Bu
anlamda İslamın ilk dövrlərində deyil, daha çox Muhəmməd peyğəmbərin
vəfatından sonra, ən geniş anlamda isə müxtəlif politeist dinlərin
yayıldığı yeni ərazilərin fəthindən sonra İslamda da bəzi şəxsiyyətlər
və bu şəxsiyyətlərə bağlı olaraq da bəzi yerlər müqəddəsləşdirilməyə
başlandı. İslamda «müqəddəslər» anlayışının tarixini araşdıran məşhur
macar şərqşünası İ. Qoldsiyer bunu, fəth edilmiş ərazilərdəki dinlərin
qalıqlarının İslama keçməsi kimi izah edir (И. Гольдциэр. Культ
«святых» в исламе. М, 1938, с. 61-65). Həqiqətən də, bir çox yerlərdə
keçmiş dinlərin izlərinin İslam dinini qəbul etmiş əhali arasında geniş
yayıldığı təkzibedilməz faktdır. Bir çox yerlərdə, o cümlədən
Azərbaycan ərazisində müxtəlif məkanların və nəsnələrin, habelə odla
bağlı bir çox şeyin müqəddəsləşdirilməsi də buna bir misaldır. Yuxarıda
da qeyd etdiyimiz kimi, bütün bu müqəddəsləşdirmə prosesi İslamın ilk
illərində deyil, daha çox Muhəmməd peyğəmbərin vəfatından sonra geniş
vüsət almışdır. Bildiyimiz kimi, müxtəlif ölçülü saysız-hesabsız
bütlərə (təkcə Kəbənin içərisində 360-a qədər büt olub) sitayiş edən
ərəb tayfalarını İslama çağıran Muhəmməd peyğəmbərin irəli sürdüyü
birinci və ən əsas prinsip təkallahlılıq prinsipi olmuşdur. İslamı
yenicə qəbul etmiş ərəblərin köhnə inanclarını nəzərə alan Peyğəmbər
ilk dövrlərdə hətta qəbiristanlığı ziyarət etməyi də qadağan etmişdi.
Səbəb isə aydın idi – Peyğəmbər müsəlmanların qəbiristanlıqdakı
əcdadlarının qəbirlərinə sitayiş edəcəyindən ehtiyatlanırdı. Lakin
zaman keçdikcə təkallahlılıq inancı ilk müsəlmanların qəlbində əməlli
başlı kök atdı. Səhabələrin təkallahlılıq inancına səmimiyyətlə
sarılmalarına dair tarix kitablarında müxtəlif rəvayətlər nəql olunur.
Bunların birində qeyd olunduğuna görə, Peyğəmbərin vəfatından sonra bir
dəfə Kəbəni ziyarət edən Hz. Ömər qara daşa xitabən belə demişdir:
«Mənə yaxşı məlumdur ki, sən ancaq qara bir daşsan, sən heç kəsə nə
zərər, nə də fayda verə bilməzsən. Peyğəmbərin səni öpdüyünü
görməsəydim, səni heç vaxt öpməzdim». Həqiqətən də, o dövrdə bütün
müsəlmanların qibləsi olan Kəbədən başqa (Onun ziyarət olunmasının
vacibliyi Qurani-Kərimlə və sünnə ilə təsbit olunub və İslamın
şərtlərindən biridir) heç bir müqəddəs obyekt olmamışdır. Hətta bir
dəfə Muhəmməd peyğəmbərin önündə diz çökməyə cəhd edən şəxs elə
peyğəmbərin özü tərəfindən sərt qarşılanmış və o, demişdir: «Qalx
ayağa, mən Məkkədə quru çörək yeyən bir qadının oğluyam».
Müqəddəsləşdirmə adətindən danışarkən «Rizvan ağacı» ilə bağlı məsələyə
də toxunmaq munasib olar. Tarixi mənbələrdən məlum olduğuna görə,
Muhəmməd peyğəmbərin Məkkəyə bir səfəri zamanı altında müsəlmanların
sədaqət andını qəbul etdiyi bu ağac sonralar müsəlmanlar tərəfindən
müqəddəsləşdirilməyə başlanılmış, bunu görən Hz. Ömər isə ağacı
dibindən kəsmişdir. Bütün bunlar Xüləfai-Raşidin, yəni ilk dörd
xəlifənin dövründə bu şəkildə davam etsə də, çox təssüflə qeyd
etməliyik ki, bir müddət keçəndən sonra Peyğəmbərin və digər
şəxsiyyətlərin adları ilə bağlı olan «müqəddəs» yerlər meydana gəlməyə
başladı. İlk olaraq, Muhəmməd Peyğəmbərin birinci zövcəsi Hz. Xədicənin
evi Quran ayələrinin nazil olduğu yerlərdən biri kimi «müqəddəs» elan
edildi. Peyğəmbərin doğulduğu ev isə bir müddət sonra xəlifə Harun
ər-Rəşidin anası Hayzurana tərəfindən ibadətgaha çevrildi (И.
