Imam Buxari kimdir?
Onun adı Əbu Abdulla Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira
əl-Buxari əl-Cufidir. O, hicrətin 194-cü ilində Bəhratəng adlı Buxaraya yaxın
bir kənddə anadan olmuşdur. Hicrətin 256-cı ilində isə, elə orada da vəfat
etmişdir.
İmam Buxari İslamın hafizlərindən biridir. O, adı tanınmış alimlər
sırasında sadalanır. Buxari hələ kiçik yaşlarından elmə böyük maraq
göstərmişdir. Onun dərin zəkası var idi. O həddi-büluğa çatmadan öncə Quranı
əzbərləmişdir. Bundan sonra Buxaralı müəllimlərindən hədis öyrənməyə
başlamışdır. On altı yaşında İbni Mübarəkin kitablarını oxumuşdur. Hədis
toplamaq üçün bütün ölkələrdə, Xorasanda, İraqda, Hicazda, Şamda, Misirdə və
sairədə yaşayan hədis alimlərinin yanına getmişdir. Çoxsaylı alimlərdən dərs
almışdır. Insanlar onun yanına dünyanın bütün bölgələrindən axışıb gəlirdilər.
Imam Buxari ağlasığmaz elmə malik insan idi. Beləki o, öz "Səhih Cəmi” adlı
əsərini əzbərdən bildiyi altı yüz min hədisin içərisindən seçmişdir. Imam
Buxari bu əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan
sonra yazmışdır. O, bununla əsərin mötəbər mənbə olmasını qorumaq istəmişdir.
Kitabı yazmaqda məqsədi Peyğəmbərdən Ona Allahın salavatı və salamı olsun
rəvayət edilən zəif deyil, səhih, hamıya bəlli və isnadı tam olan hədisləri
toplamaq olmuşdur. O əsərini müəyyən bir sahəyə yox dinin hər bir mövzusuna
həsr etmişdir. Bununla yanaşı o, hədislərdən fiqhi məsələlərlə bağlı nəticələr
çıxartmış və eləcə də Peyğəmbərin Ona Allahın salavatı və salamı olsun həyatını
əks etdirən rəvayətləri toplamışdır. Onun hamı tərəfindən mötəbər sayılan bu
əsəri misilsiz bir inciyə çevrilmişdir.
Onun hədis nəql etdiyi şeyxi hafiz ləqəbli Məhəmməd ibn Bəşşər demişdir:
"Dünya hafizlər dörddür. Onlar Rey şəhərində yaşayan Əbu Zuratu, Neysəburlu
Muslim ibn Həccac, Səmərqəndli Abdulla ibn Abdurəhman əd-Darimi və Buxaralı
Məhəmməd ibn İsmayıl əl-Buxaridir.”
Başqa bir yerdə demişdir: "Buxarinin mislində olan kimsə biz tərəflərə ayaq
basmayıb.”
Imam Tirmizi demişdir: "Mən nə İraqda nə də Xorasanda qüsurlu rəvayətlərin
araşdırılmasında, tarixdə və isnadları tanımaqda Məhəmməd ibn İsmayıldan üstün
birini görmədim.”
Səhih Buxarinin yazılma səbəbi
Imam Buxari demişdir: "Biz İshaq ibn Rahaveyhin yanında idik. O dedi:
Peyğəmbərin Ona Allahın salavatı və salamı olsun səhih sünnəsinə dair müxtəsər
bir kitab toplasaydınız. Onun bu sözləri mənim qəlbimə yatdı. Daha sonra mən
"Cəmius-Səhih” əsərini toplamağa başladım.”
Kitabın adı onun bu məqsədini ifadə edir. İbn Salahın və Nəvəvinin
bildirdiyi kimi əsərin tam adı belədir: əl-Cəmiu əl-Musnədu əs-Sahihu
əl-Muxtəsəru min umuri rasulilləh sallallahu əleyhi və səlləm və sunənihi və
eyyəmihi.
O bu kitabı ilə insanlara hədislər oxumağa başladı. Kitabın səs-sorağı artıq
bütün dünyaya yayılmışdır. Hər yerdən onu dinləmək üçün insanlar axışırdı.
Hətta deyilənə görə gələnlərin sayı yüz min nəfəri keçmişdir. Daha sonra onun
nüsxələri yayılmağa başladı. O artıq əzbərlənir, üzərində araşdırmalar
aparılır, şərhlər yazılır və kiçik həcmlərə bölünürdü. Alimlər onun bu əsəri
ilə fəxr edirdilər.
