MƏŞHUR UNİVERSİTETLƏRİN HİCAB QADAĞASINA MÜNASİBƏTİ
02:13
Kembric universitetinin təmsilçiləri: "Bizdə hicab qadağasının yaşanması qətiyyən mümkün deyil”
İngiltərənin tanınmış Kembric universitetinin professorları Azərbaycan Müəllimlər İnstitutunda hicab qadağası ilə bağlı eksklüziv şərh vermişlər. Ötən illərdə olduğu kimi, bu il də bəzi tədris müəssisələrində möminə tələbələrə qarşı diskriminasiya faktları qeydə alınıb. Onlardan biri də Azərbaycan Müəllimlər İnstitutudur. Belə ki, yeni tədris ili başlayandan bu ali məktəbdə hicablı xanım tələbələr dərslərə buraxılmayıblar. Əlavə edək ki, hicab problemi ilə bağlı ötən həftə Ombudsman Aparatı da araşdırmaya başlayıb və təhsil naziri Misir Mərdanova sorğu göndərib. Təhsil Nazirliyinin icra aparatının rəhbəri İlham Pirməmmədov isə hicablı xanımların müraciətindən sonra bu cür qadağaların qanunsuz olduğunu bəyan edib. Lakin Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı hüquqları pozmaqda davam edir. "Dəyərlər” olaraq dünya şöhrətli bəzi universitetlərdə hicabla bağlı vəziyyəti araşdırdıq. Kembric Universitetinin "Asiya və Orta Şərq” fakültəsinin professoru Çarls Milvel hicab qadağasını bizə şərh edərkən bildirmişdir ki, onun dərs dediyi məşhur universitetdə belə bir halın yaşanması mümkün deyil. Professor hicabın hər bir insanın şəxsi seçimi olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, çalışdığı Kembric Universitetində hicabla bağlı heç bir qadağa yoxdur və müsəlman tələbələr özlərini çox rahat hiss edirlər. Həmin universitetin Teoloji Araşdırmalar Mərkəzinin professoru Leyla Dəmiri isə nə öz universitetlərində, nə də başqa universitetlərdə belə bir halın yaşanmadığını yazıb. "Nə dünyanın iki universitetindən biri olan Kembricdə, nə də İngiltərənin digər universitetlərində hicab qadağası yoxdur. Burada xanımlar hicabla gəzməkdə sərbəstdirlər. Hicabı qadağan etmək yanlış bir siyasətdir”.
Massaçusets Texnoloji İnstitutunun rəsmisi: "Təhsil müəssisəsində hicabın qadağası çox pis haldır”
Dünyanın ən qabaqcıl təhsil ocaqlarından olan ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun rəsmisi Azərbaycan Müəllimlər İnstitutunda hicab qadağası ilə bağlı "deyerler.org”-a eksklüziv şərh vermişdir. Məlum olduğu kimi, dərs ilinin başlanmasından etibarən, Azərbaycan Müəllimlər İnstitutunun rektorunun göstərişinə əsasən, bu ali məktəbin hicablı xanımları institutun binasına buraxılmırlar. Deyerler.org olaraq, dünya səviyyəli təhsil ocaqlarında hicabla bağlı durumu araşdırmaq qərarına gəldik. Massaçusets universitetinin ictimaiyyətlə əlaqədar depertamentdən bizim sorğumuza cavab olaraq bildirildi ki, onların universitetində belə bir qadağanın olması mümkün deyil və ali məktəbin bütün binalarında hicablı tələbələr sərbəst hərəkət edirlər. İnstitunun mətbuat katibi qeyd edir ki, təhsil müəssisəsində hicabın qadağası çox pis haldır. Göründüyü kimi, məşhur dünya təhsil ocaqlarında hicab qadağası mövcud deyildir. Özü də bu ali məktəblərdən çıxan tələbələr gələcəyin ən qabaqcıl korporasiyaların rəhbərləri, ölkə prezidentləri, baş nazirləri, professorlar, müəllimlər olur.