Azərbaycan
dindarının mübahisə obyekti olan bu məsələni kimlərin müdafiə etdiyini,
hansı dindar qrupların müdafiə etdiyinə toxunmayacağıq. Biz Əhli Sünnə
və Şiə qaynaqlarında SİĞƏyə münasibəti açıqlayacaq, sağlam məntiqin
siğəyə «hə», yoxsa «yox» deyəcəyini açıqlayacağıq. İslam – Allahın
kamil dinidir. Başqa dinlərdən o, bununla fərqlənir. Quran və Sünnənin
ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də
müvəqqəti nigah məsələsini bu nöqtəyi-nəzərdən araşdırmağı doğru saydıq.
Siğəni müdafiə
edənlər öz baxışlarına Məhəmməd Peyğəmbərin (səllallahu aleyhi və alihi
və səlləm) nəslinə, bəzi imamların adına yazılan hədislərlə bəraət
qazandırırlar. Onlardan yalnız bir misal göstərək:
Əhməd bin İsa
rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən (radıyallahu anhu)
müvəqqəti nigah barədə soruşduqda o deyib: “Quranda ayə var: «…
İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada
verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən
ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir,
hikmət sahibidir!» (ən-Nisa, 24).
Bu hədisi əl-Kuleyni
“əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar
əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa cəfəri alimlər
bildirmişlər.
Cəfəri ədəbiyyatında belə hədislər çoxdur, amma
isnad – yəni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər
zəncirinin heç biri Allahın Rəsuluna (səllallahu aleyhi və alihi və
səlləm), hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də
əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir,
hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki,
müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə
bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər (səllallahu aleyhi və
alihi və səlləm) idi. Onun təlimini onun öz dilindən qəbul edib Allahın
Quranda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin
(səllallahu aleyhi və alihi və səlləm) mömin əshabələridir. Əhli-sünnə
hədis alimləri yalnız Qurana və Peyğəmbərin (səllallahu aleyhi və alihi
və səlləm) özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:
1)
Məhəmməd bin Əli bin Əbu Talibdən (radıyallahu anhu) bunu eşidib:
“Allahın Rəsulu (səllallahu aleyhi və alihi və səlləm) Xeybər günü
müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172;
Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794;
ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).
2) Ər-Rabi bin
Subra əl-cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah
(səllallahu aleyhi və alihi və səlləm) Məkkə fəth olunan il müvəqqəti
nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai
“əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).
3) İyas bin
Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah (səllallahu
aleyhi və alihi və səlləm) döyüş illərində üç dəfə müvəqqəti nigaha
icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd,
4/55).
4) Bir dəfə Ömər bin əl-Xəttab (radıyallahu anhu) xəlifə
olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah (səllallahu aleyhi
və alihi və səlləm) bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma
sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq
müvəqqəti nigah bağlayıb Rəsulullahın (səllallahu aleyhi və alihi və
səlləm) bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən
dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn
Macə, 1963).
5) Cüveyra Malikin ona Əli bin Əbu Talibin
(radıyallahu anhu) İbn Abbasa (radıyallahu anhu) belə dediyini rəvayət
edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini
haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407).
Siğəni
müdafiə edənlər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini
göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu
Talibə (radıyallahu anhu) əsaslanırlar. Amma gəlin görək bu hədislər
elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla
bilərmi?
Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin
Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər
deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən
bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.
Hətta cəfərilər də
təsdiqləyirlər ki, bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu
naməlum və qondarma adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29,
hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2, “Bihar əl-Ənvar”,
103/105).
Şiə alimi ən-Nəcaşi bu hədisləri rəvayət edənlər
haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin
rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə
dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”,
2/359-360).
Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun
barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır.
Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”,
6/131).
Əl-Ərdəbili “cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və
başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “cami
ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).
Beləliklə,
cəfəri alimlərinin özləri, imam Əlinin (radıyallahu anhu) müvəqqəti
nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.
Bundan
əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin (radıyallahu
anhu) bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə
rast gəlmək olar. Qazi əl-Məqribi (Şiə) kitabında Əli bin Əbu Talibin
(radıyallahu anhu) sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid
olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki
günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən
heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229,
hədis 858).
Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün
kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə”
kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin
(radıyallahu anhu) belə dediyini göstərən hədis rəvayət edib:
“Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) Xeybər günü ev
eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi,
“əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).
Peyğəmbərin
(səllallahu aleyhi və alihi və səlləm) İbn əl-Hənəfiyə, imam Baqir,
imam Zeyd, imam Cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt)
(radıyallahu anhum) baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı
qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin
kitablarından bir neçə misal gətirək.
İmam əl-Beyhəqi (əhli
sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən
onun imam Cəfərdən (radıyallahu anhu) müvəqqqəti nigah haqqında
soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır”
(əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).
