Bismilləhir-rahmənir-rahim
Allah Təalanın nemətlərindən danışmaqla qurtarmaq olmaz. Nemətlərdən biri də odur ki, bu dünyada axirəti yada salan əlamətlər, işarələr vardır. İnsan bu həyatda sevincli və kədərli günlər yaşayır. Əyləncəli və xoş, müsibətli və acınacaqlı mərhələlərdən keçir. Hər bir xoş an ona cənnəti və hər bir çətin an ona cəhənnəmi xatırlatmalıdır. Bu müxtəlif əlamətlərdə ağıl sahibləri üçün ibrətlər vardır. İnsan dərindən fikirləşərsə hər bir saniyədə ibrət vardır. Xüsusən yaşadığımız isti yay günlərində böyük ibrətlər var. Bu yay günlərinin istisi bizlərə axirəti, cəhənnəm əzabının istisini xatırlatmalıdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir: “(Hava) bərk istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki istilərin artması Cəhənnəmin nəfəs almasına görədir – (bir zaman) Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə nəfəs almağa izn verdi: bir dəfə qışda, bir dəfə də yayda. Bu, sizin il boyu gördüyünüz ən şiddətli isti və ən şiddətli soyuqdur.” (əl-Buxari, 537). Hər birimiz yayın istisində sərinləmək üçün rahat, sərin, kölgəli yer axtarır, ondan qorunmağa çalışırıq. Buna görə sələflər deyərdi: "Ən təəccüblü insan odur ki, dünyada yayın istisindən qorxub qorunur, lakin axirətdə cəhənnəm əzabından qorunmaq üçün günahlardan çəkinmir." Sələflərin bəzisi isti yay günlərində cümə namazından çıxarkən insanlara baxıb onların qiyamət günü olacaqları vəziyyəti fikirləşərdi. Çünki qiyamət cümə günü başlayacaq və insanlar cümədən evlərinə qayıtdığı kimi ya cənnətə, ya da cəhənnəmə gedəcəklər. Bizə axirəti yada salan amillərdən biri də günəşdir. Onun qızmarlığı axirəti xatırladır. Allah Təala buyurur: "və çox parlaq bir çıraq yaratdıq" (ən-Nəba, 13). O insanların qiyamət günü olacaqları halı yada salır. O gün günəş Allahın əmri ilə insanlara yaxınlaşacaq və insanlar düm-düz bir yerdə olacaqlar. Orada nə bir kölgə nə də bir gizlənməli yer olmayacaq. Allahın kölgəsindən başqa kölgə olmayacaq. Orada isə yalnız Allah Təalanın istədiyi yeddi sinif insan kölgələnə biləcək. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salamı salavatı olsun) demişdir: “Yeddi sinif insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və ya qadındır).” (əl-Buxari, 660) Gəlin baxaq bu yeddi sinif insanlardan ola bilərikmi? Hər kəs öz nəfsini daha yaxşı tanıyır. Odur ki, hər kəs özünü imtahan etsə bəs edər. Həmçinin axirəti xatırladan amillərdən biri də, hər birimizin bildiyi xəstəlik vaxtı olan qızdırmadır. Bununla mömin axirət əzabını xatırlayır. İbn macənin sünnə kitabında Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilirki, "Qızdırma cəhənnəmdən bir atəşdir, onu su ilə sərinlədin." Buna görə möminin qızdırması olarsa o qızdırmanın günahlarına kəffarə olmasını Allahdan diləsin. Əgər biz həqiqi düşünsək bilərik ki, bizim bu zəif cisimlərimiz cəhənnəm əzabına tab gətirməz. Ona görədə özümüzlə od arasına sipər çəkməliyik. Allah Təala buyurur: "..özünüzü və ailənizi oddan qoruyun" (ət-Təhrim, 6). Sələflərdən biri bu haqda düşünərək gözəl bir söz demişdir. "Əgər biz baxsaq görörək ki, bu dünyada Allaha itaət üçün səbr etmək, axirətdə cəhənnəm əzabına səbr etməkdən asandır." Diqqətlə baxsaq görərik ki, necə də xətalarımız var. Bəzilərimiz dadlı ləzzətli yeməklərdən imtina edir və soruşduqda deyirik ki: qorxuram sağlamlığıma təsir edər, mədəmi icidər yaxud dərmanlı meyvə olar və.s. Lakin necə olur ki, cəhənnəm əzabını bilə-bilə ondan qurtarmaq üçün günahlardan çəkinmirik. Allah bizi cəhənnəm əzabından qorusun. Bizi cənnət əhlindən etsin. Amin!
|