Гольдциэр. Культ «святых» в исламе. М, 1938, с. 44). Beləcə, Muhəmməd
Peyğəmbərin vəfatından sonra onun simasına olan munasibətin az qala
ilahiləşdirmə dərəcəsinə qədər yüksəldilməsi və müqəddəsləşdirilərək
sitayiş obyektinə çevrilməsi islamda «müqəddəs» yerlərin yaranmasının
başlanğıcını qoydu. Artıq Muhəmməd Peyğəmbərin adı ilə bağlı olan
yerlər «müqəddəs» elan olunur, onun namaz qıldığı boş yerdə məscid
tikilir, şəxsi əşyaları, hətta saqqalının tükü də «müqəddəs» adlanan
yerlərdə qoyulub «şöhrətləndirilirdi». Bu minvalla «müqəddəs» yerlərin
yaranması təşəkkül tapdı, başqa İslam dini xadimlərinin də xatirələri
ilahiləşdirilməyə, yaxud İslamdan əvvəlki dinlərə aid olan
ziyarətgahlar müsəlman müqəddəslərinin məzarları elan edilərək ziyarət
olunmağa başladı. Əvvəllər belə məzarlara yalnız hörmət əlaməti olaraq
gələrmişlər. Lakin bir müddət keçəndən sonra «müqəddəslərin»
qəbirlərindən kömək diləmək adət halını almağa başladı, daha sonralar
isə belə köməyin əvəzində zəvvarlar «müqəddəs»ə pərəstiş və hörmət
əlaməti olaraq bu məzarlara xidmət edən şəxslərin yaşaması üçün onlara
nəzir şəklində ərzaq şeyləri (çörək, xörək və s.), daha sonralar isə
pul verməyə başladılar. Beləliklə, müqəddəs yerlərdə məskən salan –
şeyxlər, dərvişlər, mücavirlər, mütəvəllilər və başqa cür «pir
xidmətçiləri» meydana gəldi ki, bunlar da öz mənfəətləri üçün çoxlu
müsəlman dini «müqəddəsləri» uydurmağa, «pirlər», «ocaqlar» yaratmağa
başladılar. Beləliklə, İslamın yayıldığı bir çox yerlərdə, xüsusilə iri
şəhərlərdə (məsələn, Buxara, Səmərqənd, Bakı və s.) çoxlu «müqəddəs»
qəbirlər meydana gəldi. Ərəb qoşunlarının keçdiyi torpaqlarda (Orta
Asiya respublikaları, Azərbaycan, Dağıstan və s.) sərkərdələrin və din
xadimlərinin qəbirlərinin «müqəddəs» yerlərə çevrilməsi geniş
yayılmışdır. Qusar rayonu Həzrə kəndi yaxınlığındakı «Şeyx Cüneyd»
məqbərəsi, Dərbənd şəhəri qəbiristanlığındakı «Qırxlar» məqbərəsi,
Səmərqənd şəhərindəki «Xusam» məqbərəsi və başqaları deyilənlərə misal
göstərilə bilər. Bu kimi «müqəddəs» yerlərdə fövqəltəbii qüvvələrin
«möcüzəvi» yolla zəvvarların imdadına çatdığına, həmin obyektlərin
«kömək edən», «şəfa verən» olduğuna inanan şəxslər əlacsız saydıqları
məsələlərin həll edilməsi üçün pirlərə, ocaqlara, «müqəddəs» adlanan
qəbirlərə müraciət edirlər. SSRİ dövründə nüfuzu xeyli aşağı düşmüş bu
kimi yerlər, müstəqilliyimizi qazandıqdan sonra xeyli dirçələrək,
yenidən böyük gəlir mənbələrinə çevrilmişdir. Bir şey də
diqqətçəkicidir ki, pir və ziyarətgahlara gedənlərin sayı məscidlərdə
ibadət edənlərin sayından az deyil və bu da o deməkdir ki, bir çox
müsəlmanlar İslamın əsas şərtlərinə əməl etməyərək, öz dindarlıqlarını
yalnız «zəvvar»lıqla nümayiş etdirmək istəyirlər. Pir və
ziyarətgahların bolluğu baxımından respublikamızın ərazisi digər
