Ana Səhifə » 2008»Noyabr»12 » GÜNEYLİ TƏLƏBƏLƏR İRAN HAKİMİYYƏTİNİ “FAŞİST REJİMİ” ADLANDIRDI
GÜNEYLİ TƏLƏBƏLƏR İRAN HAKİMİYYƏTİNİ “FAŞİST REJİMİ” ADLANDIRDI
01:36
Tehranın Əllamə Təbatəbai Universitetinin azərbaycanlı tələbələri
paytaxtın Evin həbsxanasının 209-cu korpusunda saxlanan 4 azərbaycanlı
fəalın aclıq aksiyasına başlaması barədə bəyanat yayaraq onları müdafiə
edib. Bəyanatda deyilir: “Uzun illərdir həmvətənlərimizin ardıcıl
həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. Lakin
indi bu faşist rejimi işi elə bir yerə çatdırıb ki, həbsdəki dörd
fəalın həbsindən 50 gün keçməsinə baxmayaraq, hökumətin heç bir qurumu
onların ağır vəziyyəti ilə bağlı məsuliyyəti götürmür və onların
həbsinin səbəbi barədə izahat vermir. Azərbaycanlı tələbələr olaraq
milli kimlik uğrunda dinc fəaliyyət aparan fəallara qarşı həyata
keçirilən bu kimi terrorçu hərəkətləri tənqid edir, bunun sonrakı
xoşagəlməz nəticələri qarşısında məhz mövcud totalitar rejimin
məsuliyyət daşıdığını bildiririk. Biz həbsdə saxlanan bütün
azərbaycanlı məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik”. Təbrizli
keçmiş deputat Əkbər Ələmi saxta doktorluq dərəcəsi qalmaqalına görə
parlamentə çağırılan daxili işlər naziri Əli Kordani ilə birgə
prezident Mahmud Əhmədinejadın da parlamentdə dindirilməsi tələbini
irəli sürüb. Qeyd edək ki, deputatlar ictimaiyyəti aldadaraq özünü
Oksford Universitetinin fəxri doktoru kimi təqdim etmiş nazirin
istefası tələbini qoyurlar. “Media forum” saytının məlumatına görə,
Ə.Ələmi beynəlxalq səviyyədə parlamentin və ölkənin imicinə xələl
gətirməsinə baxmayaraq, daxili işlər nazirini canfəşanlıqla himayəyə
alan prezident Mahmud Əhmədinejadı tənqid edib: “Hər hansı fitnə-fəsad
və qanunsuzluğa qarşı mübarizə apardığını car çəkən prezident Kordana
dəstək verməkdə israr edir. O hətta bu dindirilmənin qanunsuz olduğunu
deyir. (O, artıq istefaya göndərilib - red.) Həqiqət bundan ibarətdir
ki, Əhmədinecad yalnız 100 faiz ona tabe olan və onun itaətində olan
şəxsləri işə cəlb edir və belə bir seçim sisteminə rəvac verir”.
Ə.Ələmi Əhmədinejadın başında durduğu icraedici hakimiyyəti tənəzzülə
uğratdığını da vurğulayıb: “Onun bu hərəkəti parlament və xalq
deputatlarının imicinə də xələl gətirib”