Yeni ulduzların yaranmasında azalma müşahidə olunur.
Astronomlar kainatda ulduzların doğulma həddinin azaldığını müşahidə ediblər.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Hollandiya, Portuqaliya, İngiltərə, Yaponiya və İtaliyadan olan astronomlar apardıqları araşdırmalar nəticəsində kainatın daha az ulduz “doğma”sını müşahidə ediblər.
Alimlərin Hollandiyadakı Leyden universitetinin əməkdaşı David Sobralın rəhbərliyi altında apardıqları araşdırmada yaxın zaman kəsiklərində qalaktikaların “istehsal etdiyi” ulduz sayının ən çox ulduzun əmələ gəldiyi zaman kəsiyi ilə müqayisədə 30 dəfə azaldığı müəyyənləşdirilib.
Habelə araşdırmada sözügedən azalmanın mütəmadi olduğu da aşkar edilib. Qalaktikaların formalaşmasına dair indiyədək aparılan ən genişmiqyaslı tədqiqat hesab edilən budəfəki araşdırmada alimlər kainatda ən çox ulduz əmələ gəlməsinin böyük ehtimalla 11 milyard il əvvəl baş verdiyini öyrəniblər.
Elm dünyasında qəbul edilən kainatın təkamülü modelinə görə ulduzlar kainatın formalaşmasına səbəb olan böyük partlayışdan 300 milyon il sonra, yəni 13,4 milyard il əvvəl əmələ gəlməyə başlayıb.