İran prezidenti
Əhmədi Necadın iyun ayının 10-da İran televiziyasının 3-cü kanalındakı
çıxışında sözügedən səhabələr haqqında işlətdiyi ifadələri seçkilərdə
qalib gəlməsinin rəsmi şəkildə elan edilməsindən sonra və “əl-Cəzirə”
də daxil olmaqla bir çox telekanal tərəfindən birbaşa yayımlanan
çıxışında da təkrarlaması etirazlara səbəb olub.
Xatırladaq
ki, İran prezidenti Hz. Təlhə və Hz.Zübeyrin əvvəllər İslam üçün yaxşı
işlər gördüyünü, ancaq daha sonra ədalətdən ayrıldıqlarını və əldə
etdikləri məziyyətləri itirdiklərini ifadə etmişdi.
Bu
hadisədən sonra Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü Hz.Həsənin
nəslindən gələn Hatim ibn Arif əl-Övni İran prezidentinə açıq məktub
ünvanlayıb.
Sünni nöqteyi-nəzərə görə, Əhmədi Necadın İslamın
tanınmış iki şəxsiyyətini tənqid edərək, yüzminlərlə sünnini
incitdiyini bildirən professor əl-Övni İran prezidentindən məzhəbçilik
fitnəsini alovlandıra biləcək bu cür fikirlərdən uzaq durmasını və
sünnilərdən üzr istəməsini tələb edib.
Professor Hatim ibn Arif əl-Övninin Əhmədi Necada ünvanladığı açıq məktub
Zati-aliləri, İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədi Necada – Allah təala sizi işlərinizdə müvəffəq eləsin!
Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun!
İslam tarixinin iki gözəl şəxsiyyətini təhqir etdiyiniz birinci və
ikinci çıxışınızı İslam dünyası dinləyib. Bu iki şəxsiyyət mötəbər
səhabələr Təlhə ibn Übeydullah və Zübeyr ibn Əvvamdır (Allah onların
hər ikisindən razı olsun!). Onlar (ən azından) Əhlü-Sünnənin nəzərində
İslam ümmətinin rəhbərlərindən hesab olunmaqla yanaşı, (hələ
sağlıqlarında ikən) cənnətlə müjdələnən on səhabədəndirlər
(əşəreyi-mübəşşərə). Zati-aliləri, siz ikinci çıxışınızda Peyğəmbərin
(s) zamanında onların İslama böyük xidmətləri olduğunu söylədiniz.
Ancaq çox təəssüf ki, sonradan səsləndirdiyiniz fikirlərlə - Cəməl
müharibəsində baş verənlərdən dolayı onların əhdlərinə xilaf çıxdığını
deyərək, bu tərifi heçə endirdiniz. Bu səbəbdən onların etdikləri cihad
və Allahın rəsulu (s) ilə birlikdə yürüdükləri yolda qazandıqları
üstünlüklərini itirdiklərini söylədiniz.
Görüşünüzü
dəstəkləyən – Əhli-Sünnəyə görə - uydurulmuş və (həqiqəti qətiyyən əks
etdirməyən) tarixi və qopuq rəvayətlər, tarixdə baş verən hadisələrin
yanlış şərh edilməsi məsələsi, Əhli-Şiənin din adamlarının tarix və din
kitablarının bu mövzuya dair kitablar qələmə aldığı zaman yenə
Əhli-Sünnə alimlərinin nəzdində ifrat dərəcəsinə çatan həddini aşmış
bir üslub, bütün bunlar və Sünnə əhlinin mövzu ilə bağlı uzun
mübahisələri bir yana dursun, sünnilərə görə, İslamın ən böyük “simvol
şəxsiyyətləri”ndən olan bu iki şəxsi təhqir edərək, bir milyard sünni
müsəlmanı təhqir etmək bir prezident kimi sizdən gözlənilən bir
davranış deyildi. Prezident olan bir şəxsə bu cür davranmaq yaraşmaz.
Çünki o, bu cür davranışı ilə heç nəyə nail ola biməz., əksinə itirər.
