Müsəlman fərd boş vaxtını necə keçirməlidir? Edəcəyi zaman savab qazanacağı əməlləri bilmək bir müsəlmana vacibdir. Şeyx Yusif əl-Qərdavinin bununla bağlı verəcəyi tövsiyələr sizə də faydalı olacaq.
Edəcəklərimiz vaxtımızdan çoxdur. Ancaq problem ondadır ki, biz, ibadətin doğru mənasını başa düşməkdə çətinlik çəkirik. İbn Teymiyyədən (Allah ona rəhmət eləsin!) "Ey insanlar! Rəbbinizə ibadət edin” ayəsindəki "ibadət” kəliməsi və onun ehtiva etdiyi mənalar haqda soruşurlar. O, isə buna ətraflı və dolğun şəkildə belə cavab verir: " İbadət, Allahın sevib, bəyəndiyi bütün söz və əməlləri ehtiva edir. Oruc, namaz, həcc, doğru danışmaq, əmanətə xəyanət etməmək, ana-ataya yaxşılıq etmək, qohum-əqrəbanı ziyarət etmək, əhdə vəfalı olmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək, kafir və münafiqlərə qarşı cihad etmək, qonşuya yaxşılıq etmək, yetimin, kimsəsizin əlindən tutmaq, heyvanlara qarşı mərhəmətli olmaq, dua, zikr, qiraət və. s. bu kimi şeylər ibadət məfhumuna daxildir. Habelə, Allah və rəsulunu sevmək, Allahdan qorxmaq, ona sığınmaq, dinə Ona xatir sarılmaq və səmimi olmaq, hökümlərinə səbr göstərmək, nemətlərinə şükür etmək, qəza və qədərə riza göstərmək, Ona təvəkkül etmək, rəhmətinə ümüd etmək, əzabından qorxmaq da ibadətdir”. Şeyx İbn Teymiyyənin də izahında görürük ki, ibadət geniş və dərin mənalı kəlimədir. O, fərz ibadətləri içinə aldığı kimi, nafilə- zikir, tilavət, dua, günhların bağışlanmasını diləmək, təsbeh, həmd-qəbilindən olan əməlləri də ehtiva edir. İbn Teymiyyə öz risaləsində səbəblərə sarılmaq, Allahın qoyduğu qanunauyğunluqlara riayət etməyin belə ibadət olduğunu deyir. Şeyx deyir: "Allahın öz qullarına sarılmağı əmr etdiyi səbəblər belə ibadətdir”. Müsəlman fərd hər bir xeyir əməlini ibadət səviyyəsinə çatdıra bilər. Bununla o, Allah tərəfindən savaba və mükafata layiq görülə bilər. Müsəlmanın boş vaxtında nələr edəcəyi ilə bağlı bəzi tövsiyələr vermək istərdim. 1) Hər şeydən əvvəl mömin bir şəxs Allahın ona əmr etdiyi vacib əməlləri yerinə yetirməlidir. Bundan sonra sünnət və digər nafilə ibadətləri yerinə yetirmək daha faydalı ola bilər. 2) Boş vaxtında bacardığın qədər Qurandan surələr öyrənə, qısa müddət ərzində onu əzbərləməyə çalışa bilərsən. Bu işdə Quranı əzbər bilən, gözəl qiraəti olan təcrübəli insanların köməyindən istifadə edə bilərsən. 3) Daha sonra dərin bir dəniz olan peyğəmbərin sünnəsindən də faydalı və ibrətli hədislər oxuyub, öyrənə bilərsən. 4) əlindən gəldiyi qədər boş vaxtlarında yaxınlarına, dost-tanışlarına Allahın dini haqda söhbət aça, onları yaxşı əməllərə dəvət edə, pisliklərdən çəkindirə bilərsən. 5) Ehtiyacı olan qardaşının əlindən tutmaq, xəstələrə baş çəkmək, qohum-əqrəbbanı ziyarət etmək savab qazandıran əməllərdəndir. 6) Boş vaxtını faydalı keçirmək üçün həm dini, həm də elmi kitablar oxuya bilərsən. Bütün bu oxuduqların heç şübhəsiz səni Allaha yaxınlaşdırar. 7) İşin və ixtisasınla bağlı biliklərini artıra bilərsən. 8) İdmanla məşğul olub, sağlamlığının qayğısına qala bilərsən. Unutma ki, qüüvətli mömin, zəif mömindən daha xeyirlidir. Bütün bu sadalaqdıqlarımız xalis niyyətlə, Allah rızası üçün edilərsə, heç şübhəsiz insan üçün savab qaynağı ola bilər.