İbn Racəb əl-Hənbəli - rahiməhullah - "Fəthul-Bari" adlı kitabında deyir: "Məlumdur ki, cənnətə girməyə haqq qazanmaq yalnız dildə şəhadətlə birlikdə qəlbin təsdiqi ilə olur, atəşdən çıxanlar da bu ikisi ilə çıxıb cənnətə daxil olurlar."
Bu sözlərin doğru anlayışı nədir?
1. Sözləri diqqətlə oxuyan görəcək ki, İbn Racəbin - rahiməhullah - bu sözləri ilə izah etməyə çalışdığı məna budur ki, cənnətə girmək əməllərlə deyil, tövhid ilə baş verir. Bu isə peyğəmbərin - salləllahu aleyhi va səlləm - məşhur hədisində gəlmişdir ki, insanlar cənnətə əməlləri ilə deyil, Allahın rahməti ilə girəcəklər. Allahu Təalə isə yalnız tövhid əhlinə rəhm edər. Bu sözün mənası budur ki, bir insan nə qədər əməl etsə də, əgər qəlb və dilindəki təsdiq mövcud deyilsə cənnətə girə bilməz. Ya da əgər bir insanın əməlləri naqis olarsa və ya etdiyi günahlar bütün digər əməllərini də zay edərsə, yenə qəlbində və dilində təsdiq varsa cənnətə girəcəkdir. Bunun izahını İbn Racəbin öz sözləri ilə ən sonda izah edəcəyik.
2. Bu sözləri sitat gətirənlərin qəsdi budur ki, İbn Racəb - rahiməhullah - sanki bu sözləri ilə əməlsiz də imanın olmasını nəzərdə tutur. Bu cür anlayış doğru deyildir, çünki əgər biz İbn Racəbin bu sözlərini quru-quru qəbul etsək çox yalnış bir nəticəyə gələrik. Onların bu sitatı istifadə etmək üslubundan belə çıxır ki, qəlbin əməlləri olmasa da insan cənnətə girər və atəşdən çıxıb cənnətə girə bilər. Çünki İbn Racəb sözündə sadəcə "qəlbin və dilin təsdiqini" zikr edir. Halbuki əhli-sünnət icma edir ki, qəlbin əməllərindən bir əməl zay olarsa bütün iman zay olar. Əgər məhəbbət olmazsa bütün iman zay olar.
3. İmam İbn Racəb - rahiməhullah - namazı tərk edəni kafir görən alimlərdən biridir. Onun bu görüşünü nəzərə alsaq bu sözləri onların anladıqları kimi anlamağımız doğru olmaz. İbn Racəb "Camiul-Ulum val-Hikəm" kitabında açıq şəkildə namazsız imanın olmadığını deyir.
4. İbn Racəbin - rahiməhullah - tam sözləri belədir:
و معلوم أن الجنة إنما يستحق دخولها بالتصديق بالقلب مع شهادة اللسان ، وبـهما يخرج من يخرج من أهل النار فيدخل الجنة كما سبق ذكره
"Daha əvvəl zikr etdiyimiz kimi: məlumdur ki, cənnətə girməyə haqq qazanmaq yalnız dildə şəhadətlə birlikdə qəlbin təsdiqi ilə olur, atəşdən çıxanlar da bu ikisi ilə çıxıb cənnətə daxil olurlar; necəki daha əvvəl bu zikr olundu."
