Bu gün saat 11 radələrində 1000 nəfərə yaxın mömin Təhsil Nazirliyinin qarşısına toplanaraq "Hicaba azadlıq" tələbi ilə etiraz aksiyası keçiriblər. "Yeni Müsavat"ın əməkdaşı Zülfiyyə Sakitqızının verdiyi xəbərə görə, dindarlar təhsil naziri Misir Mərdanovun bir gün öncə media mənsublarına orta məktəb şagirdlərinin dərslərdə hicabla oturmalarının yolverilməzliyi barədə səsləndirdiyi fikirlərə etirazlarını bildiriblər.
Ancaq hadisə yerinə cəlb edilmiş 200 polis etiraz aksiyasını yarımçıq dayandırıb. Bakı Şəhər Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyevin göstərişindən sonra polis qüvvələri möminlərə hücum edib, onları əzişdirməyə başlayıb.
Reportyorumuzun verdiyi xəbərə görə, xeyli mömin bədən xəsarəti alıb. Daha sonra polislər aksiyanı dağıdaraq, bir neçə nəfəri saxlayıblar. Habelə onlar dindarların maşınlarına dəyənək zərbələri endirib, dövlət nömrə nişanlarını açıblar.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin inzibati binası nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ünvanda yerləşir və belə bir yerdə hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir: "İctimai asayişin pozulmasına yönələn belə bir tədbirin keçirilməzi arzu olunmazdır. Bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Qanunsuz aksiyaya cəhdin qarşısı dərhal Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən alınıb. Polis əməkdaşlarının apardığı profilaktiki söhbətlərdən sonra aksiya iştirakçıları dağılıb”.
E. Zahidov, həmçinin bir qrup aksiya iştirakçısının polisə müqavimət göstərdiyini qeyd edib: "Onların bəziləri polisin qanuni tələblərinə məhəl qoymadan müqavimət göstəriblər. Həmin şəxslərdən on altı nəfər polis bölməsinə gətirilib. Onlardan beşi xəbərdarlıq edilərək sərbəst buraxılıb. On bir nəfərin barəsində isə toplanmış materiallar barələrində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib”.
musavat.com