Həzrəti Ömərin xilafətə rəhbərlik etdiyi vaxt istər müsəlman, istərsə də qeyri-müsəlman təbəəsi ilə ədalətli davranışı tarixin nümunəvi səhifələrindən biridir.
Burada onun şəxsiyyətinin böyüklüyündən, İslamın hökmlərini güzəştsiz tətbiqi prinsipindən və ömrünün sonunadək Allahın razılığını qazanmaq üçün etdiyi əməllərdən deyil, həzrəti Ömərin bir xəlifə kimi apardığı hərbi siyasət məsələsinə qısaca toxunmuşuq.
Həzrəti Ömər xilafətə rəhbərlik etməyə başladıqda dövlətin həm daxili, həm də xarici siyasətində Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun) və Həzrəti Əbubəkrin (Allah ondan razı qalsın) yolundan getmişdir. Xilafətin apardığı cihad hərəkatı da bu baxımdan istisna təşkil etməmişdir.
Məlum olduğu kimi, Peyğəmbər İslama dəvətin Məkkə dövründə müsəlmanları tövhid əqidəsinə çağırır, İran və Bizans imperiyalarının süqut edəcəyini, başqa sözlə, Allahın əmrinə qarşı çıxan bütün qüvvələrin darmadağın olacağını bildirirdi. Dəvətin Mədinə dövründə islam orduları bu iki güclü dövlətdən biri olan Bizansın sərhədlərinədək irəliləmiş, Təbuk səfəri ilə islam dövlətinin sərhədləri bugünkü İordaniya ərazisinə qədər genişləndirilmişdir.
Həzrəti Peyğəmbərin vəfatından sonra xəlifə Əbubəkrin dövründə islam ordusu Bizans torpaqlarının İraqın cənubunadək olan hissəsini tamamilə fəth edir. Həzrəti Əbubəkr vəfatı əsnasında Xalid ibn Vəlidin rəhbərliyindəki ordu "Fihl” və Suriya qalalarının mühasirəsini davam etdirir, insanları İslama çağırırdı.
Əbubəkirdən sonra islam dövlətinə xəlifə seçilən Həzrəti Ömər aşağıdakı qeyd edəcəyimiz səbəblərdən dolayı ordunun Baş komandanı olan Xalid ibn Vəlidin yerinə Əbu Übeydə ibn Cərrahı təyin edir və bu dəyişikliyi göndərdiyi məktubla Suriya yaxınlarındakı müsəlmanlara bildirir. II Raşidi xəlifə yeni Baş komandan Əbu Übeydəyə göndərdiyi qısa məktubunda onun ordunun əsgərləri necə davranmalı olduğunu yazırdı.
Həzrəti Ömər Xalid ibn Vəlidin dalbadal qazandığı qələbələrdən dolayı əsas vəzifəsi dövlətə xidmət etmək olan ordunun zəfərlərdən dolayı yarana biləcək "başgicəllənməsi” ilə siyasi iradəni ələ keçirməsini istəmirdi. Çünki belə olacağı təqdirdə İslamın əmr və hökmlərinin icrası üçün dövlətin ordunun əmrinə daxil olma ehtimalı yarana bilərdi ki, bu da xilafətin mövcudluğunu davam etdirməsinə böyük təhlükə yaradardı.
Həzrəti Ömər İslam hökmlərinə qeyd-şərtsiz əməl olunması üçün vacib olan dövlət nüfuzunun itirilərək, əvəzində ordunun, hətta dövlət başçısının diktatorluğunun bərqərar olmasının qəti əleyhinə idi. Xəlifənin Xalid ibn Vəlidi vəzifədən uzaqlaşdırması əsla şəxsi məsələdən yaxud ibn Vəlidin yol verdiyi hər hansı bir nöqsandan dolayı deyildi. Elə Xalid ibn Vəlid də ordunun komandanı vəzifəsindən uzaqlaşdırılmasının səbəbini öyrənmək üçün Mədinəyə gəldikdə Həzrəti Ömər: "Ey Xalid, sən mənim üçün çox dəyərlisən və səni çox sevirəm”, - dedikdən sonra bütün əyalət və şəhər rəhbərlərinə aşağıdakı bildirişi göndərmişdi:
"Xalid ibn Vəlid hər hansı bir səhvindən və ya kobud nöqsanından dolayı komandanlıqdan uzaqlaşdırılmayıb. O, insanların gözündə elə bir mərtəbəyə ucalmışdı ki, mən onların Allahı buraxıb Xalidə təvəkkül edəcəklərindən ehtiyatlandım. Bütün uğurların Allahın köməyi ilə gəldiyini dərk etmələri üçün isə belə bir qərar qəbul etdim”.
Xəlifənin bu qədər diqqətli və həssas olduğunu görən Xalid ibn Vəlid Mədinədə qala biləcəyinə rəğmən geri qayıdaraq, Əbu Übeydə ibn Cərrahın tabeçiliyində əsgər kimi döyüşlərdə iştirak etmişdir.
