksiniz”.
Mömin olan kəs düşünməlidir ki, ibadət etdiyi, halal ruzi qazanmaq üçün işlədiyi, əməlisaleh insanların mühitində olduğu, bir insana yardım etdiyi vaxt da dünyadan köçə bilər, xoşagəlməz şəkildə, bir insana pislik edərkən, haqqı müdafiə etmək əvəzinə haqsıza tərəfdar çıxarkən, nəfsin istəklərinin arxasınca gedərkən, Allahın düşmənləri və ya fasiqlərlə oturub-durarkən də...
Xülasə, bir yaz yağışı kimi ötüb-keçən bu dünya həyatını axirət və ölüm qorxusu olmadan yaşamaq axmaqlıqdan savayı bir şey deyil! Yazını Həzrəti Əbubəkrin (Allah ondan razı olsun!) aşağıdakı duası ilə bitirmək istəyirəm:
"Ey Allahım! Ömrümün ən xeyirli dövrü sonu, əməllərimizin ən faydalı hissəsi nəticələri, ən xeyirli günüm isə Sənə qovuşduğum gün olsun”.