İslam mədəniyyətinin ayrılmaz hissəsi olan və bu mədəniyyətə öz töhfəsini verən Azərbaycanın bir vaxtlar SSRİ tərkibində olması ölkədə dini ayinlərin qadağan edilməsinə səbəb olub.
Sovet rejiminin tətbiq etdiyi bu qadağalara baxmayaraq, Azərbaycanda hər zaman İslam amili insanların şüur və təfəkküründə yaşayıb və bu günümüzə qədər ötürülüb. Dini ayinlərin bütün ölkədə rəsmən qadağan edilməsinə baxmayaraq, Azərbaycan xalqı dini mərasimləri gizli də olsa yerinə yetirirdi. 1991-ci ildə Azərbaycan siyasi müstəqilliyinə qovuşmaqla yanaşı, dini müstəqilliyini də əldə etdi. Təbii ki, müstəqillik illərində Azərbaycanda dini maariflənmə sahəsində də xeyli işlər görüldü. Lakin təəssüf olsun ki, dini maarifləndirilmənin aparılmasına baxmayaraq, digər müsəlman ölkələrindən öz unikallığı ilə fərqlənən Azərbaycanda hələ də bir çox dini sahələrdə maarifləndirmə işlərinin aparılması zəruridir. Dini maarifləndirmənin əhalinin bütün təbəqələrini əhatə etməməsi sonda Azərbaycan cəmiyyətində bir çox ictimai problemlərin meydana gəlməsinə səbəb olur ki, bu da gec-tez qütbləşməyə yol aça bilər. Bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də yas və toy mərasimlərinin təmtəraqlı və maddi baxımdan israflı formada keçirilməsi məsələsidir. Məhz bu istiqamətdə maarifləndirmənin bir o qədər də olmaması sonda əhalinin bu kimi ayinləri dini əsaslarla deyil, uzun zamanlar adət etdikləri kimi qeyd etməsi ilə nəticələnir. Digər problemli məsələlərdən biri də bir çoxlarında dinin, dolayısı ilə İslamın sadəcə yas mərasimlərinin keçirilməsi üçün lazım olduğu fikrinin formalaşmasıdır. Əslində bəşəriyyətə rəhmət olaraq göndərilən İslam dini sadəcə yas mərasimlərini deyil, eyni zamanda, həyatımızın bütün sosial sahələrini əhatə edən bir dindir. Azərbaycanda yas və toy mərasimlərinin həddən artıq təmtəraqlı və israf edilərək keçirilməsinə gəlincə isə bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əksinə, İslam bu və ya digər şəkildə israfın qəti əleyhinədir. İslam Peyğəmbərinin israfı qadağan edən çox sayda hədisləri olmaqla yanaşı, israfın haram olması barədə "Quran" ayələri də mövcuddur. İsrafın mənasına gəlincə isə bu, mənasız yerə pulun, var-dövlətin və vaxtın sərf edilməsidir. Allah "Qurani-Kərim"də israf edənlər barədə "əl-Bələd" surəsində belə buyurur: "O, çoxlu sayda var-dövlət xərclədiyini deyir. O, heç kəsin onu görməyəcəyinimi zənn edir? " Digər bir ayədə isə "Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir" buyurulur. İsrafın nəinki haram və sevilməyən əməl olduğu, hətta israf edənlərin şeytanın qardaşları olması barədə də "Quran" ayəsi mövcuddur. "Qurani-Kərim"in "İsra" surəsinin 26-27-ci ayələrində bu barədə belə buyurulur: "Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur". Lakin təəssüf ki, əhalinin bir çox təbəqələri bu kimi ayələrdən xəbərsizdir və toy və yas mərasimlərinin bir-birindən təmtəraqlı keçirilməsi üçün sanki yarışırlar. Əslində isə Allah "Qurani-Kərim"də israf etməkdə deyil, insanların bir-biri ilə xeyir işlərdə yarışmasını əmr edir. "Bəqərə" surəsinin 148-ci ayəsində bu barədə belə buyurulur: "Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz-olun, Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir". Əslində bu ayə bir daha onu göstərir ki, İslama görə, insanlar bir-biri ilə israf etməkdə deyil, xeyir əməllər etməkdə yarışmalıdırlar. Quran ayələrinə və peyğəmbərin hədislərinə nəzər saldıqda isə edilməsi tövsiyə olunan ən xeyirli əməlin yetimlərin himayəsi olduğunu görmək olar. İslam Peyğəmbəri bununla bağlı hədislərinin birində belə buyurur: "Yetimi himayə edən adamla mən cənnətdə bir əlin iki barmağı kimi olacağıq (bir yerdə olacağıq)". Digər bir hədisdə isə Allahın bir yetimi himayə edən insanın böyük günahlarını bağışlayacağı bildirilir. Təbii ki, din və adət-ənənə adına edilən, lakin bunlarla heç bir əlaqəsi olmayan şan-şöhrət və təkəbbür göstəricisi olan bu kimi işlərə pul sərf etməkdənsə, cəmiyyət üçün faydalı olan işlərə pul xərcləmək daha yaxşıdır. Bütün bunların cəmiyyətə aşılanması üçün təkcə din xadimləri deyil, eyni zamanda, ictimai xadimlər də fəaliyyət göstərməlidirlər.