ƏQİDƏ – Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq
deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq,
istər batil olsun əqidədir. İstilahı mənası – Əqidə insanın heç
bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir.
Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz.
İslam əqidəsi deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa
düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi İslam budur.
Peyğəmbər – səllallahu aleyhi və səlləm -, Səhabə, Tabiin və onlara
gözəl bir şəkildə tabe olanların yoludur. SƏLƏF – keçən, keçib
gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «…Və onları sonradan gələnlər
üçün sələf ( keçmiş) və ibrət dərsi etdik». ( əz-Zuxruf 56).
Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarımız sizin
sələfinizdir. Buna görə də ilk müsəlmanlara Sələfi Salehin adı
verilmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm- Səhabələri və
gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər.
Peyğəmbər- səllallahu aleyhi və səlləm- in səhabələrinin və onlara
gözəl bir şəkildə uyanların dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs
də sələfi yolu üzərindədir. İmanlarındakı sədaqətləri və
ibadətlərindəki ixlasları ilə onlar ən layiq insanlardır ki, Allah
İnsan mesajını bütün yer üzünə təbliği üçün onları seçmişdir. Sələfi
Salihə uyan və onların metodunu ( Quran və Sünnəni) təqib edən digər
müsəlmanlar da sələfə nisbət olaraq sələfi deyilir. Quran və Sünnə ilə
yaşayan hər bir kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan
etibarı ilə onun ilə onlar arasında üzün bir müddət olsun. Onlara
müxalif olan isə onlar arasında yaşamış olsa da belə onlardan deyildir.
«Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib
möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi ( özünün yönəldiyi)
yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir».
(ən-Nisa 115). Sələfi Salihin əvvəli Peyğəmbər – səllallahu
aleyhi və səlləm- dir. «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə
olanlar ( möminlər) kafirlərə qarşı sərt, bir-birinə ( öz aralarında)
isə mərhəmətlidirlər». ( əl-Fəth 29). Allah, ona itaət ilə
Rəsuluna itaəti bir yerdə qeyd edərək buyurur: «Allaha və Peyğəmbərə
itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (
peyğəmbərlər) siddiqlər ( təmamilə doğru danışanlar, etiqadı dürüst,
peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (
yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl
yoldaşlardır!». (ən-Nisa 69). Allah Rəsuluna itaəti ona itaət
olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə itaət edən şəxs, şübhəsiz
ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, biz ki, səni onların
üzərində gözətçi olmağa göndərməmişik». (ən-Nisa 80). Allah,
Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək
buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Rəsuluna itaət edin və
əməllərinizi boşa çıxartmayın». (Məhəmməd 33). Allah bizlərə
Rəsulunun əmrlərinə müxalif olmamağımızı qadağan edərək buyurur: «Hər
kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa,
Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab
gözləyir». (ən-Nisa 14). Allah bizlərə Peyğəmbərinin bizə əmr
etdiklərini yerinə yetirməyimizi və qadağan etdiklərindən çəkinməyimizi
əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi
qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın
cəzası çox şiddətlidir». (əl-Həşr 7). Allah bizlərə Peyğəmbər –
səllallahu aleyhi və səlləm – i həyatımızın bütün xüsuslarında hakim
təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin Allahına and
olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin
etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə
tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).
Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De ki:
«Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin
və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali
İmran 31). Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq
daha doğru, nəticə etibarı ilə daha xeyirlidir. Peyğəmbər – səllallahu
aleyhi və səlləm- buyurur: « İnsanların ən xeyirliləri mənim
əsrimdəkilərdir. Sonra onların ardınca gələnlər, sonra yenə onların
ardınca gələnlər». Peyğəmbər – səllallahu aeyhi və səlləm- dən
sonra sələfin ən xeyirlisi sidq və ixlas üzrə dini Rəsulullah –
səllallahu aleyhi və səlləm- dən öyrənən Səhabəi-Kiramdır. «Möminlər
arasında elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar.
Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını)
gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23).
