Dinlərdə
hicabın qaydasını və şəklini araşdırıb müqayisə edəndə ortaya belə bir
fakt çıxır ki, bəzi dinlərdə hicaba çox sərt riayət olunmuşdur.
Məsələn, Zərdüşt dininə mənsub qadınlar tam hicaba bürünməli imişlər.
Yəni uzun paltar, topuğa qədər şalvar geyinməli və bunların üstündən
çadraya bürünməli, amma üzlərində də niqab olmalı imiş. Hicabın bu növü
farslarda (Əhəmənilər, Arşakilər və Sasanilər dönəmində) da geniş
yayılmışdı. Hətta kübar qadınlar da çölə çıxanda üzlərini gizlətmək
məcburiyyətində idilər. Xüsusulə I Daranın dövründə qadınlara hicabla
bağlı sərt qaydalar tətbiq olunmuşdur. "Sivilizasiyalar tarixi”
kitabının müəllifi Vill Dürant yazır ki, "Cəmiyyətin zadəgan sinifinə
məxsus qadınlar evdən sadəcə örtülü kəcavədə çıxırdılar”.
Hicab
yəhudi qadınlarının arasında da mövcud olmuşdur. Tarixçilər bildirirlər
ki, yəhudilərdə nəinki təkcə ənənəvi hicaba riayət olunurdu, hətta çox
vaxt iş o yerə qədər gəlib çıxırdı ki, bədənin hər yeri qapanırdı.
Yəhudilərin nöqteyi-nəzərincə, qadınlar əhəmiyyətsiz varlıqlar idi və
yalnız əsgər dünyaya gətirmək üçün lazım idilər. Buna görə də, onların
ünsiyyəti üçün çox sərt qaydalar qoymuşdular. Əbul-Qasım İştəxərdi
tərəfindən yazılmış "İslamda hicab” adlı kitabda deyilir: "Örtük (Hicab
adını İslam gətirib) ərəblər arasında geniş yayılmasa da, qeyri-ərəblər
arasında çox geniş yayılmışdı. Qədim İranda, həmçinin yəhudilər və
iudaizm dininə sitayiş edən xalqlar arasında hicaba İslamda
buyurulduğundan daha sərt riayət olunurdu. Onlarda hətta üzü və
ovucları da gizlətmək vacib idi. Bəzi xalqlarda söhbət yalnız qadının
vücudunun və üzünün gizlədilməsindən deyil, ümumiyyətlə, qadınların
"evə həbs edilməsindən” gedirdi. Onlar bunu adət halına gətirmişdilər”.
Yəhudilərin
iki müqəddəs kitabları olan Tövrat və Talmudda Allahın qəzəbinə düçar
olmamaq üçün qadınların riayət etməli olduqları qaydalar sadalanır.
Ərəb yazarı Abdur-Rəsul Əl-Qafar hicab haqqında "Müasir qadın”
kitabında belə yazır: "Tövratda (Əhdi-Ətiqdə) hicab haqqında çoxlu
hökmlər var. İsa Peyğəmbər də hicab haqqında danışır. Tövrat və İncildə
qadınların o dövrdə hicaba riayət etməli olduqlarını göstərən çoxlu
ayələr mövcuddur. Onlar evin qadına aid olan yarısında, qalın pərdənin
arxasında otururdular ki, onlara təsadüfən yad nəzər sataşmasın”.
Xristian
dini həmçinin yəhudi şəriətinin qadınların hicabı ilə bağlı
hökmləriniqüvvədə saxlayırdı. Xristianlıq qadınlara bütün bəzək
əşyalarını qadağan etmişdi. Həvarilər, onlardan sonra isə Roma Papaları
və kardinallar – onların dini hökmləri kilsə və xristianlıq üçün qəti
əmr mahiyyəti daşıyırdı – qadınları tam hicaba ciddi riayət etməyə, o
cümlədən hər hansı bər-bəzəkdən və kosmetikadan istifadə etməməyə
çağırırdılar.
London universitetinin professoru Doktor Hakim
İlahi "Qadın və xristianlıqda vicdan azadlığı” kitabında hicab haqqında
danışan iki Yepiskop Klement və Tertoriyandan sitat gətirir: "Qadın
evdən kənarda olduqda tam qapanmalıdır. Belə ki, yalnız onu örtən
paltar onu yad baxışlardan qoruya bilər. Qadın başqalarına öz sifətini
göstərməməlidir. Tanrı mömin xristian qadınlara başqalarının yanında
bəzənməyi məqbul saymır. O gərək öz gözəlliyini gizləsin. Çünki o onu
görənlər üçün təklükəlidir”.
Braun Şnayder "Müxtəlif tayfaların
geyimləri” kitabında xristian qadınların şəkillərini verir. Onlar
hamısı uzun paltar geyinmiş və duvaq örtmüşlər. Xristianların müqəddəs
kitabında örpəyin vacibliyinə açıq göstərişlərin olması və onlara yad
adamaların yanında, xüsusilə kilsədə susmaq əmrinin verilməsi ona
dəlalət edir ki, onlar hicaba riayət etməlidirlər. Bu səbəbdən,
xristianlar və avropalılar arasında o dövrdə hicaba riayət olunması çox
geniş yayılmışdı və bu 13-cü əsrə qədər davam etmişdir. O tarixdən
etibarən isə tədricən öz əhəmiyyətini itirməyə başlamışdır.
İslam
sonuncu və ən kamil ilahi din kimi geyimi Allahın neməti olaraq görür.
Bu din hicabla bağlı tarix boyu müşahidə edilən ifratçılığın qarşısını
almaq üçün konkret hökmlərlə hicabın sərhəddini məhdudlaşdırmış və onu
düzgün, mötədil və kişi və qadın təbiətinə daha uyğun şəkildə
müəyyənləşdirmişdir.
İslam dinində hicab heç də qadının evə həbs
edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir. Və ya
qadınları cəmiyyətin ictimai həyatında iştirak etmə haqlarından məhrum
etmir. Hicab İslam dünya görüşündə o anlama gəlir ki, qadın yad
kişilərin yanında saçlarını və bədənini örtməlidir ki, lazımsız
baxışları cəlb etməsin.
Hicab İslamda onunla xarakterizə edilir
ki, o qadınlara nəinki cəmiyyətin ictimai həyatında iştirak etməklərinə
mane olmur, həm də iş mühitinin sağlam olmasını və qadının ictimai
fəallığını qarantiləyir. İslam nöqteyi nəzərindən, hicab təkcə qadına
ismət, paklıq və dəyər qazandırmır, həmçinin qadını xarici və daxili
təlükələrdən qoruma vasitəsi kimi xidmət edir. Hicab haqqında ayə nazil
olur olmaz müsəlman qadınları buna riayət etməyə başlamışlar.
Peyğəmbərin (c.ə.c.) xanımı Həzrəti Aişə bu barədə belə deyir: "Ənsar
qadınlarına afərin. "Nur” surəsinin ayəsi nazil olduqdan sonra onlardan
heç biri cəmiyyət içinə əvvəlki görkəmdə çıxmadılar. Onlar hamısı
başlarını qara örtüklə örtdülər”.
|