Buxarinin "Səhih” əsərində fiqhi məsələlər
Imam Buxari öz Səhihində hədisdən fiqhi nəticələri çıxartmaq onun daşıdığı
faydaları bəyən etmək istəmişdir. O, hədisin faydalarını başlıq olaraq
yazmışdır. Buna görə də o bəzən hədisin mətnini qeyd edərək isnadı haqda
danışmır, hərdən də isnadın əvvəlində olan bir və ya daha çox rəvayətçini
xatırlatmırdı. Belə rəvayətçilər xüsusi qeydlərlə tanınırdı. Bəzi hallarda da
bir hədisi müxtəlif yerlərdə təkrar edirdi. Buna səbəb isə hədisin faydalarının
başlıqlara uyğun düzülməsi olmuşdur. Bununla yanaşı o, hədisi ya başqa isnadla
ya da digər bir mətnlə rəvayət edirdi. Imam Buxari hədis başlıqları altında
çoxsaylı elmi faydalar qeyd etmişdir. O, ayələrdən, hədislərdən, səhabə və
tabeinlərin fətvalarından ibarət bu başlıqlarla həmin bölümə aydınlıq
gətirmişdir. Onlar vasitəsi ilə çıxartdığı nəticələri sübuta yetirmişdir.
Alimlər Buxarinin fiqhi məsələləri başlıqlar adı altında müzakirə etdiyini
hamıya bəlli bir xəbər hesab etmişlər.
Buxarinin "Səhih” əsərində olan hədislərin sayı
Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə
nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Bu rəqəm,
Məhəmməd Fuad Əbdülbəqinin hesablamalarına əsasən göstərilmişdir. Hafiz ləqəbli
İbn Həcər isə hədislərin sayının (7397) yeddi min üç yüz doxsan yeddi olduğunu
söyləmişdir. Buxaridə (1341) min üç yüz qırx bir ədəd müəlləq hədis vardır.
Təkrarsız şəkildə isə təxminən dörd min hədis vardır.
Buxarinin "Səhih” əsərinə yazılmış şərhlər:
Allahın Kitabı istisna edilməklə alimlərin xüsusi diqqət yetirdiyi ona
bərabər ikinci bir kitab yoxdur. Alimlər və yazarlar ona müxtəlif şərhlər
yazmış, hökmlərini bəyan edəcək izahlar vermiş, rəvayətçiləri, müəlləq
hədisləri haqda danışmış, çətin başa düşülən və ya ziddiyyətli olan sözlərinə
aydınlıq gətirmiş və sairə elmi işlər görmüşlər. Əsərlə bağlı coxsaylı şərhlər
yazılmış və elmi tədqiqatlar aparılmışdır. Hətta bəziləri onların sayının yüz
otuzu keçdiyini demişlər. Şərhlərin ən məhşur sayılanı aşağıdakılardır:
1. "Fəthul bari şərh Səhih əl-Buxari”
Bu şərhi hafiz ləqəbli alim, şeyxülislam Əbul Fadl Əhməd ibn Əli ibn Həcər
əl-Əsqalani yazmışdır. O, hicrətin 852-ci ilində vəfat etmişdir. Onun şərhi Buxarinin
"Səhih” adlı hədis kitabına yazılmış ən böyük, hətta digər şərhlərin tacı olan
bir əsərdir. Dahi alim Şövkəni bu əsərin tayı bərabəri olmadığını aşağıdakı
sözləri ilə ifadə etmişdir: "Hicrətdən sonra fəth yoxdur.” (Yəni, Fəth
əsərindən sonra kiminsə Buxarinin Səhihinə şərh yazmasına ehtiyac yoxdur.)
İbn Həcər ömrünün iyirmi beş ilini bu şərhə həsr etmişdir. O bu işinə
817-ci ildə başlamış vəfatından on il öncə yəni, 842-ci ildə isə sona
çatdırmışdır. əsəri tamamlaması münasibəti ilə beş yüz dinar pul xərcləyərək
böyük ziyafət düzəltmişdir. Həmin ziyafətdə bir çox din xadimləri iştirak
etmişlər.
"Fəthul-bari” adlı şərh müsəlmanlar tərəfindən misli görünməmiş şöhrətlə
qarşılanmışdır. Hətta onun kitab şəklində üç yüz dinara satılması da
söylənilir. Əsərin səs-sorağı bütün dünyaya yayılmışdır. O, digər şərhlərlə
müqayisədə insanların daha çox üz tutduqları etibarlı mənbə olmuşdur. Günümüzdə
əsər on üç cilddə çap edilir. Onun "Hədyus-səri” adlı müqəddiməsi böyük cild
şəklində nəşr edilir.