«(İslamı) ilk əvvəl qəbul edib ( başqalarını bu işdə) qabaqlayan
mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca
gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar.
Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər
hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu – səllallahu
aleyhi və səlləm- ə və onların sevgisinə bağlayır. Çünki sələfi
etiqadının qaynağı havadan və insan ağlının qüsurlarından uzaq olaraq,
Allah və Rəsulu – səllallahu aleyhi və səlləm- in buyurduqlarına
dayanır. Bu əqidə olduqca gözəl, başa düşülən və aydın bir əqidədir.
Sələf etiqadını mənimsəyən kimsə şəkk-şübhələrdən və şeytanın
vəsvəsələrindən uzaqdır. Çünki bu əqidəyə inanan hər bir insan bu
ümmətin Peyğəmbərinin, Səhabəi-Kiramın göstərdiyi yol üzərində yürüyür.
SÜNNƏ – lüğətdə – SƏNNƏL ƏMRA – bir işi açıqladı deməkdir. Sünnə izlənilən yol və həyat tərzidir.
İstilahı mənası - Rəsulullah – səllallahu aleyhi və səlləm- in və
səhabələrin elm, etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan
olunmayan) xüsuslarda izlədikləri yol deməkdir. Sünnənin ziddi
bidətdir. CƏMAAT – bir şeyin parçalarını bir-birinə
yaxınlaşdırdım, cəm etdim demək olan əl-Cəm-dən alınmışdır. Mən onu cəm
etdim və s. Cəmaat ictimadan törənmişdir. Ayrılıb dağılmağın və
ayrılmağın ziddidir. Cəmaat çoxlu sayda insan və eyni məqsəd ətrafında
birləşən insanlar topluluğu deməkdir. Cəmaata bu adın verilməsinin
səbəbi cəmaatın ictima kəlməsi ilə eyni mənaya malik olmasıdır. Ziddi
təfriqədir. Cəmaat kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı
olsa da, qeyd etdiyimiz mənaya gəlir. İstilahi mənası –
müsəlmanların cəmaatı olub, bunlar da səhabələr, tabiin və Qiyamət
gününə qədər onlara gözəl bir şəkildə uyan, Kitab və Sünnə ətrafında
toplanmış, Rəsulullah- səllallahu aleyhi və səlləm- in həm zahirən və
həm də batinən getdiyi bu yolu izləyən bu ümmətin sələfi deməkdir.
Allah mömin qullarına cəmaat olmaqlarını, bir-biri ilə qaynayıb
yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı və
bir-birlərini didmələrini qadağan etmişdi. «Hamımız bir yerdə Allahın
ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi
neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi
birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz
oddan ibarət olan bir uçurumun kənarında ikən o sizi oradan xilas etdi.
Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq
yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər
gəldikdən sonra, bir-birndən ayrılan və ixtilaf törədən şəxslər kimi
olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105). Ömər
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və
səlləm- buyurdu: « Cəmaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki
şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim Cənnətin
geniş yerini istiyirsə həmən cəmaata möhkəm sarılsın». Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin, ayrılığın qarşısındadır.
İbn Abbas – radıyallahu anhu – Allah – sübhanəhu və təala – nin: «Bəzi
üzlər ağ, bəzi üzlərin isə qara olacağı gündə…» (Ali İmran 106) ayəsini
təfsir edərkən demişdi: «Əhli Sünnə vəl Cəmaatın üzləri ağaracaq, bidət
və təfriqə əhlinin üzləri isə qaralacaq». İslam ümmətini ilk
nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab, Sünnət,
sələf imamlarının sözləridir. Ümmətin ilk nəslinin qəlbləri bu əqidə
ilə dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəsiyə, Əhli Hədis, Əhli
Sünnə vəl Cəmaat, Dörd İmam və alimlərin bu günə qədər və Qiyamətə
qədər onların yolunu təqib edənlərin əqidəsidir. Sonradan gəlib onların
sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. «Bu şübhəsiz ki,
mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq
yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis
əməllərdən çəkinəsiz». (əl-Ənam 153).
|