"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm
qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm də kasıb
olanda qənaət etməyi, həm dosta, həm düşmənə qarşı ədalətli olmağı, həm
tənbəllik, həm də yaxşı əhval-ruhiyyən olduqda çalışmağı, həm çətin, həm
də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm.
Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heç bir
xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da hər bir
bəla heç kimidir.
Oğlum, bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında
eyib tutmaz. Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi
bir şeyə təəssüflənməz. Pis niyyətlə qılıncını qınından çıxaran elə
onunla da öldürülər. Qardaşına quyu qazan özü düşər. Özgəsinin hicabını
açan şəxsin ailə üzvlərinin örtüyü açılar. Öz səhvlərini unudan şəxs
başqalarının səhvlərini böyüdər. Hər işə dözən tələf olar. Dənizə
surətlə atılan batar, özünü bəyənən kəs yolunu azar, ağlını hamıdan
yüksək tutan alçalar, başqalarını səfeh sayan söyülər, pis yerlərə gedən
böhtanlara məruz qalar, alçaqlara qarışan rəzil olar, alimlərlə
oturub-duran isə ucalar, çox sevinən ələ salınar, ayrı olan salamat
qalar, şəhvətlərini tərk edən azad olar, həsədi tərk edəni insanlar
sevər.
Oğlum, möminin izzəti insanlardan heç bir şey istəməməyidir. Aza
qane olmaq tükənməz bir maldır. Ölümü tez-tez xatırlayan azacıq dünya
nemətlərinə razı olar. Əzabdan qorxub pis əməli tərk etməyənin və xeyir
istəməyib çalışmayanın halı necə də qəribədir.
Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir, cahillik
zəlalətdir, başqasından ibrət götürən xoşbəxtdir, ən xeyirli miras
ədəbdir, ən yaxşı dost gözəl əxlaqdır.
Oğlum, qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz.
Oğlum, salamatlıq on qisimdir: onun doqquzu, - zikr istisna
olmaqla, - susmaqdır. Biri isə səfeh insanların məclisindən uzaq
olmaqdır. Kim məclislərdə Allaha asilik nümayiş etdirsə rəzil olar. Elm
tələb edən isə bilikli olar.
Oğlum, elmin zirvəsi mülayim olmaqdır. Müsibətlərə səbir etmək
isə iman xəzinələrindəndir. İffətli olmaq kasıbın, şükür etmək isə
varlının zinətidir. Bir şeyi çox edən onunla tanınar. Çox danışanın
səhvi də çox olar. Xətası çox olanın isə həyası az olar. Həyası az
olanın təqvası da azalar. Təqvası azalanın isə qəlbi məhv olar. Qəlbi
məhv olan kəs isə Cəhənnəm oduna girər.
Oğlum, günahlarından dolayı ümidsizliyə düşmə, əməllərini
xeyirlə bitirən o qədər günahkar var ki. Həmçinin nə çox əməl edib sonda
Cəhənnəmə düşənlər var. Məqsədini axtaranın işləri yüngülləşər.
Oğlum, bil ki, çox ziyarət etmək adamı bezdirir. Təcrübə
toplamadan rahat olmaq səhv bir addımdır. İnsanın özünü bəyənməsi isə
onun ağıldan kəm olduğuna sübutdur.
Oğlum, islamdan daha şərəfli, təqvadan daha ülvi, tövbədən yaşxı şəfqət, iffətdən gözəl libas yoxdur.
Oğlum, elmini və əməlini, sevgisini və nifrətini,
alış-verişini, danışığını və sükutunu yalnız Allah üçün edən kimsəyə
Cənnət vacib olar." (Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 5/147-148;
əl-Bidayə vən-Nihayə, 7/328-329)
Əlixan Musayevin "İmam Hüseyn" kitabından.
|