(Sizin kimi bir şəxsin bu cür hərəkətləri) regionda yanan
məzhəbpərəstlik atəşini daha da alovlandırar və onu əvvəllər görünməmiş
yeni həddə çatdırar. Əvvəllər bu məzhəbpərəstliyə bəzi din adamları
liderlik edirdilər. Sizin bu sözlərinizdən sonra isə onların sırasına
siyasətçilər və hətta sizin kimi bir prezident belə öndərlik etmiş
oldu.
Özümü burada uca millətinizin mənsublarının böyük bir
əksəriyyətinin sizinlə həmfikir olduqları, müsəlmanların böyük
əksəriyyətini təşkil edən Əhli-Sünnənin isə sizinlə həmfikir olmadığı
mövzu ətrafında sizinlə mübahisə etmək səlahiyyətində hiss etmirəm.
Ancaq zati-alilərinizdən gözlənilən yeganə şey bu təhqirə görə, sizin
İslam dünyasından üzr istəməyinizdir. Şəxsi qənaətlər yüzminlərlə
müsəlmanın duyğularını incitməyi zəruri etməz. Allah təala daha böyük
bir fitnə-fəsada yol açmaması üçün bizi müşrikləri sitayiş etdiyi
bütlərə söyməkdən belə çəkindirmişdir. Belə olan təqdirdə Allah
təalanın bizi Peyğəmbərin (s) səhabələrinə (Allah onların hamısından
razı olsun!) eyni səbəbdən dolayı söyməyi qadağan etməsi daha çox
ehtimal olunandır. Çünki onların söyülməsi bölgədəki məzhəbçilik
atəşini daha alovlandıracaq və bir milyard müsəlmanın heysiyyatına
toxunacaqdır.
Bu məktub mənim sizə ünvanladığım xüsusi bir
məktub olsa da üzr tələbi, əslində zati-alilərinizin bu cürətkarlığı
ilə incinən dünyadakı yüzminlərlə sünninin tələbidir. Əhli-Sünnənin bu
ümumi tələbindən əlavə mənim sizdən şəxsi bir istəyim də vardır: bu,
eyni zamanda mənim kimi, Peyğəmbərin (s) Əhli-beytindən inananların da
tələbidir. Çünki mən zati-alilərinizin bu iki simvol şəxsiyyəti təhqir
etmənizdən çox əzab çəkdim. İnanıram ki, babam Əmirəlmöminin Əli ibn
əbu Talib həyatda olsaydı, bu iki şəxsiyyətə olan sevgisinin
böyüklüyünə, onların dinlərinə zərər verməyən və cihadlarını boşa
çıxarmayan hadisələrin iç üzünü bildiyinə, eləcə də onların dinin
əsaslarının möhkəmləndirilməsi və İslamın zəfər çalması üçün böyük
cəhdlərinə şahid olduğuna görə, məndən daha çox əzab çəkərdi.
Zati-alilərinizin – ehtimal daxilində də olsa - babam Hz.Həsən və
Hz.Hüseynin atası - Əli ibn əbu Talib (Allah onlardan razı olsun!) və
onun soyundan gələn onminlərlə sünniyə necə olur əziyyət verdiyinizi
təsəvvür edə bilmirəm.
Zati-aliləri, cənab prezident! Kaş uca
millətinizi tarixdə qalan keçmiş böhranları aşaraq, dövrümüzə daşınan
tarixi yanlışlıqları və kini ortadan qaldıracaq, məntiqi bir çıxış
yoluna istiqamətləndirsəydiniz. Ancaq son sözləriniz bunun tam əksini
göstərir. Görəsən, bir az ayaq saxlayıb bunu nəzərdən keçirə
bilməzsinizmi?
Allah zati-alilərinizi ölkəsinin və xalqının
yararına olan işlərdə müvəffəq etsin! İslam dünyasının digər liderləri
ilə birlikdə birlik və həmrəyliyi təmin etmək, eləcə də İslam və
müsəlmanlara dəstək vermək xüsusunda sizə kömək olsun!
Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun!
Professor əş-Şərif Hatim ibn Arif əl-Övni (Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü)
Tərcümə etdi: Anar Rüstəmov
/AzeriMuslims/
|