Bu üsulun əvvəlkilərdən fərqi əxlaq və hüquqla ziddiyyət təşkil etməməsindədir. Kötük hüceyrələr təbabəti bu yaxınlarda yaranmışdır və hələ də elmin kifayət qədər mübahisəli istiqaməti sayılır. Lakin onun tərəfdarları iddia edirlər ki, bu, çox vacib istiqamətdir. Çünki insanların Parkinson, Altsheymer, habelə şəkərli diabet və s. kimi müalicəsi mümkün olmayan bir çox xəstəliklərdən sağalması texnologiyasını yaradır.
Lakin bütün bu perspektivlərə baxmayaraq, kötük hüceyrələrin geniş tətbiqi mümkün olmamışdır. Həmin hüceyrələri əldə etmək üçün insan embrionlarını məhv etməyin yeganə üsul olması bu yolda əsas maneə idi. Bu, mənəviyyatsız addım sayılır və hətta hannibalizmlə müqayisə olunurdu. Hətta hazırki ABŞ prezidenti veto hüququndan istifadə edərək, “körpələrin ana bətnində tibbi məqsədlərlə öldürülməsinə” qadağa qoymuşdu. Şimali Karolinadakı Ueyk Forest Universiteti alimlərinin yeni kəşfi mənəvi ziddiyyətləri aradan qaldırmağa imkan verir, çünki tibb işçilərinə kötük hüceyrələrin əldə olunması üçün etik baxımdan tamamilə qüsursuz yeni mənbə təklif edilir. Entoni Atalın başçılıq etdiyi tədqiqatçılar zəruri materialı ana bətnində dölü əhatə edən embrionətrafı sulardan əldə etməyi öyrənmişlər. Amerikalılar embrionətrafı su nümunələrini amniosentez adlanan və dölün inkişafında qüsurların diaqnozlaşdırılması zamanı tətbiq edilən prosedur sayəsində almışlar. Yeddiillik təcrübə göstərmişdir ki, belə kötük hüceyrələr səmərəlilik baxımından enbrional hüceyrələrdən geri qalmır. Bu hüceyrələr istənilən orqanın toxumasına da çevrilir. Onlardan hətta sinir sistemini “yamamaq” üçün də istifadə etmək mümkündür. Siçan beyninin məhv olmuş hissələrinin dəyişdirilməsi təcrübəsi əla nəticələr vermişdir. İndi alimlər bu texnologiyanı insanlar üzərində sınaqdan keçirmək barədə fikirləşirlər. Doktor Atal bu sahədə irəliləmək fikrindədir. Üstəlik, onun Vatikandan da icazəsi var. Kardinal Lozano Barraqana demişdir ki, amerikalıların kəşfi irəliyə doğru böyük və mənəvi baxımdan məqbul bir addımdır.