Ana Səhifə » 2012»Noyabr»5 » Həsən əl-Bəsrinin Ömər İbn Abdul-Əzizə (rahiməhumullah) MƏKTUBU
Həsən əl-Bəsrinin Ömər İbn Abdul-Əzizə (rahiməhumullah) MƏKTUBU
08:28
Həsən əl-Bəsrinin Ömər İbn Abdul-Əzizə (rahiməhumullah) MƏKTUBU
İbn Əbi Dünya qeyd edir ki, Həsən əl-Bəsri (rahiməhullah) Ömər ibn Abdul-Əzizə (rahiməhullah) belə bir məktub yazmışdır:
- Beləliklə, şübhəsiz ki, dünya qalmaq yeri deyil, köçmə diyarıdır. Adəm bura cəza üçün endirilmişdir.
Ey möminlərin əmiri! Ondan həzər et! Ondan azuqə almaq onu tərk etmək deməkdir. Dünyadakı zənginlik yoxsulluqdur. O hər bir halda öldürəndir. Dünya onu əzizləyəni zəlil edər, dünya malını yığanı isə yoxsul edər. Dünya bir zəhər kimidir. Onu tanımayan yeyər və nəticədə həlak olar. Sən dünyada yarasını müalicə etmək üçün ağrının uzun sürməsindən qorxaraq, dava-dərmanı az istifadə edən və bəlanın uzunmüddətli olmasından qorxaraq dava-dərmanın ağrısına dözən insan kimi ol! Yalançı, hiyləgər dünyadan özünü qoru! Bu elə bir dünyadır ki, öz hiylələri ilə bəzənmiş, yalanları ilə özünə cəlb etmişdir. Dünya boyalı, cilvəli bir gəlinə bənzər. Gözlər ona tamaşa edər, qəlblər ona valeh olar, insanlar onun aşiqi olar. O isə bütün aşiqlərinin qatilidir. Gələcək keçmişdən ibrət almaz, heç kəs heç kəsi danlamaz. Arif insana dünya barədə xəbər verildikdə Allahı zikr edər. Dünya aşiqləri öz istədiyində qalib gələr, aldanar, yolunu azar, qayıdış yerini unudar, başı o qədər dünya işlərinə qarışar ki, bir ayaqları sürüşdükdə, peşmançılığı artar, həsrəti böyüyər, ölüm sancıları və əzabı onun başının üstünü kəsər. Həsrət və hüzn içində dünyadan köçər. İstədiyini tapa bilməz. Canını yorğunluqdan qurtara bilməz, azuqəsiz halda çıxar və yorğan-döşəksiz gedər.
Ey möminlərin əmiri! Özünü dünyadan qoru! Neçə ki, dünyadasan, əsirsən, onun olmaqdan çəkin! Dünya sahibləri nə zaman sevinib arxayın olurlarsa, dünya onları yenidən kədərə qərq edir. Ondan bəhrələnən ziyan görür. Onun ağgününə bəla ilə çatmaq olar. Dünyada əbədilik onun tükənməsi kimidir. Sevinci hüznü ilə qarışıqdır. Dünyadan gedən gəlməz. Gələnin də nə olduğunu bilmirsən ki, onu gozləyəsən. Onun rahatlığı yalan, ümidləri puç, saflığı bulanıq və yaşayışı hüzndür. Əgər dünyanı yaradan Allah onun haqqında xəbərlər verməsəydi, bu barədə misallar çəkməsəydi belə, dünya yatmışı oyadar, qafili isə tənbeh edərdi. Lakin hər şeydən uca və böyük Allah ondan sapındırmış və bu barədə nəsihətlər vermişdir. Hər şeydən uca və böyük Allah yanında onun heç bir qiyməti, çəkisi yoxdur və Allah yaradandan bəri ona heç vaxt baxmamışdır. Dünya bütün açar və xəzinələri ilə Allah yanında bir ağcaqanad qanadı boyda belə əskildilmədən Peyğəmbərimizə (sallallahu aleyhi və əlihi və səlləm) təklif edilmişdisə də, Peyğəmbərimiz (sallallahu aleyhi və əlihi və səlləm) onu qəbul etməmişdi. Çünki o, yaradıcı olan Allahın nifrət etdiyi bir şeyi sevmək istəməmiş, yaxud hökmdarının qoyduğunu qaldırmaq istəməmişdi. Allah-taala saleh bəndələrini seçərək dünyanı onlardan uzaq tutdu, düşmənlərini aldatmaq məqsədilə də dünyanı onların ayaqları altına döşədi. Dünya malına aldanmış olanlar dünyaya qadir olduqlarını zənn edir bunun onlar üçün bir bəxşiş olduğunu düşünürlər, halbuki, Məhəmmədin aclıqdan qarnına daş bağladığını unutdular.