Həzrəti Ömər ordu komandanlarının vəzifədən uzaqlaşdırılmasında göstərdiyi həssaslığı onların təyinində də nümayiş etdirirdi. Belə ki, o, Xalid ibn Vəlidin yerinə təyin etdiyi yeni komandan Əbu Übeydə ibn Cərraha göndərdiyi məktubda aşağıdakıları qeyd edirdi:
"Mən sənə yalnız bizi zəlalətdən hidayətə qovuşduran, zülmətdən aydınlığa çıxaran Allahdan qorxmanı – təqvalı olmağı tövsiyə edirəm. Bundan başqa heç bir şeyin dəyər-qiyməti yoxdur. Səni Xalid ibn Vəlidin yerinə komandan təyin etdim. Vəzifəni layiqi ilə yerinə yetir! "Qənimət alacağam”, - düşüncəsi ilə müsəlmanları ölümə sürükləmə! Bir ərazini hərtərəfli öyrənmədən oraya əsla qoşun yeritmə! Əsgərləri mühafizə dəstələri olmadan irəliyə göndərmə! Müsəlmanları fəlakətə aparmamağın xüsusunda sənə xəbərdarlıq edirəm. Allah səni mənimlə, məni də səninlə imtahana çəkəcək. Gözünü və qəlbini dünyadan çevir, dünya malına aşina olma! Diqqətli ol ki, bu dünya səndən əvvəlkiləri olduğu kimi, səni də həlak etməsin”.
Həzrəti Ömərin adi vətəndaşa olduğu qədər komandan və əsgərlərinə qarşı belə diqqətli davranmasının yeganə səbəbi onların haqq və hüquqları xüsusunda Allaha verəcəyi hesabın çiyinlərinə ağır məsuliyyət yükləməsi idi. Belə ki, o öz hərəkət və davranışları, eləcə də qəbul etdiyi qərarlar xüsusunda səhvə yol verib-verməməsi barədə daim düşünərdi.
Dövrümüzdə sosioloqların, psixoloqların və filosofların insanlarda tətbiqinə çalışdığı, ancaq heç cürə nə özlərinin bacardığı, nə də cəmiyyətdə tətbiq edə bildikləri məlum özünütənqid anlayışı müsəlmanlar tərəfindən məhz bu şəkildə həyata keçirilmişdir. Axı bəşəriyyətin dəyəri Allaha və Onun qanunlarına tabe olmaqla ölçülür.
Həzrəti Ömər xüsusi çaparlar vasitəsilə ordunun vəziyyətini və problemlərini günbəgün izləyir, sanki onların yanında döyüşürmüş kimi müsəlman əsgərlərə komandanlıq edirdi. Raşidi xəlifə ordu başçılarına göndərdiyi əmr və göstərişlərdə tabeçiliklərində olan əsgərlərin vəziyyətini gündəlik olaraq bildirən məktublar göndərmələrini tələb edirdi.
Xülasə:
1. Həzrəti Ömərin dövləti idarə formasında göstərdiyi kimi, İslama görə əsas olan nə dövlət, nə ordu, nə də komandanlardır. Vacib olan olan İslam hökm və qanunlarının güzəştsiz və nöqsansız icrasıdır. Xəlifənin çox sevdiyi və ömrünü İslamın yayılmasına həsr etmiş Xalid ibn Vəlidi yuxarıda vəzifədən uzaqlaşdırması da yalnız bu dinin mənafeyi ilə izah olunmalıdır. Bir sözlə, Həzrəti Ömər insanların kimliyindən asılı olmayaraq, bütləşdirilməsinin əleyhinə çıxmışdır.
2. Həzrəti Ömər ordu başçılarına öz mənfəətləri üçün, şəxsi istəkləri ilə yox, İslamın əmrləri çərçivəsində hərəkət etmələri barədə xəbərdarlıq edirdi. İslama görə uyğun olan hökm icra olunmalı idi.
3. Raşidi xəlifə sıravi əsgərlərinin belə qayğısına qalır. Onlara ən kiçik haqsızlıq belə edilməsinə imkan vermirdi. İslama zidd hərəkətlərə yol verənlər isə hökmən müvafiq şəkildə cəzalandırılırdı.
4. Həzrəti Ömərə görə, cihad qənimət toplamaq üçün aparılmır. Cihad Allahın hökmünü insanlara çatdırmaq, dinini təbliğ etmək üçündür. İnsanı insana qul olmaqdan qurtarıb Allaha qul etmə mübarizəsidir cihad.
5. Qılınc çalınsa da dil Allahı davamlı zikr etməlidir. Müsəlmanlar ibadətlər arasında fərq qoymamalıdır. Namazı orucdan, cihadı həcdən, Allahın haqqını qulun haqqından fərqli hesab etmək qulluq anlayışına ziddir.
Suriyalı müsəlmanlar və xəlifə Ömər
Suriya ərazisində yaşayan müsəlmanlar sərt təbiətindən dolayı Həzrəti Ömərin xəlifə olmasını istəmirdilər. Hətta onlar bu böyük səhabəni vəzifədən uzaqlaşdırmaq barədə belə düşünürdülər. Bununla belə onlar vəziyyətlə yerində tanış olmaq üçün təyin etdikləri bir nümayəndəni paytaxt Mədinəyə göndərmək qərarına gəlirlər.
Həzrəti Ömər belə bir şəxsin Mədinəyə gələcəyi barədə məlumat almışdı. Ömər onunla görüşdükdə Suriyadakı müsəlmanların vəziyyətini soruşur. Suriyadan gələn nümayəndə cavabında: "Vəziyyətləri çox yaxşıdır. Ancaq sənin xilafətə başçılıq etməni istəmir, şərindən qorxurlar. Məni sənin yanına göndəriblər ki, kobud, sərt və ya yumşaq insan olduğunu öyrənim”, - deyir. Bu zaman Həzrəti Ömər əllərini qaldıraraq: "Ey Allahım! Məni insanlara, insanları da mənə sevdir”.