İbn Racəb bunu daha əvvəl harada zikr edib? Bəli, eyni kitabında 1-ci cild, səh: 95-də (Məktəbətul-Ğurabə əl-Əsəriyyə) deyir:
وهذا يستدل به على أن الإيمان يفوق معنى كلمة التوحيد والإيمان القلبي وهو التصديق لا تقتسمه الغرماء بمظالمهم؛ بل يبقى على صاحبه؛ لأن الغرماء لو اقتسموا ذلك لخلد بعض أهل التوحيد وصار مسلوباً ما في قلبه من التصديق، وما قاله بلسانه من الشهادة وإنما يخرج عصاة الموحدين من النار بهذين الشيئين فدلّ على بقائهما على جميع من دخل النار منهم وأن الغرماء إنما يقتسمون الإيمان العملي بالجوارح, وقد قال ابن عيينة وغيره : إن الصوم خاصة من أعمال الجوارح لا تقتسمه الفرماء - ايضا
"Bu hədisi imanın tövhid kəliməsinin mənasından ötə bir şey olmasına dəlil gətirirlər. Qəlbdəki imanı - və bu, təsdiqdir - dava sahibləri öz zülm şikayətləri ilə bölüşməyəcəklər, həmin iman öz sahibində qalacaq, çünki əgər dava sahibləri bunu alıb götürsəydilər tövhid əhlindən bəziləri əbədi (cəhənnəmdə) qalardılar və qəlbindəki təsdiqdən və dili ilə söylədiyi şəhadətdən məhrum olunardılar; halbuki müvahhidlərdən asi olanlar bu iki şeyə görə atəşdən çıxacaqlar. Beləliklə onlardan (müvahhidlərdən) atəşə daxil olanların hamısında bu ikisinin qalacağına dəlalət edir və dava sahibləri əzalardakı əməli imanı bölüşəcəklər. İbn Uyeynə və başqaları üstəlik dedilər ki, "oruc bədən əzalarının əməlləri içində xüsusi bir əməldir ki, dava sahibləri onu bölüşməyəcəklər." Burada dava sahiblərinin zülm şikayətləri ilə müvahhidlərin imanlarını bölüşmələri haqqında danışır, ola bilsin ki, bunun mənası qaranlıq qalsın. Ona görə də bunu daha aydın izah etməyə çalışım. Bununla qəsd edilən budur; hər hansı bir müvahhid başqa bir müvahhidin qeybətini edir, onu söyür, ona şərr atır, ona zülm edir və digər qul haqlarını tələb edən cinayətlər edir, nəticədə səhih hədislərdə gəldiyi kimi qiyamət günü həmin "ğarim" (yəni dava sahibi) şikayət edəcək və arşı tərəfin imanını bölüşəcək. Qarşı tərəfin imanından özünə götürəcək. İbn Racəb bunu izah edərək deyir ki, bu yalnız zahiri imana, yəni əməllərdəki imana aiddir, çünki əgər dava sahibi qəlbdəki imanı da sahibindən ala bilsəydi o zaman nə qəlbində, nə də dilində təsdiq qalmazdı və əbədi cəhənnəmdə qalardı. Sonra da qeyd edir ki, "halbuki müvahhidlərdən asi olanlar bu iki şeyə görə atəşdən çıxacaqlar." Bu cümləni yəqin kimi ümumi kontekstdən gözəl anladınız. Anladınız ki, İbn Racəb - rahiməhullah - burada imkanı olduğu halda heç bir əməl etməyən müvahhidlərdən danışmır, lakin əməli ilə birlikdə günahları ucundan müflis olmuş, bütün əməllərini itirmiş müvahhidlərdən danışır və qeyd edir ki, bu müvahhidlər yalnız qəlblərindəki iman və dillərindəki təsdiq ilə atəşdən çıxıb cənnətə girəcəklər. Məhz bu sözlərini 1-ci cild səh: 95-də müzakirə etdikdən sonra eyni cilddə səh: 121-də, yəni 26 səhifə sonra deyir: "Daha əvvəl zikr etdiyimiz kimi: məlumdur ki, cənnətə girməyə haqq qazanmaq yalnız dildə şəhadətlə birlikdə qəlbin təsdiqi ilə olur, atəşdən çıxanlar da bu ikisi ilə çıxıb cənnətə daxil olurlar; necəki daha əvvəl bu zikr olundu."
Yəqin ki, indi İbn Racəbin bu sözlər ilə nəyi qəsd etdiyini anladınız. Bir daha onun qəsdini təkrarlayıram. Ona görə müvahhidlər əməllərinə görə deyil, qəlbin təsdiqi və dilin təsdiqi ilə cənnətə girəcəklər. Əgər hər hansı bir müvahhid etdiyi günahlar səbəbi ilə etdiyi əməllərindən məhrum olarsa, yəni dava və şikayət sahibləri onlara edilmiş zülmə görə müvahhidlərin xeyirlərini alarlarsa, bununla həmin müvahhidlər sadəcə qəlbin imanı və dilin təsdiqi ilə qalırlar. Yəni bəzilərinin anladıqları kimi İbn Racəb burada heç bir əməl etməyənləri qəsd etmir, lakin günahları səbəbi ilə əməllərindən məhrum olanları qəsd edir. İbn Racəb - rahiməhullah - şəfaət hədislərindəki "heç bir xeyir etməmiş" sözlərini də bu məna işığında izah etmişdir.
5. İbn Racəb - rahiməhullah - mövzu haqqında birdən çox kitabında danışıb. "Fəthul-Bari"də, "Camiul-Ulum val-Hikəm"də və "Fadlu Kəlimətul-İxlas" kitabında bu mövzu haqqında geniş danışmış, xüsusilə sonuncu kitabında əməlsiz imanın olmadığını izah etmişdir. Onun sözlərindən "yalnış anlaşıla biləcək" sözləri ayırıb digərlərini diqqətdən kənar qoymaq adillik deyildir.
Doğrusunu Allah bilir!