ƏL-HƏQQ (1)– Haqq, Həqiqət mənasındadır. Qurani kərimdə 285 ayədə keçir. Kəsin olaraq sabit olma, gərəkli olan (sübut, vacib) mənasında işlədilir. «Şübhəsiz onların çoxunun üzərinə o, söz (əzab) haqq olmuşdur». (Yasin 7). Burada Haqq oldu – sabit, vacib oldu deməkdir. «O, günahkarlar istəməsə də Allah haqqı sabit və üstün edəcəkdir». (əl-İsra 81). «De ki: «Haqq gəldi. Batil yox oldu». (əl-İsra 81). Bəzən zülmün əksi olan ədalət: «Allah haqq (ədaləti) hökm edər». (əl-Mumin 20). Bəzən hissə, pay: «O, kəslər ki, onların mallarından müəyyən bir haqq (pay) vardır». (əl-Məaric 24). «O, gün onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər». (ən-Nur 25). İbn Abbas –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –gecə namazına durduğu zaman buyurdu: «Ey Allahım! Sənə həmd olsun. Sən göylərin, yerin və ikisi arasında olanların nurusan. Sənə həmd olsun. Sən göyləri, yeri və ikisi arasında olanları tutansan (Qayyumsan). Sənə həmd olsun. Sən göylərin, yerin və ikisi arasında olanların Rəbbisən. Sənə həmd olsun. Sən tək həqiqətsən (Haqsan). Vədin haqdır, sözün haqdır, səninlə görüşmək haqdır, Cənnət haqdır, Cəhənnəm haqdır, Peyğəmbərlər haqdır, Muhəmməd haqdır, Qiyamət saatı haqdır…»(2). Halimi – rahmətullahi aleyhi – deyir ki: «Haqq – inkarı mümkün olmayan, isbat edilməsinə ehtiyac olmayan, varlığı qəbul ediləndir. Buna görə də uca Allahın varlığı qəbul ediləsi şeylərin ilkidir. Varlığı inkar edilməz. Uca Allahın varlığına dəlalət edən dəlillər olmasa da O, vardır. Bununla belə bütün varlıq aləmi Onun varlığının aydın dəlilidir»(3). Uca Allahın hər sözü və feli haqdır. Onunla görüşmək haqdır. Göndərdiyi Peyğəmbərlər və nazil etdiyi kitablar haqdır. Dini də haqdır. Heç bir şeyi Ona şərik qoşmadan yalnız Ona ibadət etmək də haqdır. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir». (Loğman 30). «De ki: «Haqq Rəbbiniz-dəndir». (əl-Kəhf 29). Allahın bütün isimləri, sifətləri və felləri haqdır. Ona ibadət etmək haqdır. Onun qullarına vədi, əzabı və hesabı da haqdır. Qullar haqqında hökmü ədalətdir və bu hökmündə heç bir haqsızlıq yoxdur.
(1) Şeyx Useymin bu İsimləri «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir. (2) Buxari 3/2-4, Müslim 769. (3) Beyhəqi «Əsmə vəs Sifət» s. 12,13.
|