müsəlman dövlətlərindən heç də geri qalmır. Təxminən sayı 500-ə çatan
bu ziyarətgahların (bunlardan 100-ə qədəri aktiv fəaliyyət göstərir)
əksəriyyətinin mənşəyi və yaranma səbəbi məlum deyildir. Bunların
bəzisi guya ailə münaqişələrini həll edir, sevgi, məhəbbət hissi
oyadır, digəri uşağı olmayan qadınlara uşaq verir, qorxu hissini rədd
edir, qızdırma xəstəliyini, öskürəyi, psixi xəstəlikləri «müalicə edir»
və s. Məsələn, Xaçmaz rayonun Vələmir kəndi yaxınlığında yerləşən
«Dəli pir» adlı ziyarətgahın, bura gələn psixi xəstələrə şəfa verdiyinə
inanırlar. Həmin rayonun Seydalı kəndinin yaxınlığında yerləşən
«Qızdırma piri»nə isə, keçmişdə qızdırma xəstəliyinin geniş yayıldığı
Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün
müraciət edərmişlər. Ümumiyyətlə, «qorxu piri», yaxud «qızdırma piri»
adı ilə məlum olan obyektlər respublikamızın Ağsu, Ağdaş, İsmayıllı,
Quba, Qusar, Şamaxı, Şəki və başqa rayonlarının ərazilərində də vardır. Bu
gün ölkədə ən çox ziyarət olunan ziyarətgahlar Əzizbəyov rayonunun
Şüvəlan qəsəbəsindəki «Mir Möhsün ağa» piri, yenə Əzizbəyov rayonu
Buzovna qəsəbəsindəki «Qədəmgah» piri, Astara rayonu ərazisindəki
«Seyid Əhməd» piri və «Seyid Camal» piri, Ağdaş rayonu ərazisindəki
«Veyis baba» piri və «Hacıbaba» piri, Babək rayonu ərazisindəki
«Asəfkəf» və «İmamzadə» pirləri, Ordubad rayonundakı «İbrahim əfəndi»
piri, Quba rayonundakı «Soltan xalaç» piri və «Ağbil baba» piri,
Lənkəran rayonundakı «Şeyx Zahid» piri, Lerik rayonundakı «Bobogil»
piri, Tovuz rayonundakı «Alı dədə» piri, Masallı rayonundakı
«Qızılağac» piri, yaxud «Seyid qəbri», Salyan rayonundakı «Xanəgə
məqbərəsi», Qaradağ rayonundakı «Sofi Həmid məqbərəsi», Şamaxı
şəhərindəki «Pirsaat» piri, Şəki rayonundakı «Babaratma» piri və
başqalarıdır. Uzun müddət Abşeronda əhali tərəfindən pir deyə
ziyarət olunan yerlərdən biri də Pirşağı qəsəbəsindədir. Maraqlı
burasıdır ki, pirşağılılar hələ indiyə kimi kəndlərinin adının həmin
pirin Pir Şahinin adından götürüldüyünü bilmirlər. Təxminən XVII əsrdə
yaşamış, və alim, təbib kimi tanınmış bu şəxsin qəbrinin üzərində
vaxtilə yaranmış Pir Şahin ziyarətgahı zaman keçdikcə itib getmiş, o
yerdə nə bina, nə də məzar daşı qalmamışdır. Misallardan da
göründüyü kimi, pir və ziyarətgahlar heç bir islami mahiyyət kəsb
etmir. Bu ziyarətgahları tarixi mənşəyi baxımından 3 əsas qrupa bölmək
olar: 1. İslamdan əvvəl yaşamış ayrı-ayrı fərdlərlə bağlı yaranmış
ziyarətgahlar. Buna misal olaraq Bakıdan Qubaya gedən yolun üzərindəki
Beşbarmaq dağındakı «Xıdır zində» pirini göstərmək olar. Tarixi
İslamdan çox-çox əvvəllərə gedib çıxan bu pir barəsində gəzən
rəvayətlərə inansaq, Musa peyğəmbərin öz yol yoldaşı Xızr ilə
söhbətində bu dağın adı çəkilmiş, bu görüş yeri ziyarətgah olmuşdur.