Cəfəri şeyxlər İbn
İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”,
14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin
Xişam bin əl-Hakəmdən imam Cəfərin (radıyallahu anhu) müvəqqəti nigah
haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız
əxlaqsızlar belə edirlər”.
İbn İdris (“əs-Sərair əl-Hava”, səh.
66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət
ediblər ki, İbn Sinan imam Cəfərdən (radıyallahu anhu) müvəqqəti nigah
barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.
Qeyd
edək ki, Uca Allah nigahı insanlara öz heyvani ehtiraslarını ödəmək
üçün deyil, mənəvi, sosial və iqtisadi nemətlər naminə vacib bilmişdir.
Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman
cəmiyyətinin özəyi (rəhni) kimi baxır.
Əgər kişi yalnız
öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mənəvi
simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük
vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O,
yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir.
Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn
məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.
Tanrı
istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla,
uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi
müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı
yalnız bir cinsi akt naminə «öz bədənlərini birləşdirib», sonra ola
bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən
və qadından nə gözləmək olar?
Əgər belə bir «nigah»
zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə
girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah
zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını
görəsən necə tanımalıdırlar?
İranın “əş-Şira” jurnalında (N 684,
səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar
ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».
Görəsən
uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı
hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün
həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz
anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər
ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və
anasının yolunu tumuş öz doğma qızıyla «nigah» bağlamayacaq? Nə vaxtsa
öz atasıyla ola bilən qadını bəs kim almaq istər?
Qulaq asın
görün ki, cəfəri şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159)
nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki,
müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir
şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah
bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni
sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların
bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu
eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o
sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki,
onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula
satsınlar? Məgər mömin, özünə qıymadığını qardaşına arzu edə bilərmi?
Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) deyib: “Özünə
istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq”
(Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”,
24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).
Həqiqətən, bu və digər
suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol – müsəlmanın mənəvi
simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa
bircə fərqli cəhət göstərə bilərsinizmi?
İslama qədər ərəblər
günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik
Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə
göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki,
bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət
qanunlarının çoxu Mədinədə, Məhəmmədə (səllallahu aleyhi və alihi və
səlləm) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə
köçdüyü şəhərdə nazil edilmişdir. Bu, cahiliyyə dövrüdə geniş yayılmış
müvəqqəti nigaha da adiddir. Rəsulullah (səllallahu aleyhi və alihi və
səlləm) bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu,
Xeybər günü baş verdi. Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm)
bundan sonra bir dəfə də– Məkkənin fəthi günü– bunun Allahın iradəsiylə
Qiyamətə qədər qadağan edildiyini elan etdi. Amma bu əməl içki kimi
geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər
bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az
danışırdılar. Bəzi müsəlmanlar Əbu Bəkrin və Ömərin (radıyallahu anhum)
dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə
Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin
(radıyallahu anhu) vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və
Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) Əli bin Əbu Talib,
Abdullah bin Ömər, Abdaullah bin Zübeyr (radıyallahu anhum) kimi böyük
əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə
qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.
Beləliklə,
biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qurana, Peyğəmbərin
(səllallahu aleyhi və alihi və səlləm) hədislərinə, onun əsahabələrini,
o cümlədən Əli bin Əbu Talibin (radıyallahu anhu) yekdil fikirlərinə,
mömin müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.
Bu
yazıda bütün düşünən müsəlmanları narahat edən ən böyük problemlərdən
biri barədə deyə biləcəyimizin kiçik bir hissəsi əks edilmişdir.
Təəssüf ki, onu bütün çılpaqlığı ilə göstərmək üçün bizim kifayət qədər
imkanımız yoxdur. Allah eləsin ki, bizim dediklərimiz cəhalət içində
sürünənlərin yatmış qəlblərini oyatmaq üçün yetərli olsun!
Sonda
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının mövzu ilə bağlı 23 dekabr
2002-ci il tarixli fətvasından bir hissəni nəzərinizə çatdırırıq.
«…müvəqqəti
nigah və irslə bağlı bəzi hökmlər verilmişdir ki, bunlar Azərbaycanda
qüvvədə olan qanunlarla uzlaşmadığı üçün qəbul olunmur və hökmü
dayandırılır».
P.S. Bu gün Azərbaycanın suyunu içib, İranın
dəyirmanına su tökənlər jurnal və internet saytlarında siğəni təbliğ
edirlər. Görəsən, onlar öz yaxın qohumlarının başqaları ilə müvəqqəti
cinsi əlaqəyə girməsinə necə baxırlar. Bax, bu çox maraqlıdır... Bir də
utanmadan siğənin duasını insanlara öyrətməyə çalışırlar...