Nəfsimizi hesaba çəkməliyik görək, ötən ildə neçə sübh namazlarına yatıb qalmışıq və ya sübhü camaatla birgə qılmışıq, nə qədər nafilə oruclar tuta bilmişik, nə qədər gecə namazları qıla bilmişik və ya vitrin qəzası qılmaq nəsib olub, nə qədər xeyir işlərdə, sədəqə verməkdə, cənazə təqib etməkdə, xəstə ziyarət etməkdə yarışmışıq, nə qədər ixlaslı və ya riyakar olmuşuq, nə qədər günahlarımıza görə göz yaşı tökmüşük, nə qədər haramlardan Allah üçün üz çevirmişik və s. Əgər xeyir əməllərimiz pis əməllərimizi üstələyirsə, nə gözəl. Yox, əgər şər əməllərimiz xeyir əməllərimizi üstələyibsə demək ili xüsranla başa vurmuşuq. Allah qorusun. Allah bizləri bağışlasın. Bağışlayan və Rəhmli Allahdan bizlərin günahlarını bağışlamasını diləyirik. Çünki O bağışlamağı sevəndir. Çox təəssüflər olsun ki, bu günlərimizdə müsəlmanların çoxu Hicri təqvimində hansı ayın birinci və sonuncu olmasından xəbərsizdirlər. Halbuki onlardan Miladi təqvimindən soruşsan ki, məsələn, “yeddinci ay hansıdır?” hazırcavablıqları ilə seçilərək deyərlər ki, İyul ayıdır. Bundan əlavə Miladi təqvimindəki ayları da bül-bül kimi ötərək gözəl şəkildə ardıcıl sayarlar, lakin Hicri təqvimindəki aylara gəldikdə isə dilləri topuq vurar. Bu da müsəlman üçün ayıbdır. İndi isə fayda olsun deyə Hicri təqvimində olan ayları ardıcıl şəkildə veririk: 1) Muhərrəm; 2) Səfər; 3) Rabiul-Əvvəl; 4) Rabius-Səni; 5) Cumədəl-Əvvəl; 6) Cumədəs-Səni; 7) Rəcəb; 8 ) Şaban; 9) Ramazan; 10) Şəvval; 11) Zül-Qadə; 12) Zül-Hiccə. Hicri təqvimini birinci ayı olan Allahın müqəddəs ayı Məhərrəm xeyirli və bərəkətli bir aydır. Bu ay İslam təqviminin Hicri təqviminin birinci ayıdır və dörd müqəddəs aydan biridir. Allah Təalə belə buyurur: «Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.» (Tövbə, 36) Haram aylar: Muhərrəm, Rəcəb, Zül-Qadə və Zül-Hiccə aylarıdır. Rəvayət olunur ki, İbn Abbas buyurdu ki, ayədə keçən “Odur ki, bu aylarda özünüzə zülm etməyin” bütün aylara şamil edilmişdi, sonra isə dördü (Müqəddəs aylar) seçilərək müqəddəs qılındı, belə ki, bu aylarda edilən günah digər aylardan fərqli olaraq cəzası daha ağırdır, yaxşı əməlləin mükafatı da daha çoxdur. (Təfsir, İbn Kəsir) Yuxarıda keçən ayədən də bizə bəlli olur ki, Allah qatında il on iki aydan ibarətdir. Allah Təalə göyləri və yeri yaratdığı zaman bu ölçünü belə qoymuşdur. Əbu Bəkrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Zaman, Allah yerləri və göyü yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır. (Haram aylardan) üçü – zülqədə, zülhiccə və muhərrəm dalbadal gəlir. (Dördüncüsü isə) Mudər qəbiləsinin (digər on bir aydan üstün tutduğu) və cümadəl-Axir ilə Şaban (ayları) arasında keçən rəcəb ayıdır.” (əl-Buxari, 3197) Muhərrəm ayı müqəddəs olması ilə bərabər özündə bir neçə fəzilətləri də cəm etmişdir. Bu ayda ən əfzəl əməllərdən biri olan orucdur. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Ramazan ayından sonra ən əfzəl olan oruc Allahın ayı olan Məhərrəm ayında olan orucdur.” (Muslim, 1982) Hədisdə keçən “Allahın ayı” ifadəsi bu ayın müqəddəs olmasına dəlalət edir. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) sabit olmuşdur ki, Ramazan ayından başqa bütün ayı tam şəkildə oruc tutmayıb. Ehtimal olunur ki, bu hədis insanların bu ayda oruc tutmalarına həvəsləndirməyə dəlildir, lakin düzgün başa düşülməlidir ki, bütün ayı tutmaq qəsd edilmir. Muhərrəm ayında ən fəzilətli gün hesab olunan Aşura günü vardır ki, bu gün özündə xeyir-bərəkəti cəm etmişdir. Bu da Muharrəmin 10-cu günüdür. Rəvayət edilir ki, ibn Abbas (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu ki: “Bu nədir?” Onlar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam.” Sonra o, həmin günü oruc tutdu və əshabələrinə də oruc tutmağı əmr etdi. (əl-Buxari, 2004) Bu hədis Ramazan ayı vacib olmamışdan əvvəl baş vermişdir. Ramazan ayı vacib buyrulduqdan sonra Aşura günü oruc tutmaq vacib yox, müsəlmanların öz seçiminə buraxılmışdır. Aşağıda qeyd olunan hədis isə əlavə şərhə ehtiyac yaratmır. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: Ramazan orucu vacib buyurulmamışdan əvvəl (müsəlmanlar) Aşura günü oruc tuturdular. (Hər il) o gün Kəbənin üstünə (təzə) örtük çəkirdilər. Allah (müsəlmanlara) Ramazan orucunu vacib buyurduqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim Aşura günü oruc tutmaq istəyirsə, tutsun, tutmaq istəmirsə, tutmasın.” (əl-Buxari, 1592) Abu Nuh Ismayıl