Ibn Həcər sanki "Fəthul-bari” əsəri ilə Buxarinin "Səhih”ini
kamilləşdirmişdir. O, özündən əvvəl yaşamış əksər alimlərin Buxarinin "Səhih”
kitabı ilə əlaqəli sözlərini toplamışdır. Sonra özünün alimlik dərəcəsini
sübuta yetirəcək səviyyədə onların üzərində misli görünməmiş elmi tədqiqatlar
aparmışdır. O, zəmanəsinə qədər yaşamış alimlərin böyük əksəriyyətinin
kitablarını araşdırmışdır. Ibn Həcərin bu şərhini oxuyan insan elə güman edir
ki, sanki o, müstəqil şəkildə həmin kitabları oxyur, alimlərin sözləri ilə
tanış olur və sonra da onlardan hansının daha üstün nəzər nöqtəsi olduğunu
təyin edir. Əsərin xüsusiyyətlərindən biri də onun hədislə bağlı bütün mətnləri
və isnadları özündə ehtiva etməsi və bu yolla da irəli sürülən rəylərdən
hansının da düzgün olmasını qiymətləndirməyə imkan yaratmasıdır.
2. "Umdətul-qari fi şərhil-Buxari”
Böyük həcmli bu şərh, hicrətin 855-ci ilində vəfat etmiş dahi alim
Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfiyə məxsusdur. O, adlara aydınlıq
gətirmiş, sözlərin dilçilik, qrammatika, məna, izahına xüsusi yer vermişdir.
Hədislərdən sual cavab yolu ilə nəticələr çıxartmışdır.
3. "İrşədus-səri ilə şərh Səhih əl-Buxari”
Bu şərh, hicrətin 923-cü ilində vəfat etmiş Şihəbuddin Əhməd ibn Məhəmməd
əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şəfii tərəfindən yazılmışdır. Lakin
həqiqətdə o, İbn Həcərin və əl-Eyninin şərhlərinin müxtəsər formasıdır.
4. "əl-Kovkəb əd-dərari fi şərh Səhih əl-Buxari”
Bu şərhi, hicrətin 786-cı ilində vəfat etmiş Şəmsəddin Məhəmməd ibn Yusif
ibn Əli ibn Səid əl-Kərmani yazmışdır. Iki hafiz, İbn Həcər və əl-Eyni əksər
hallarda özündə coxsaylı faydalar daşıyan həmin əsərə üz tutmuşlar. Ibn Həcər
demişdir: "Bu şərh özündə xeyli faydalar daşıyır. Lakin bununla yanaşı orada
nəql edilən rəvayətlərdə çoxlu səhvlər buraxılmışdır. Buna səbəb isə nəqlin
mənbədən götürülməməsi olmuşdur.”
5. İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munir əl-İskəndərinin şərhi. Bu
böyük həcmli şərh təxminən iyirmi cilddən ibarətdir.
6. "Səhih Buxarinin şərhi”
Bu əsər, İbn Battal adı ilə tanınan Əbul Həsən Əli ibn Xələf ibn Əbdülməlik
əl- Qurtubi əl-Məliki tərəfindən yazılmışdır. O, hicrətin 449-cu ilində vəfat
etmişdir. Şərh əsasən Məliki məzhəbinin fiqhi müzakirələri üzrə tərtib
edilmişdir.
7. "ət-Tövşih şərh əl-Cəmius-Səhih”
Bu şərhi, hicrətin 911-ci ilində vəfat etmiş Cəlaləddin əs-Suyuti
yazmışdır. Onun adı çoxsaylı əsərlər yazan müəlliflər sırasında sadalanır.
Suyuti hədisin rəvayəti və araşdırılması istiqamətində bir neşə kitab
yazmışdır. O öz şərhində hədisin sözlərinə düzəlişlər vermiş, çətin başa
düşülən sözlərə aydınlıq gətirmiş, rəvayətlər arasındakı hər növ ziddiyyətləri
aradan qaldırmış, naməlum rəvayətçilərin kimliyini təyin etmiş və sairə digər
işlər görmüşdür. Suyutinin özü şərhi haqda aşağıdakı sözləri demişdir: "Şərhdə
heç nə nəzərdən qaçmayıb. Yalnız hədisdən çıxarılan nəticələrə yer
verilməmişdir.”
8. "ət-Təlvih fi şərh əl-Cəmius-Səhih”
Bu şərh, hicrətin 762-ci ilində vəfat etmiş hafiz ləqəbli Əlaəddin Mağlutay
ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfiyə məxsusdur.
Buxarinin "Səhih” əsərinə digər şərhlər də yazılmışdır. Onlardan bəziləri
məsələn, İbni Kəsirin, İbni Rəcəb əl-Hənəbəlinin, Nəvəvinin və başqalarının
şərhləri müəlliflər tərəfindən sona çatdırılmamışdır.
|