Bundan başqa Naxçıvanda yerləşən «Əshabi-Kəhf» ziyarətgahını da bu
qrupa aid etmək olar. İslamdan çox-çox əvvəl əməlisaleh gənclərin uzun
bir müddət qaldığı bu mağara indi əhali tərəfindən ən çox ziyarət
olunan yerlərdən biridir. Beyləqan rayonunda yerləşən «Cərcis
peyğəmbər» ziyarətgahı da məşhur ziyarətgahlardan biridir. İslamdan
əvvəl yaşadığı söylənən bu şəxsin həqiqətən də peyğəmbər
olub-olmadığını aydınlaşdırmaq özü xüsusi tədqiqat tələb edir. 2.
İslama aidiyyəti olmayan döyüşçü, ictimai xadim və ya tarixi
şəxsiyyətlərin qəbirləri üzərində yaradılmış ziyarətgahlar. Bu tip
yerlərə misal olaraq Astara rayonu Maşxan kəndinin qəbiristanlığındakı
«Seyid Əhməd» pirini göstərmək olar. Aparılan tədqiqatlar göstərmişdir
ki, ziyarətgaha çevrilmiş bu qəbir Sultan Əhməd adlı bir feodala məxsus
olmuşdur (Azərb. SSR EA Xəbərləri. Bakı, 1962, №2, s. 19). Qəbir
daşındakı bəzəklər mərhumun gənc yaşlarında vəfat etdiyinə işarədir.
Qəbir daşının üzərində ərəb-fars dillərində yazılmış kitabələrin
tərcüməsi belədir: «Bu qəbir Sultan Əhməd ibn Kərimindir. Səkkiz yüz
yetmiş altıncı ildə (vəfat etmişdir)» (Azərbayjanda pirlər, Məşədixanım
Nemət. Bakı, 1992, səh. 40). Hicri 876-cı il 1471-1472-ci miladi ilinə
müvafiqdir. Farsca yazılmış kitabə isə mənzumdur və Soltan Əhmədin
zadəgan nəslindən olduğunu, gənc yaşlarında vəfat etdiyini bildirir.
Bütün bu yazılar bu gün də həmin yerə baş çəkənlərə Quran ayəsi kimi
təqdim olunur. Bundan başqa, Səfəvilər sülaləsinin nümayəndələrinin
qəbirlərini – Qusar rayonun Həzrə kəndindəki Həzrəti Şeyx Cüneyd
pirini, Lənkəranın Şıxakəran kəndindəki Şeyx Zahid türbəsini, o
cümlədən, Bakı-Şamaxı yolunun yüz kilometrliyindəki Şəhid türk
zabitinin məzarı ziyarətgahını misal göstərmək olar. 3. Tanınmış və
ya tanınmamış müsəlman əməlisaleh bəndələrlə bağlı yaranmış
ziyarətgahlar. Bu cür ziyarətgahlara Azərbaycan ərazisində çox rast
gəlinir. Buzovna qəsəbəsindəki «Qədəmgah» ziyarətgahı, «Bibiheybət»
piri, Nardaran piri, Mir Möhsün ağa yeri bu tip yerlərə misaldır. Gördüyümüz
kimi, əhali tərəfindən çox sıx şəkildə ziyarət olunun pir və
ziyarətgahların böyük bir qisminin İslam dini ilə ümumiyyətlə əlaqəsi
yoxdur. Bunlar sadəcə tarixən Azərbaycanda yaşayan insanların inancı
ilə bağlıdır və onları İslamın fundamental ehkamları ilə bağlamağın
əsası yoxdur. Lakin «müqəddəs» adlanan yerlərin elmi xarakteristikasını
vermək, həqiqi tarixini açıb göstərmək yolu ilə bunların mahiyyətini
şərh etməyin böyük əhəmiyyəti vardır. Lakin ölkədə bu cür yerləri
tədqiq edib onların həqiqi tarixini açıb göstərən və beləliklə də dini
mahiyyətini izah edən yazılar və mühazirəçilər azdır.
Aqil HACIYEV Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi
|