Cəfəri
alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi
və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət
qazandırırlar. Onlardan yalnız bir misal göstərək: Əhməd bin İsa
rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən –radıyallahu anhu-
müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «…
İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada
verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən
ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir,
hikmət sahibidir!» (ən-Nisa, 24). Bu hədisi əl-Kuleyni
“əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar
əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa cəfəri alimlər
bildirmişlər. Cəfəri ədəbiyyatında belə hədislər çoxdur, amma
isnad – yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər
zəncirinin heç biri Allahın Rəsuluna -səllallahu aleyhi və alihi və
səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də
əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir,
hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki,
müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə
bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllallahu aleyhi və
alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib
Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- mö'min
əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin
-səllallahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar.
Buna bir neçə misal çəkək: 1) Məhəmməd bin Əli Əli bin Əbu
Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu
aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini
yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik,
səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi
1996). 2) Ər-Rabi bin Subra əl-cuhani atasının belə dediyini
rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə
fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud
2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202). 3)
Ər-Rabi bin Subra əl-cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin
-səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “camaat,
mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim.
Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər
sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini
geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər
Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-cami əs-Saqir”, 7887). 4)
İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah
-səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə
müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim,
4/131 və Əhməd, 4/55). 5) Bir dəfə Ömər bin əl-Xəttab
–radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən,
Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə
müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi.
Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb
Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan
etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid
gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963). 6)
Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə –radıyallahu
anhu- deyiblər ki, İbn Abbas –radıyallahu anhu- müvəqqəti nigaha icazə
verir. İbn Ömər –radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm
ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər
–radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və
səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu
aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq”
(Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502). 7) Cüveyra Malikin ona Əli
bin Əbu Talibin –radıyallahu anhu- İbn Abbasa –radıyallahu anhu- belə
dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti
nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407). Cəfərilər
bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu
hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə
–radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə
onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla
bilərmi? Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin
Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam cəfər
deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən
bədbəxtlərdən başqa heç kəs zina etməzdi”. Hətta cəfərilərə görə
bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb
(Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”,
20/227, hədis 2). Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir: “
… Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər
o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı
müsəlmanlarda böyük ne'mət – müvəqqəti nigah var idi». Bu, qondarma
hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105). Şiə alimi
ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında
əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun
baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək
lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360). Əl-Kahbai “Məcmuə
ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər
əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz”
(Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131). Əl-Ərdəbili “cami
ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu
fikirdədirlər (Əl-Ərdəbili, “cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi,
“ər-Rical”, səh. 258). Beləliklə, cəfəri alimlərinin özləri, imam
Əlinin –radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən
hədislərini inkar edirlər. Bundan əlavə, onların ədəbiyyatında
imam Əli bin Əbu Talibin –radıyallahu anhu- bu cur nigaha baxışlarını
aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar. Qazi
əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu
anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah
bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah
bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt
ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858). Şeyx
Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin cəfəri alim
əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin
Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən
hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm-
Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi”
(Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186). Zeydi
şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki,
burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə
dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və
alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi,
“ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23). Peyğəmbərin
-səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir,
imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt)
–radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı
qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin
kitablarından bir neçə misal gətirək. İmam əl-Beyhəqi (əhli
sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən
onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir
edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”,
7/207). Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında
yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir
ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri
(əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər”
(Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26) Cəfəri şeyxlər İbn İdris
(“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”,
14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin
Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür
dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə
edirlər”. İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur
əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn
Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib:
“Bununla öz ruhunuzu murdarlamayın”. Əl-Məğribi (ismaili-şiə)
“Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti
nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona
deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və
ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir:
“Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər”
(Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859). Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər. Əl-Məzari
yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə
qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi
və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu
azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”,
2/131). Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti
nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman
alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə
–radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və
səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq
olmaz. Belə ki, imam Əli bin Əbu Talibin –radıyallahu anhu- müvəqqəti
nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur.
Bundan əlavə, əl-Beyhəqi imam cəfərin müvəqqəti nigahı əsil zinakarlıq
adlandırdığı sözləri rəvayət edib”. Qazi İbn İyad deyib:
“cəfəri-şiələrdən başqa bütün müsəlman alimlər müvəqqəti nigahın
qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih
Müslim”, 9/181 və s.). Amma gəlin ədalətli olaq. Yalnız cəfəri
ədəbiyyatı oxumuş və bu baxışlara şərik olmayanlara münasibətdə
qərəzçilik ruhunda tərbəyə olunan və ümumiyyətlə, “Sünnə” (Məhəmməd
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- yolu) sözünə qarşı
ikrah hissi keçirən insana öz alimlərinin istinad etdikləri hədislərin
səhih olmadığını təsəvvür etmək çox çətindir. Hədis elminin
əsaslarını bilməyən müsəlman onların yalan olmasına sərbəst əmin olmaq
iqtidarında deyil. Belə hallarda bir qayda olaraq, İslamın ilk
mənbəyinə – Müqəddəs Qur'ana müraciət etmək lazımdır ki, Uca Allahın
hər hansı bir məsələ barədə çıxardığı qərarı öyrənə biləsən. Peyğəmbərin
-səllallahu aleyhi və alihi və səlləm- hədislərinin mövcudluğuna və
onların Axirətə qədər qorunub qalacağına baxmayaraq, gafirlər onun və
əshabələrinin kəlamlarına çoxlu yalanlar əlavə ediblər. Peyğəmbərin
-səllallahu aleyhi və alihi və səlləm- əsil davamçılarının müvəqqəti
nigah haqqında qondarma hədisləri rədd etmələrində göründüyü kimi,
müsəlman ilahiyyatçıları üçün onların qeyri-səhih olmasını başa düşmək
heç də çətin deyil. Amma nabələd adam yolunu aza bilər.
Hədisləri qərəzlə araşdıranları cəfəri alimlərin başına gələn məhz belə
bir bədbəxtçilik gözləyir. Əgər siz hələ də Allahın müvəqqəti
nigahı icazə verməsinə inanırsınızsa, Qur'anın bu barədə nə dediyini
öyrənin. Axı Allahın axırıncı vəhyini heç kəs təhrif edə bilməz. Buna
qərəzli yanaşmayın, axı həqiqətdən qiymətli heç nə ola bilməz.